“Aydındır ki, Prezident Əliyev Ermənistanın 2020-ci ilin noyabrında Baş nazir Paşinyan və Prezident Putin də iştirakı ilə birlikdə imzalanmış bəyanatın bəzi əsas müddəalarının yerinə yetirilməməsindən məmnun deyil”.
Bu fikirləri Bizim.Media-nın suallarını cavablandırarkən, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza deyib.
Ekspert hesab edir ki, sülh müqaviləsinin və 10 noyabr bəyanatının tam yerinə yetirilməməsinə səbəb həm də Ermənistandakı revanşistlərlə bağlıdır:
MÖVZU İLƏ BAĞLI:
“Şuşanın dağlıq relyefini görəndə, Azərbaycan əsgərinin şücaətini anladım” - Metyu Brayza
“Hesab edirəm ki, bu ilk növbədə Ermənistanda etiraz aksiyaları ilə müşahidə olunan siyasi gərginliklə əlaqədardır. Məhz bu, bir də ki, Yerevandakı etiraz aksiyaları və daxili siyasi gərginlik Baş nazir Paşinyanın 10 noyabr bəyanatına əməl etməməsinin səbəbidir. Prezident Putin də bu sənədi imzaladığı üçün Rusiya da bəyanatın icrasının tərəfdarıdır. Çünki həm də Putinin nüfuzu da müzakirə mövzusudur. Bəyanatın müddəaların icra olunmaması onun nüfuzuna da təsir edir”, - deyə Brayza əlavə edib.
Sabiq səfir hesab edir ki, ərazidə rus sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının da yer alması olduqca böyük əhəmiyyətə malikdir:
“Rusiyanın Qarabağdakı sülhməramlı missiyanın mövcudluğuna gəlincə, bilirsiniz ki, bunun üçün 5 illik müddət nəzərdə tutulub. Onlar 2020-ci ilin noyabrında imzalanan bəyanata uyğun oradadırlar. Hələ heç 2 il tamam olmayıb. Missiyanın başa çatması üçün ilkin olaraq 5 illik müddət nəzərdə tutulub. Türkiyənin sülhməramlılarının da meydanda olması yaxşı haldır. Onlar Rusiya tərəfinin müəyyən etdiyi tələbə uyğun olaraq əvvəlcədən razılaşdırılmış şəxsi heyət sayı ilə gəliblər. Türkiyə sülhməramlıları NATO-nun üzvü olduğu üçün onların Rusiya qoşunlarının onları müşahidə etməsi çox müsbət haldır. Hesab edirəm ki, Rusiya sülhməramlıları bölgədə gərginliyin azaldılması istiqamətində mühüm addımlar atırlar. Lakin bununla belə Ermənistan Silahlı Qüvvələri 2020-ci il noyabr ayının 10-dan sonra da Azərbaycanın ərazilərini atəşə tutmaqda davam edir”.
Metyu Brayza hesab edir ki, 10 noyabr bəyanatının zəmanətçisi olan Rusiya Qarabağdakı sülhməramlılara xüsusi nəzarət etməli və sözügedən missiyaya məsuliyyətlə yanaşmalıdır:
“Rusiyanın hərbi bazalarının yaradılması təhlükəsinə gəlincə, siz bilirsiniz ki, artıq Gümridə belə bir hərbi baza mövcuddur. Lakin mən Azərbaycan-Ermənistan sərhədində yeni hərbi bazanın yaradılması barədə informasiyaya malik deyiləm.
Əgər Rusiya sülhməramlı Azərbaycanda və Ermənistan tərəfində varsa, bu o deməkdir ki, Azərbaycan-Ermənistan sərhədində süni gərginlik yaradılması cəhdi ola bilər. Ona görə də Rusiya bu sülhməramlı missiyaya məsuliyyətlə yanaşmalıdır”, - deyə analitik qeyd edib.
Tehran, Bizim.Media