“İran Cənubi Qafqazda siyasi proseslərdən kənarda qalmamaq üçün növbəti mərhələyə başlayıb. 44 günlük Qarabağ müharibəsində İranın rolu və münaqişənin həlli istiqamətində irəli sürdüyü təkliflər paketi nəzərə alınmadı və regionun geosiyasi nizamının formalaşması istiqamətində Tehranın birinci raund fəaliyyəti baş tutmadı”.
Bizim.Media xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə özünün “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə, noyabrda İran xarici işlər naziri Cavad Zərifin ölkəmizə səfəri gözlənilirdi. Amma Tehranın qovluğunda siyasi təkliflər, öz maraqlarını təmin etmək planı Ankara və Bakı tərəfindən isti qarşılanmadı:
“Ona görə də Cavad Zərifin müharibənin gedişində səfəri baş tutmadı. Təbii ki, regionda Türkiyənin aktiv fəaliyyəti Tehranı narahat edir və öz mövqeyini regionda aktivləşdirmək üçün yenidən fəaliyyətə keçir. Əsasən, Azərbaycanla əlaqələrə üstünlük verməklə Qarabağda yenidənqurma işlərində iştirak etmək, Araz çayı üzərində "Qız qalası" və "Xudafərin" hidroqovşaqların birgə istifadəsi, ikitərəfli siyasi-iqtisadi əməkdaşlığı inkişaf etdirməyi planlayır. Həmçinin regionda Türkiyənin aktiv hərbi iştirakını müzakirə etmək istəyir”.
Politoloq bildirib ki, rəsmi Tehran Cəbrayıl və Qubadlı istiqamətində Türkiyə qoşunlarının yaxın perspektivdə yerləşdirilməsini dəqiqləşdirməyə maraqlıdır:
“Tehran sərhədin Zəngilan istiqamətində, Aslandüz çölündə hərbi təlimlər keçirir və hərbi qüvvələrini bu ərazidə saxlayır. Bundan əlavə, Mehri dəhlizinin açılması Tehranı qayğılandırır və hesab edir ki, iqtisadi-siyasi mövqeyi zəifləyəcək. Tehran bu dəhlizin açılmaması üçün Yerevanla ciddi iş aparır. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi "Altılıq platformasının" qurulmasında maraqlı deyil. Çünki, burada tərəfdaşlıq Türkiyənin əlində olacaq”.
İranın Qarabağda tikinti işlərində maraqlı göründüyünü vurğulayan siyasi şərhçi bu istiqamətdə İran rəsmilərinin açıqlama verdiyini önə çəkib:
''Ərdəbil vilayətinin rəhbəri Tehranda Azərbaycanın səfiri ilə görüşərək bu istəyi dilə gətirdi. Qarabağ məsələsinin nizamlanmasında və digər proseslərdən kənar qalan cənub qonşumuz yenidənqurma layihələri ilə siyasi mövqeyini qorumaqla kənarda qalmamağa çalışır.
Rəsmi Bakı Qarabağda tikinti layihələrini Türkiyə, İtaliya, Pakistan və İsraillə birgə həyata keçirləcəyini vurğulayıb. İrana bu layihədə yer verməyib''.
''Çünki müharibənin gedişində Tehranin ilk gündən qeyri-səmimi davranışları Azərbaycanda məyusluq yaratmışdı. Hərbi əməliyyatlarda uğur qazandıqdan sonra, Tehrandan ən yüksək səviyyədə dəstək bəyanatları gəldi. Buna baxmayaraq, Ankara və Bakının Tehranın Cənubi Qafqazda bu kimi layihədə iştirakına işıq yandırmayacağı gözlənilir''.
Politoloq onu da əlavə edib ki, Cavad Zərifin ölkəmizə səfərində İran prezidenti Həsən Ruhaninin "işğal olunmuş ərazilərin azad edilməsi İran iqtisadiyyatının inkişafına təkan verəcək"- açıqlaması, bu səfərin gündəliyində yer tutacaq:
“İran bilir ki, bu layihələrdə yer almasa, Cənubi Qafqazda Türkiyəyə tam uduzacaq. Cavad Zərifin Azərbaycana səfəri post-müharibə dövründə İran Azərbaycan əməkdaşlığının yeni səhifəsinin açılmasına hesablanıb”.
Alçina Amilqızı, Bizim.Media