Milli Qəhrəmanın Ağdamda olan məzarı üstündə xatirə abidəsi inşa ediləcək - FOTO

Hazırda oxunan: Milli Qəhrəmanın Ağdamda olan məzarı üstündə xatirə abidəsi inşa ediləcək - FOTO

144209

İki məzarı olan əfsanəvi tabor komandirinin Ağdamda olan məzarı üstündə xatirə abidəsi inşa ediləcək. 

Bizim.Media xatırladır ki, Azərbaycanının Milli Qəhrəmanı, Şəhid Yelmar Edilov 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub.

O, həlak olduğu günə qədər rəhbərlik etdiyi tabor düşmənin Ağdam istiqamətində həyata keçirdiyi hücum cəhdlərinin qarşısı alaraq düşməni ağır itkilər verdirməklə geri oturmağa vadar edib.

Onun döyüş yoldaşlarının sözlərinə görə, komandir Edilov düşmən mərmisinin partlaması nəticəsində həlak olub. Ağır müdafiə döyüşləri getdiyi üçün komandirin parçalanmış əzaları toplanaraq dəfn edilməsi üçün Bakı şəhərində yerləşən ikinci Fəxri xiyabana yola salınıb.

Lakin döyüşdən sonra bir neçə əzasının qalıqları tapılıb və elə onun şəhid olduğu yerdəcə dəfn edilib. 

Taborun son müdafiə xəttini düşmən yara bilmir. Məqsədi Ağdam-Hindarx-Ağcabədi yolunu bağlamaq olan işğalçı ordunun qarşısı məhz elə bu nöqtədə kəsilib. Atəşkəs razılaşmasından sonra məzar yerləşən ərazi uzun müddət qoşunların təmas xəttinə yaxın ərazidə qalır.

Məhz elə buna görə də, buranı tez-tez ziyarət etmək mümkün olmayıb. Həmin dövrlər qəhrəmanın məzarı önünə lövhə vurulub, burada xidmət edən əsgərlər tərəfindən qorunub saxlanıb. 

44 günlük Vətən müharibəsindən sonra ərazini ziyarətə gələnlər məzar üstü xatirə abidəsinin inşa edilməsi fikrinə gəlib. Qarabağ müharibəsi qazisi Elməddin Sərdar Bizim.Media-nın yerli bürosuna bildirib ki, məzar üstü abidənin inşa edilməsi üçün yaxın günlərdə işlərə başlanacaq.

Xatırladaq ki,  Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. 1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi.
Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı.

Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO