Çinə qarşı birləşən dünya – CƏNUBİ QAFQAZ yeni soyuq savaşın mərkəzi olacaqmı?

Çinə qarşı birləşən dünya – CƏNUBİ QAFQAZ yeni soyuq savaşın mərkəzi olacaqmı?

Hazırda oxunan: Çinə qarşı birləşən dünya – CƏNUBİ QAFQAZ yeni soyuq savaşın mərkəzi olacaqmı?

41866

Bir çox siyasi şərhçilər tərəfindən “21-ci əsrin Soyuq Müharibəsi” adlandırılan Çin-ABŞ rəqabətində gərginlik günbəgün artmaqdadır. Belə ki, tərəflər arasında dünyada iqtisadi liderlik uğrunda artan rəqabət artıq savaş təhdidləri ilə müşahidə olunan hala gəlib. Xüsusilə də, Cənubi Çin dənizində artan hərbi fəallıq yeni böyük müharibənin siqnallarının verilməsinə səbəb olub.

Tərəflərin ən çox narazılıqla qarşıladığı məsələlər isə, Çinin Tayvanın hava sahəsini vaxtaşırı olaraq pozması və ABŞ-ın regionda hərbi təsirini artırmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ və Avropa Birliyi Çinə qarşı yeni şura yaratdılar


Lakin problemi bütün dünyanın diqqət mərkəzinə gətirən ən önəmli açıqlama Çinin rəsmi media qurumu olan “Global Times”ın ABŞ-ı Üçüncü Dünya Müharibəsi ilə təhdid etməsi oldu.

Digər gərginliyi artıran nüans isə, Çin mənbələrində “Asiya NATO-su” adı ilə təqdim olunan ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın oktyabrın 13-də Benqal körfəzində “Malabar 2021” hərbi təlimlərinə start verməsidir.

Üçüncü Dünya Savaşının Tayvanda başlaması nə qədər realdır?

Bu suala cavablar isə, olduqca müxtəlifdir. Xüsusilə də, mənbələr bu mövzuda ölkələrə görə fərqlilik nümayiş etdirməkdədir. Belə ki, Çin və bir sıra Qərb mənbələri Tayvan məsələsində gərginliyin indiki templə davam etməsi durumunda, savaşın baş verə biləcəyi mövzusunda həmfikirdirlər. Lakin digər mənbələr və müəlliflər məsələnin bu qədər qabardılmasının əbəs yerə olduğunu düşünürlər. Ələxsus da, Çin iqtisadiyyatının böyük sürətlə inkişaf etdiyi bu dövrdə rəsmi Pekinin bu qədər geniş miqyaslı təhdidlərinin reallığa dönüşməsi inandırıcı görünmür.

Təsadüfi deyil ki, rusiyalı politoloq Dimitri Solonnikov rəsmi Pekinin yalnız Çin iqtisadiyyatının böhran vəziyyətinə düşəcəyi təqdirdə savaş yolunu seçəcəyini qeyd edib. Ekspertin fikrincə, hal-hazırda Çin və Tayvan arasında iqtisadi əməkdaşlığın və inteqrasiyanın sürəti yüksək tempdədir və inkişafın bu cür davam etməsi yaxın illərdə Tayvanın Çinə birləşməsinin sülh yolu ilə reallaşmasına səbəb olacaq.

Çinin Tayvanı öz yuridiksiyasına hərbi vasitələrlə daxil etməsi ehtimallarını azaldan digər önəmli nüans isə bu məsələdə rəsmi Pekinin tək başına olmasıdır.
 

Belə ki, ABŞ Tayvana qarşı hər hansı müdaxilə olacağı təqdirdə Çinə qarşı tək başına yox, adanın itirilməsinin birbaşa təhlükəsizliklərinə xətər yetirəcəyi Yaponiya, Hindistan və Avstraliya ilə birlikdə mübarizə aparacaq.


Çinə qarşı təzyiqlər Cənubi Qafqaz meydanında...

Ümumilikdə isə, sözügedən regionun ən güclü aktorlarından üçünün (Yaponiya, Hindistan, Avstraliya) ABŞ-la birlikdə Çinə qarşı artan təzyiqi diqqətdən yayınmamalıdır. Rəsmi Pekinə qarşı bu cür təzyiqlər isə, artıq bir neçə ildir davamlılığını qoruyur. Xüsusilə də, pandemiyadan ən zərərlə çıxaraq, iqtisadi inkişafını sürətlə davam etdirən Çinin dünyanın əsas istehsal mərkəzinə çevrilməsi və bu ölkənin məhsullarının öz regionundan əlavə bütün dünyada bazarları ələ alması rəsmi Pekinə qarşı mənfi münasibətin əsas səbəbidir.
 

Beynəlxalq arenada müşahidə olunan bu cür mənzərə isə, Cənubi Qafqaz regionu ilə birbaşa bağlıdır.


Bu bağlılıq, son dönəmlər böyük aktorların diplomatik addımlarında da öz əksini ən bariz formada nümayiş etdirir. Vəziyyəti daha dərindən izah etmək üçün isə ilk öncə Ağ Evin Çinə qarşı aqressiv ritorikasının səbəblərinə diqqət yetirmək vacibdir. Belə ki, Vaşinqotnun Pekinə qarşı aqressiyasının əsas səbəblərindən biri Çinin Avropa bazarında öz yerinə günbəgün möhkəmləndirməsidir. 

Rəsmi Pekin isə, Avropa ilə olan ticarətini davam etdirməkdə qərarlı görünür. Bunun üçün isə, logistik marşrutlar Çinə hava və su kimi lazımdır. Cənubi Qafqaz Avropa-Asiya marşrutundakı logistik əhəmiyyətini xatırlatmağa isə yəqin ki ehtiyac yoxdur.
 

Təsadüfi deyil ki, Çinlə gərgin rəqabətdə olan digər Asiya nəhəngi Hindistanın XİN rəhbərinin Ermənistana səfəri məhz indiki vaxtda baş verib. Əsas müzakirə mövzusu isə, regiondakı nəqliyyat marşrutlarının perspektivləri idi.


Belə olan halda isə, Çin-ABŞ rəqabətində Cənubi Qafqazın da diqqət mərkəzində olacağı ehtimalı olduqca realdır. Xüsusilə də, regionda hadisələrin gələcək seyrinə bu mübarizənin təsirlərinin olacağını əminliklə söyləyə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO