Xeyli müddətdir ABŞ tərəfindən Rusiyaya edilən sanksiya xəbərdarlıqlarının reallığa çevrilməsinin ardından, Konqresin aşağı palatası tərəfindən növbəti qəti qərar qəbul edilib. Belə ki, iyulun 30-da 217 konqresmenin lehinə, 212-nin isə əleyhinə səs verdiyi prezident Co Baydenin “Şimal Dəhlizi 2” qaz kəmərinə yönələn sanskiyalara veto qoymaq hüququnu ləğv edən düzəlişi təsdiq edilib.
Qeyd olunan sənəddə, həmçinin Ukraynaya maliyə yardımının artırılması məsələsi də öz təsdiqini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...
Bəs, “Nord Stream” haqqında söz-söhbətlər niyə səngimir?
1220 km uzunluğunda olan və Rusiya qazını Baltik dənizindən keçməklə Almaniyaya çatdırılmasını nəzərdə tutan “Şimal Dəhlizi 2” xüsusilə ABŞ tərəfindən böyük etirazlarla qarşılanıb. Vaşinqtonun sözügedən narahatlığına iki səbəblə haqq qazandırır:
1. Avropanın rusiyadan enerji asılılığının artması rəsmi Moskva üçün təzyiq mexanizmi kimi istifadə oluna bilər.
2. Ukraynadan keçən tranzit xətlərin öz əhəmiyyətini itirməsi nəticəsində ölkə ciddi maddi və enerji çatışmazlığı ilə üzləşə bilər.
Əslində isə ABŞ-ın əsas məqsədi Rusiyanın Avropa ilə əməkdaşlığının güclənməsinə mane olmaq və Ukraynaya dəstəyini nümayiş etdirməklə rəsmi Moskvaya qarşı Kiyevin sərt mövqeyini qorumasına nail olmaqdan ibarətdir.
Sanksiyalar Rusiyanın önünü kəsə biləcəkmi?
Lakin əsas maraq doğuran məsələ sanksiyaların tətbiqinin layihənin gələcəyi üçün nə vəd etməsidir. İlk öncə qeyd edək ki, “Şimal Dəhlizi 2”nin tikintisi demək olar ki başa çatıb və kəmərin avqustun sonlarında fəaliyyətə başlaması planlaşdırılır. Eyni zamanda Almaniya da ABŞ-ın bütün təzyiqlərinə rəğmən layihədən geri addım atmayacağını nümayiş etdirdi. Bu səbəblərdən ötrü Ağ Evin sanksiyalarının Moskvanın yolunu kəsmək ehtimalı artıq tükənib.
Digər bir məsələ isə, Vaşinqtonun etirazlarının hüquqi cəhətdən haqlılıq payının olmamasıdır.
Belə ki, Qazpromla Kiyev arasında əldə olunan 5 illik razılaşmaya əsasən, Ukrayna ərazisindən keçməklə Rusiyadan Avropaya 2019-cu ildə 60, qalan 4 ildə isə minimum 40 milyard kubmetr qaz ötürüləcək. Qazprom isə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq öhdəliklərini yerinə yetirməyə davam edir. Bu səbəbdən də, gələ önümüzdəki 3 ildə də Ukrayna Rusiya qazı üçün tranzit əhəmiyyətini saxlayacaq.
Lakin sonrakı dönəmdə nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Belə ki, Bayden və Merkel arasında Vaşinqtonda əldə olunan razılaşmaya əsasən Qazpromun qeyd olunan müqaviləni 10 il müddətinə yenidən uzatması üçün birgə işlər aparılacaq. Sözügedən razılşmanın isə hansı nəticəni verəcəyi böyük sual doğrurur.
Vaşinqtonun “B” planı
İlkin uğursuzluğa baxmayaraq, ABŞ-ın ağzına su alıb oturması o qədər də inandırıcı görünmür. Buna görə də, rəsmi Vaşinqton “Nord Stream 2” məsələsində Rusiyaya təzyiqini qorumaq üçün yeni vasitələrə əl ata bilər. Məsələn, son dönəmlərdə Belarusda siyasi proseslərdə yenidən aktivlik müşahidə olunur. Rusiyaya cavab tədbiri olaraq, prezident Lukoşenkonun əleyhinə müxalifət lideri Tixanovskayanın siyasi porterti son günlərdə təkrarən qabardılır.
Belarusla yanaşı Ukraynada da anti-Moskva tədbirləri böyük sürətlə davam edir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi Kiyevə ayrılan yardım paketinin həcminin artırılması nəzərdə tutulub. Sözügedən dəstək isə Kiyevin Kremldən qaz asılılığına son qoymağa nail olmaq üçün ölkədə “yaşıl enerji” layihələrinə böyük investisiyaların ayrılmasına xidmət edəcək.
Bununla da, rəsmi Kiyev ölkənin enerjiyə olan tələbatına müstəqil şəkildə ödəmək imkanı əldə edərək Moskvadan daha da uzaqlaşmaq imkanı qazanacaq.
Eyni zamanda bir sıra Qərb rəsmiləri tərəfindən Avropada “yaşıl enerji” layihələrinə yatırımların artırılması və ya kabohidrogen tərkibli enerji üçün alternativ mənbələrə çıxış imkanının yaradılması məsələləri də geniş müzakirə mövzusuna çevrilib.
Görünənsə odur ki, Rusiyanın “Şimal Dəhlizi 2” layihəsi və ABŞ-ın sanksiyaları Avropanın enerji sektorunda yeni mərhələnin başlanğıcı olacaq.
Murad Əhmədov, Bizim.Media