10 noyabr razılaşmasından sonra Ermənistan bütün gücü ilə Sülh müqaviləsindən yayınmağa çalışır. Bəs görəsən, İrvanı belə bir sənədin altından qol çəkməkdən çəkindirən nədir?
Mövzu ətrafında politoloq Əli Hacızadə ilə danışdıq.
Bizim.Media ilə söhbəti zamanı politoloq Əli Hacızadə isə bildirib ki, 44 günlük Vətən müharibəsi bitdikdən və 10 Noyabr üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməsi, komunikasiyalar açılması və Sülh müqaviləsi üzərində işə başlanılması daha məntiqli olardı.
MÖVZU İLƏ BAĞLI:
Əgər Azərbaycan Ermənistana hücum etmək istəsə... – SƏRHƏDDƏ NƏ BAŞ VERİR?
“Lakin biz bu gün erməni tərəfinin sülh müqaviləsini imzalamaq istəmidiyini, və bu istiqamətdə Azərbaycanın təşəbbüslərinin cavabsız qoyduğunu görürük. Üstəlik rəsmi İrəvan bu istiqamətdə sobataj və təxribatlar törədir ki, heç bir vəchlə iki dövlət arasında Sülh müqaviləsi imzalanmasın.
Ermənistan niyə sülh müqaviləsi imzalamaq istəmir...
“Əgər bu müqavilə imzalanarsa, Ermənistan məcburən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. İkincisi tərəfi isə təzminat məsələləridir. Çünki müqavilə imzalandıqdan sonra Ermənistan rəsmən bu müharibədə özünü tərəf kimi ortaya qoymuş olacaq. Bu zaman isə mexaniki olaraq təzminat məsələləri ortaya çıxacaq. Bu da Ermənistanın qapısını daha da sərt döyəcək”,- deyə Əli Hacızadə qeyd edib.
İdeoloji və siyasi durumlar...
Siyasi analitik həmçinin qeyd edib ki, Paşinyan hazırda bu oyuna girmək və Ermənistan tarixində Qarabağı satmış satqın bir lider kimi qalmaq istəmir.
“Ona görə də o, sülh müqaviləsini imzalamamaq üçün hər vəchlə məsələni uzatmağa çalışır. Bundan başqa Ermənistan cəmiyyəti bir növ 80-ci illərin ortalarından saxta Qarabağ ideyası ilə uyudulub. Ona görə hazırda ermənilərə aldanıldıqlarını başa salmaq qeyri-mümkündür. Paşinyan da bu vəziyyəti çox gözəl başa düşür və daha çox vaxt qazanmağı hədəfləyib”.
Beynəlxalq oyunçular tərəfindən idarə olunan situasiyalar...
Əli Hacızadə müqavilənin imzalanmamasının daha bir səbəbindən də danışıb. Onun sözlərinə görə, regionda maraqlı olan ölkələr bu müqavilənin imzalanmasına qarşıdırlar.
“Çünki sazişdən sonra iki dövlət arasında olan problemlərin çox hissəsi öz həllini tapacaq. Əgər Ermənistan və Azərbaycan arasında problemlər həll olunarsa, bu beynəlxalq oyunçular dərhal həm Ermənistana, həm də Azərbaycana qarşı olan təzyiq instrumentini itirmiş olacaqlar. Beləliklə də həmin o qüvvələr, yeni status kvo-nun yaranmasında, münaqişənin həll olunmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər”.
Vüsalə Balayeva, Bizim.Media