1988-ci ilin fevralından başlayaraq Xankəndi şəhərində yerləşən Xankəndi Pedaqoji İnstitutunda müəllim işləyən azı 17 pedaqoji işçi, habelə ali təhsil alan azı 17 azərbaycanəsilli tələbə məhz azərbaycanlı olduqları üçün məcburi qaydada kütləvi şəkildə həmin institutdan qovulub.
Bizim.Media xəbər verir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını sadalayarkən bildirib.
Qeyd edilib ki, 1988-ci il fevralın 20-də - Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərarın çıxarılaraq SSRİ Ali Sovetinə göndərilməsindən cəmi bir gün sonra, yəni, 1988-ci il fevralın 21-də Əsgəran rayonu ərazisində odlu silahlarla aramsız atəşlər açılması nəticədə Xankəndi şəhərinin dinc mülki sakini Əhmədov Əhməd Bəhmən oğluna güllə yarası xəsarəti yetirilib.
1988-ci il iyulun 9-da milis orqanlarına daxil olmuş məlumat əsasında həmin ilin mart-aprel aylarında Xankəndi şəhərində yerləşən Kondensator zavodunda müxtəlif qurğular vasitəsilə kustar üsulla hazırlanmış silahlar və partlayıcı qurğular, habelə əl qumbaraları aşkar edilərək götürülüb.
1988-ci il sentyabrın 20-də Xocavənd rayonunun Günəşli kəndinə odlu silahlardan və tüfənglərdən istifadə olunmaqla edilmiş hücum nəticəsində həmin kəndin dinc sakini Balakişiyev Məhəmmədəli Qəhrəman oğlu qəsdən öldürülüb.
Qarabağ İpək kombinatının təmir-tikinti sahəsinin rəisi Ayrapetyan Slavik Calaloviç, kombinatın partiya komitəsinin katibi Köçəryan Robert Sedraki, baş mühəndis Simonyan Vladimir Semenoviç, həmkarlar təşkilatının sədri Mesropyan Bella Surenovna və qeyriləri 1988-ci ilin sentyabr ayı ərzində iş yerinə buraxmamaqla və hədə-qorxu gəlməklə Qarabağ İpək kombinatında işləyən azərbaycanəsilli şəxsləri kütləvi şəkildə iş yerindən qovaraq əmək hüquqlarından zorla məhrum ediblər.
Bizim.Media