Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə velosiped zolaqları salınır. Qeyd edək ki, Bakı şəhərinin mərkəzi hissələrində 13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.
Maraqlıdır, velosiped zolaqlarının salınması ondan istifadəni kütləviləşdirəcəkmi? Tıxacların qarşısını bu yolla almaq mümkündürmü?
MÖVZU İLƏ BAĞLI:
Bakının bu prospektində avtobus və velosiped zolaqları təşkil ediləcək – FOTO
Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, velosiped zolaqlarının çəkilməsi tıxacla mübarizənin fundamental həll yolu deyil:
“Sadəcə müasir dünyada yanaşmalar dəyişib. Yeni yanaşma belədir ki, yol hamı üçün bərabər bölünməlidir. Dünya təcrübəsində yol bölünməsi zamanı birinci piyadalar, ikinci ictimai nəqliyyat, üçüncü mobillik vasitələri (yəni velosiped, skuter, moped və s.), ən sonda isə avtomobillər gəlir”.
Ekspert qeyd edib ki, artıq velosiped bizim də həyatımıza daxil olur və kütləviləşir:
“Buna görə də onlar üçün zolaqların yaranmasına ehtiyac yaranır. İndi bizim yollarımız buna nə dərəcədə imkan verir və ya vermir, bu, ayrı mövzudur. Təbii ki, yol infrastrukturumuz o qədər bərbad vəziyyətdədir ki, zolaqları avtobus və velosipedlərlə paylayanda aləm bir-birinə dəyir. Lakin istənilən halda, kütləvilik yoxdur deyə, zolaqları yaratmasaq da olmaz. Yəni velosiped zolağını yaratmalıydıq ki, kütləvilik baş versin.
Zolaqlar salınandan bu yana velosiped sürənlərin sayı da artıb. Tıxaclarla mübarizədə ən effektiv yol isə insanları ictimai nəqliyyata təşviq etməkdir”.
Nuranə Daxilqızı, Bizim.Media