“SEPAH sona qədər hakimiyyətin arxasında dayana bilməz” - Sədrəddin Soltanla MÜSAHİBƏ

“SEPAH sona qədər hakimiyyətin arxasında dayana bilməz” - Sədrəddin Soltanla MÜSAHİBƏ

Hazırda oxunan: “SEPAH sona qədər hakimiyyətin arxasında dayana bilməz” - Sədrəddin Soltanla MÜSAHİBƏ

95819

İran İslam Respublikasında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozması səbəbilə polislər tərəfindən öldürülməsi bütün ölkə boyu etiraz aksiyalarının başlaması ilə nəticələnib.

Baş verənlərlə bağlı Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Bizim.Media ilə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Sizcə, İranda etiraz aksiyalarının bu qədər geniş miqyasda yayılması sırf sosial səbəblərləmi bağlıdır, yoxsa burada siyasi faktorların da rolu var?

- İstənilən etiraz aksiyasının siyasi tərəfləri var. Dövlətlər siyasətlə idarə olunduğu üçün hər məsələdə siyasət var. O cümlədən İranda baş verən askiyalar da siyasətdən kənar deyil. Çünki bu aksiyalar İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydasına etirazdır. Hicab qaydası isə İran hakimiyyətinin siyasi-ideoloji xəttidir.
 

MÖVZU İLƏ BAĞLI:

İran prezidenti Azərbaycana niyə gəlib? – Son səfərin PƏRDƏARXASI


Etirazlar da bu ideologiyanın təməl prinsiplərindən birinə qarşıdır. Cəmiyyət 43 ildir tətbiq olunan bu qaydaları qəbul etmir, bunu fərdi və ailə azadlığına qarşı sayır.

Bu etirazlar yeni deyil. Sadəcə son 10 gün ərzində keçirilən aksiyalar 22 yaşlı gənc xanımın qətli ilə bağlıdır və cəmiyyət günahsız qadının ölümünə etiraz edir. Bir neçə il öncəyə qədər, İranda hicab qaydaları daha yumşaq idi və hakimiyyət buna indiki formada müdaxilə etmirdi.

Sadəcə, onları polis idarələrinə dəvət edib, profilaktik söhbətlər etdikdən sonra sərbəst buraxırdılar. Lakin bu il hicaba qarşı xanımların etiraz videoları paylaşılmağa başladı. Onlar yaylıqları olduqca sərbəst qaydada taxırdılar.

Məsələn, belə bir paylaşım edənlərdən biri, Güney Azərbaycandan olan Məleykə Qaragözlüyə 4 il 4 ay həbs cəzası verildi.

Yəni, bu, ümumiran problemidir. Ona görə də, ölkənin bütün şəhər və təbəqələrini əhatə edir. Yəni, aksiya birbaşa siyasi məzmunlu deyil. Lakin İran hakimiyyəti etirazlara laqeyd yanaşır, aksiyaçılara şər-böhtan yaxır, onları xarici ölkələrlə əlaqələndirilir. Hakimiyyət İran vətəndaşlarını alçaldır ki, guya onlar bu məsələləri özləri düşünə bilməz, azadlıqları uğrunda mübarizə apara bilməzlər,  etirazçıları yalnız başqa ölkələr idarə edir.

Hakimiyyət bu aksiyanı qarşılamaq, gənc qadını qətlə yetirənləri cəzalandırmaq yerinə, daha da qıcıq yaradır. Belə ki, iki gün öncə Tehranda etiraz aksiyalarını pisləyən nümayişlər keçirildi. Bu, hakimiyyətin etirazların dərinləşməsinə getdiyini göstərir. Eyni zamanda bəzən dinc aksiyalara ləkə yaxmaq üçün guya silah istifadə olunması ilə bağlı da fikirlər ortaya atırlar.

- Sədrəddin bəy, qeyd etdiniz ki, son bir ildə İran hakimiyyəti hicab qaydalarına yanaşmanı daha da sərtləşdirib. Bu, İranda mühafizəkar İbrahim Rəisinin hakimiyyətə gəlməsi ilə bağlıdır?

- Xeyr. Çünki 1994-cü ildə Ayətullah Əli Xamenei qadınların rəngli şallar bağlamasına icazə verən sərəncam imzalamışdı. Onda islahatçı prezident yox, Rəfsəncani hakimiyyətdə idi. İndi Həsən Ruhani və ya Rəisinin hakimiyyətdə olmasının elə bir fərqi yoxdur. Hicab İran hakimiyyətinin siyasi-ideoloji baxımdan təməl prinsiplərindən biridir. Hicab olmasa İranda hakimiyyət ola bilməz. Lakin keçirilən hicab aksiyalarından hakimiyyətdaxili qüvvələr bir-birinə qarşı istifadə edə bilər ki, bu ayrı məsələdir.

- Artıq aksiyaların 10-cu günündəyik. Etirazların başlamasından bir neçə gün əvvəl Xameneinin səhhətinin ağırlaşması ilə bağlı xəbərlər yayıldı. Sizcə, aksiyaların bu qədər geniş yayılmasında Ali rəhbərin durumunun da rolu varmı?

- Xamenei bu yaxınlarda görüş keçirdi. Doğrudur, deyilənə görə o zəifləyib. Lakin, təbii ki, bu məsələnin rolu istisna olunmur. Çünki istənilən etiraz aksiyalarında hadisələrin bir-birinə təsir imkanları böyükdür. Lakin İrandakı mövcud hakimiyyət təkcə Xameneinin üzərində qurulmayıb və onun xəstəliyi bir neçə ildir ki, davam edir. İrandakı hakimiyyətin bu qədər başı işləmir ki, Xameneinin ölüm variantına hazır olmasın? Xeyr, bunların hamısı hesablanıb. Artıq bir neçə ildir ki, Xameneinin varis planı ilə bağlı da fikirlər dolaşır. Bu plan isə oğlu Müctəba Xameneinin hakimiyyətə gəlməsidir. Bunla bağlı ciddi təbliğatlar da gedir.

Ola bilər ki, Müctəbadan başqa variantlar da var. Məsələn, Rəisinin Ali rəhbərliyə namizədliyi mümkündür. Çünki Rəisi hal-hazırda ölkədə ikinci şəxsdir. Lakin Müctəba ehtimalı ona görə yüksək qiymətləndirilir ki, SEPAH və digər güc strukturları daha çox Xameneinin xəttinin tərəfdarıdır. Müctəba da atasının oğlu olduğu üçün, onun dəstəklənməsi ehtimalı daha böyükdür. Amma istənilən halda fərqli hadisələrin baş verməsi də mümkündür.

- Sizcə, bütün bu etirazlar nə ilə yekunlaşacaq? Ən azı hicab qaydalarında yumşalmalara gedilməsi gözlənilirmi?

- Hələ ki hakimiyyətin xəttində yumşalma hiss olunmur. Tehrandakı əks-etiraz aksiyası da sübut edir ki, hakimiyyət hicab əlehdarlarına güzəştə və danışıqlara getməyə hazırlaşmır. İran hakimiyyəti hesab edir ki, əgər cəmiyyətə güzəştə gedilsə, onlar daha böyük tələblər irəli sürərlər və bu rejimin süqutu ola bilər.

Son 43 ildə İranda o qədər çoxsaylı problem yaranıb ki, hakimiyyət nə islahatlar apara bilmir, nə də etirazlara qarşı uzun müddət mübarizə aparmaq mümkün deyil.

Eyni zamanda, güc strukturları sona qədər hakimiyyətin arxasında dayana bilməz, çünki onlar da cəmiyyətin içərisindən çıxıb. Cəmiyyətdə nəyin baş verdiyini isə generallar da yaxşı bilir.
Hesab edirəm ki, əgər hazırki etirazlar yatırılsa belə, yaxın dövrdə başqa aksiyalar yenidən başlayacaq. Məsələn, ola bilər ki, Məhsə Əmininin 40-ı, ya da ad günündə aksiyalar keçirilsin.

Yaxud etirazlarda, ümumilikdə, 50 nəfər həyatını itirib ki, onların anım günlərində də aksiyalar keçirilə bilər. Çünki İranda belə bir ənənə var. Əgər ənənə indi də davam etsə, bu o deməkdir ki, etiraz aksiyaları səngiməyəcək. Bir sözlə, hazırki aksiyalar yatırılsa belə, gələcək dövrdə növbəti etiraz dalğası istisna olunmur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO