Biləcəridən o tərəfə keçə bilməyən ELMİMİZ – ARAŞDIRMA

Hazırda oxunan: Biləcəridən o tərəfə keçə bilməyən ELMİMİZ – ARAŞDIRMA

184394

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının ildönümüdür. AMEA 1945-ci il mart ayının 27-də təsis edilib. Lakin bir zamanlar elmi kəşfləri və ixtiraları ilə dünyaya səs salan Azərbaycan alimləri bu gün susqunluq dövrünü yaşayırlar. 

Elmimizin səsi necə deyərlər: 

“Biləcəridən o yana keçmir”.

Ali Attestasiya Komissiyasının məlumatına görə ölkəmizdə 103 elmi tədqiqat institutu və elmi mərkəz var. Bu qurumların yarısı Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Qalanlarsa AMEA-nın, ayrı-ayrı nazirliklərin və dövlət qurumlarının nəzdindədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Təhsildə YENİLİK: Ekspert Bankı formalaşdırılır


Bu qədər elmi tədqiqat və elm mərkəzlərinin nəylə məşğul olduqları isə sual altındadır. Baxmayaraq ki, bu sahəyə hər il dövlət büdcəsindən kifayət qədər böyük həcmdə vəsait ayrılır. Məsələn, 2022-ci ildə Dövlət Büdcəsindən elmə 167 milyon 788 min, 2023-cü ildə 225 milyon 303 min, 2024-cü ildə isə 228 milyon 776 min manat vəsait ayrılıb.

Tək bir faktı deyək ki, elmə ayrılan vəsait ali təhsilə ayrılan puldan qat-qat çoxdur. Məsələn, 2023-cü  ildə ali təhsilə 70 milyon 606 min, 2024-cü ildə  isə 134 milyon 806 min manat vəsait ayrılıb. Göründüyü kimi, elm sahəsinə ali təhsil sistemindən ən azı iki dəfə artıq vəsait xərclənir. 

Lakin bu qədər vəsait müqabilində hansısa institutun və mərkəzin hər hansı bir uğuruna rast gəlinmir. 

Bir çox institutların veb-səhifələrində axtarış apardıq. 

Məlum oldu ki, 2023-cü institutlarımız qlobal xarakterli heç bir uğura imza atmayıblar. Ən yaxşı halda yerli əhəmiyyəti tədqiqatla məşğul olublar. Onların tədqiqatlarının nəticələrinin tətbiqi barədə də heç bir məlumatla rastlaşmadıq. Bu da o deməkdir ki, elmi-tədqiqat institutları ancaq özfəaliyyətlə məşğul olublar. Ən yaxşı halda hansısa xırda tədqiqat işi aparıblar. Amma dünya və Azərbaycan elminə böyük ölçüdə töhfə verəcək heç bir kəşf və yaxud ixtira yoxdur. 

Məsələn, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda 2023-cü ildə 41 elmi-tədqiqat işləri üzrə 41 elmi nəticə alınsa da, onlardan yalnıız 11 nəticə Elmi Şura tərəfindən təsdiq edilib.

Təsdiq edilən tədqiqat işlərindən birinin mövzusuna diqqət etdik:

“Süni intellekt üsullarının tanıma, diaqnostika, proqnoz və qərar qəbuletmə məsələlərinin öyrənilməsində tətbiqi”.

Alınmış elmi nəticə haqqında qısa məlumatsa belədir:

“Süni intellekt texnologiyalarının tətbiqi ilə dərin neyron şəbəkələri əsasında az resurslu dillər modeli işlənilərək azərbaycandilli virtual asisstent yaradılmış və tətbiqə başlanılmışdır”.

Nəzərə alaq ki, süni intelekt texnologiyalarının tətbiqi barədə “Google”da “N” qədər məlumat var. İstənilən şəxs internet üzərindən bu sahənin tətbiqinə dair istədiyi qədər məlumat əldə edə bilər. Ona görə bunu elmi nailiyyət adlandırmaq qeyri-ciddilik olardı. 

Təəssüf ki, bu gün Azərbaycanın elmi sahəsində plagiatlıq baş alıb gedir. 

Elmi araşdırma kimi seçilən istənilən mövzunun dünyada anoloji araşdırması və elmi nəticəsi var. Bizim alimlərimiz də çətinlik çəkmədən istənilən mövzunun əcnəbi dildəki variantını tapır, Azərbaycan dilinə tərcümə edirlər. Əvvəlini, sonunu dəyişdirirlər, adını da qoyurlar elmi iş. 

Belə halda onlara irad da bildirmək mümkün deyil. Çünki həmin alim iddia edə bilər ki, bu məsələ Azərbaycanda tədqiq olunmayıb. Halbuki, anoloji məsələ ixtira, kəşf və elmi naliyyət deyil. Bu sadəcə elmi nailiyyətin təşviqdir. 

Araşdırmalarımızdan o da məlum oldu ki, institutların əksər uğurları birbaşa direktorlarının adıyla bağladır. Məsələn, İdarəetmə Sistemləri İnstitutunun 11 nailliyyətindən 3-ü direktor Əli Abbasovun adıyla bağlıdır.

Hələ bu harasıdır… 

Elmi-tədqiqat institutları ancaq cari tədbirlər keçirməklə işlərini bitmiş hesab edirlər. Bəzi institutlarsa heç tədbir də keçirmir. Aylıq maaşlarını alıb, günlərini keçirirlər. Məsələn, Abdulla Qarayev adına Fiziologiya İnstitutunun veb-səhifəsində nə qədər axtarış aparsaq da, heç bir elmi nailiyyətə rast gəlmədik. Yalnız 2 fakt əldə etdik. Birincisi o oldu ki, İnstitut sonuncu dəfə 2017-ci il oktyabrın 10-11-də elmi toplantı keçirib. Bu da İnstitutun yaradılmasının 50-illiyinə həsr olunan Azərbaycan Fizioloqların V Qurultayıdır. Vəssəlam.

Bu elm mərkəzləri o qədər durğunluq keçirirlər ki, hətta ən xırda işlərə belə əl atmırlar. 

Kimin nəzdində fəaliyyət göstərdiyini bilməyən institutlar

Məlum olduğu kimi, dövlət başçısının 28 iyul 2022-ci il tarixli fərmanı ilə AMEA-nın strukturu yenidən təşkil edildi. 

Akademiyanın tabeçiliyindəki təşkilatların çoxu yeni formalaşan Elm və Təhsil Nazirliyinin nəzdinə verildi. Sözügedən fərmanın imzalanmasından 2 ilə yaxın vaxt keçsə də, AMEA hələ də yeniliklərə ayaq uydura bilməyib.

Bunu ən azından Akademiyanın veb-səhifəsinə baxanda görürük. Məsələn, AMEA-nın veb-səhifəsindəki struktur bölməsinə baxanda maraqlı mənzərə ilə rastlaşırıq. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən təşkilatlar hələ də AMEA-nın strukturu kimi görünür. 

İlk baxışdan xırda görünən bu məsələ əslində AMEA rəhbərliyinin işə münasibətinin göstəricisidir. Qəribədir ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən bəzi institutlar da eyni cür davranır. Özlərinin əsas siması olan veb-səhifələrində yenə də AMEA-nın strukturu kimi qalırlar. Bununsa heç bir izahı yoxdur. 

Ona görə də institutların veb-səhifələri onların gündəlik fəaliyyətləri kimi qeyri-müəyyəndir.

Bu gün elmi-tədqiqat institutları öz missiyasından çox uzaq düşüb. 

Məsələn, Azərbaycanın ən ciddi elm ocaqlarından biri ETN-nin Fizika İnstitutudur. Bu institutun vəzifəsi kondensə olunmuş hal fizikası, optoelektronika, nüvə fizikası və yüksək enerjilər fizikası sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsidir. 

Amma İnstitutun veb-səhifəsinə baxarkən bu missiya ilə bağlı heç bir uğura rast gəlmədik. Yalnız ötən ilin avqustunda Çinin paytaxtı Pekində keçirilən “Bəşəriyyət üçün elmin inkişafı” tədbiri çərçivəsində ilk dəfə baş tutan “Fundamental Elmlər Beynəlxalq Konqres”ində İnstitutun 3 əməkdaşı bir sıra ölkələrin alimləri ilə həmmüəllif olduqları, “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator” adlı məqaləsi beynəlxalq mükafata layiq görülüb. Vəssəlam...

İnstitutun veb-səhifəsini direktorun görüşləri və təqvimdəki əlamətdar günlərlə bağlı tədbirlər bəzəyir. Veb-səhifənin son bir illik yaddaşına baxanda hansısa ixtiraya və elmi nailiyyətə də rast gəlmədik.

Genetik Ehtiyatlar İnstitutu 2 ildir ETN-nin tabeliyinə verilib. 

Amma İnstitut veb-səhifəsində AMEA-yə tabeli qurumu kimi göstərilir. İnstitutun ən son tədqiqat işi 2022-ci ildə pambıq sortları ilə bağlı olub. Son 2 ildə isə İnstitut heç bir elm və tədqiqat işi ilə məşğul olmayıb. Bunu veb-sayta yüklənən məlumatlar deyir.

Davamlı inkişaf elmi əsaslara söykənir

Elmi əsası olmayan iqtisadiyyat süquta məhkumdur. Çox təəssüf ki, bizdə elmlə iqtisadiyyatı bir arada tutan heç bir ciddi fakta rast gəlmirik. Əslində bu gün elm iqtisadiyyatın arxasınca sürünür. Günün çağırışlarına cavab verməyən elmi-tədqiqat qurumları bir növ “arabanın beşinci təkəri”ni xatırladır.

Nəzərə alaq ki, AMEA və elmi-tədqiqat institutları SSRİ dövründən qalma bir qurumdur. Planlı iqtisadiyyatın mövcud olduğu sovetlər dönəmində AMEA aktiv işləyirdi. O zaman bu elmi qurumlar çox səmərəli fəaliyyət göstərirdi. Hətta büdcə vəsaitlərinin ayrılmasında və xərclənməsində elmi institutlar əsas söz sahibi idi. Lakin bazar münasibətlərinə keçəndən sonra elmi institutlar iqtisadi-siyasi və sosial-mədəni həyatımızda öz vacib rollarını itirdilər. 

Elmi-tədqiqat institutları “Qocalar evi”ni xatırladır

Təəssüflə deməliyik ki, hazırda ayaqda qalan elmi-tədqiqat mərkəzlərindəki işçilərin böyük əksəriyyətinin yaşı 60-dan yuxarıdır. Bunun bir səbəbi də bu sahələrə gənclərin az maraq göstərməsidir. Çünki elmi-tədqiqat institutlarındakı əməkdaşları nə normal əmək haqqı, nə də ki, uğurlu perspektiv gözləyir. Ona görə də gənclər bu sahədən qaçırlar. Bunun nəticəsidir ki, institutlar bir növ “Qocalar evi”ni xatırladır.  

Üstəlik, əksər elmi-tədqiqat institutlarına qədəm qoyanda ilk eşidilən domino və nərd səsi olur. Bax, bu səslər də elmi-tədqiqat institutlarının bugünkü mahiyyətinin əyani göstəricisidir.

Bir çox hallarda hansısa qurumların rəhbərləri xoşu gəlməyən və yola getmədiyi əməkdaşı elmi-tədqiqat instituna göndərməklə bir növ onu cəzalandırır. Bu mənada institutlar bəzən “cərimə batalyonları”nı da xatırladır. 

Nəticə isə göz qabağındadır: Elmi-tədqiqat institularımızda elmdən və tədqiqatdan əsər əlamət qalmayıb.

Ardı var...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO