Çin-Tayvan gərginliyinin NÖVBƏTİ PƏRDƏSİ – Uzaq Şərqdə münaqişə ocağı ALOVLANIR?

Çin-Tayvan gərginliyinin NÖVBƏTİ PƏRDƏSİ – Uzaq Şərqdə münaqişə ocağı ALOVLANIR?

Hazırda oxunan: Çin-Tayvan gərginliyinin NÖVBƏTİ PƏRDƏSİ – Uzaq Şərqdə münaqişə ocağı ALOVLANIR?

195649

Beynəlxalq aləmdə bütün fikirlər İsrailin Fələstinə hücumları və Rusiya ilə Ukrayna arasındakı müharibəyə yönəldiyi bir vaxtda Asiyada gərginlik artır. Söhbət Çinlə Tayvan arasındakı gərginlikdən gedir. Təsadüfi deyil ki, Çinin müdafiə naziri Dong Jun iki gün öncə qatıldığı konfransda Çin və Tayvan arasındakı “müstəqillik” böhranı ilə bağlı çox açıq mesajlar verib.

Dong Jun Tayvanla sülh yolu ilə yenidən birləşmənin Çinin əsas məqsədi olduğunu bildirib:

“Lakin buna nail olunmasaq, güc tətbiqi qaçılmazdır. Tayvan separatçıları və xarici güclər sülh prosesinə zərər verirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

KİV: Çin Tayvanı işğal etmək üçün hazırlıq görür


Çinli nazir Tayvanın hakim Demokratik Tərəqqi Partiyasını tədricən separatizmi davam etdirməkdə və Çin kimliyini silmək üçün işləməkdə ittiham edib:

“Onlar tarixin utanc sütununda yer alacaqlar. Çin Xalq Azadlıq Ordusu həmişə vətənin birləşməsini müdafiə edən sarsılmaz və qüdrətli bir qüvvə olub. Tayvanın müstəqilliyinin qarşısını almaq və heç vaxt uğur qazanmamasını təmin etmək üçün həmişə qətiyyətli və güclü hərəkət edəcəyik”.

Artıq Çin ordusu Tayvana yaxın ərazilərdə böyük hərbi təlimlərə başlayıb. Bu da o deməkdir ki, Çinlə Tayvan arasında müharibənin başlanması an məsələsidir. Nəzərə alaq ki, bu müharibəni istəyən xarici qüvvələr də az deyil. Xüsusən də ABŞ bu münaqişənin alovlanmasında çox maraqlıdır. Təsadüfi deyil ki, ABŞ Senatının 2024-cü il üçün təsdiq etdiyi yardım paketində birinci yeri Ukrayna, ikinci yeri İsrail tutursa, üçüncülük Tayvana verilib. 

Təkcə bu il Vaşinqton Tayvana 5 milyard yardım ayrılmasını nəzərdə tutur. Bu da o deməkdir ki, ABŞ bütün vasitələrlə Çini təxribata çəkib, onu müharibəyə cəlb etmək istəyir. Bu hesaba da Çinin iqtisadi cəhətdən dünya hegemonluğunu durdurmaq istəyir. 

Xatırladaq ki, ABŞ bu bölgədə müharibəni alovlandırmaq üçün çoxdan hərəkətə keçib. Yada salaq ki, 2022-ci ildə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Çinlə Tayvan və onun müttəfiqi ABŞ arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu. 

İndi isə vəziyyət yenidən gərginləşib. Vaşinqton Çinlə Tayvan arasında müharibənin alovlanması üçün bütün hərbi-siyasi və maliyyə vasitələrini işə salıb. Təbii ki, ABŞ Tayvanın müdafiəsində klassik variantı – etnik azlıqların hüquq və azadlıqlarını əldə bayraq edir.

Bəs Çinlə Tayvan arasında münaqişə nə zaman və necə başlayıb?

Bəzi mənbələrə görə, Çinin dövlət qeydlərində ada eramızın 239-cu ilində - Çin imperatoru ərazini tədqiq etmək üçün ora ekspedisiya göndərəndə aşkar edilib. Pekin Tayvana sahiblik hüququnu bu faktla əsaslandırır. Nisbətən qısa müddət ərzində - 1624-cü ildən 1661-ci ilə qədər Tayvan Hollandiyanın müstəmləkəsi olub, 1683-cü ildən 1895-ci ilə qədərsə Çinin Tsin sülaləsinin nəzarətinə keçib.

Həmin əsrdə xeyli sayda insan Çindəki iğtişaşlardan və yoxsulluqdan qaçaraq Tayvana gedib. Onların əksəriyyəti Futsyan əyalətindən olan hoklo xalqının nümayəndələri və ya Quandun əyalətindən olan hakkalar olub. Hazırda adadakı ən böyük demoqrafik qrupu onların nəsilləri təşkil edir.

1895-ci ildə - birinci Çin-Yapon müharibəsindən sonra Tsin hökuməti Tayvanı Yaponiyaya güzəştə getməli olub. İkinci Dünya Müharibəsinin nəticələrinə görə isə Yaponiya bu ərazidən imtina edib.

Müharibədə qalib dövlətlərdən biri olan Çin müttəfiqləri ABŞ və Böyük Britaniyanın razılığıyla Tayvanı idarə etməyə başlayıb.

Amma sonra Çan Kayşinin rəhbərlik etdiyi Homindan Partiyasının hökumətiylə Mao Tszedunun başçılıq etdiyi Çin Kommunist Partiyasının qoşunları arasında vətəndaş müharibəsi başlayıb və Qomindan məğlub olub.

1949-cu ildə Çan Kayşi öz tərəfdarlarıyla birlikdə (təxminən 1,5 milyon nəfər) Tayvana qaçıb. Orda sürgün hökuməti qurub, tabeçiliyindəki əraziyə Çin Respublikası adını verib və 25 il ona rəhbərlik edib. Adaya Çan Kayşiylə birlikdə gəlmiş çinlilər əhalinin cəmi 14 faizini təşkil etsələr də, uzun illər Tayvan siyasətində dominant mövqeyə sahib olublar.

Kayşidən sonra hakimiyyətə onun oğlu - Nikolay Vladimiroviç Yelizarov kimi də tanınan Tszyan Tszinqo gəlib. Gənclik illərində onu Moskvaya oxumağa göndəriblər, orada Leninin bacısıgildə yaşayıb. Tszyan kollektivləşmədə iştirak edib, hətta bir müddət “Uralmaş” zavodunda çalışıb, 1937-ci ildə isə həbs olunub.

Amma elə həmin il orada ailə qurduğu həyat yoldaşı ilə vətəninə qayıdan Tszyan Tzsinqo sadəliyi və demokratik davranışı ilə seçilib. Atasının hökumətində daxili işlər naziri postunu tutub, bir neçə dəfə kommunistlərin üsyan cəhdlərini yatırdıb.

Çan Kayşinin ölümündən sonra Homindan Partiyasına rəhbərlik etməyə başlayan Tszyan Tszinqo 1978-ci ildə prezident olub.

O, vəfat etdiyi 1988-ci ilə qədər bu posta ard-arda iki dəfə seçilib. Hökumət mahiyyətcə avtoritar olaraq qalsa da, onun dövründə Tayvanda demokratik islahatlar həyata keçirilib.

Tszinqodan sonra hakimiyyətə onun dövründə vitse-prezident olmuş Li Denhuey gəlib. Bu şəxsi "Tayvan demokratiyasının atası" adlandırırlar. Denhuey konstitusiya islahatı həyata keçirib. 2000-ci ildə ölkədə ilk dəfə Homindan Partiyasının üzvü olmayan biri - Çen Şuybyan prezident seçilib.

Tayvanın müstəqilliyini hansı ölkələr tanıyıb?

Tayvandakı dövlət quruluşu ilə bağlı fikir ayrılıqları və çaşqınlıq var. Adanın öz konstitusiyası, seçki yolu ilə seçilmiş liderləri və təxminən 300 min nəfərlik ordusu var. Tayvanı rəsmən tanıyan ölkələrin sayı hazırda 15-dir. Müstəqil dövlətin bütün xüsusiyyətlərinə və Çindən fərqli siyasi sistemə malik olmasına baxmayaraq, Tayvanın hüquqi statusu qeyri-müəyyən olaraq qalır.

ABŞ Tayvanın dövlət müstəqilliyini tanımayıb. Amma Tayvan Vaşinqton üçün rəsmi Pekinə qarşı istifadə etdiyi ən uğurlu alətdir. Buna görə də son illər iqtisadi qüdrəti ilə ABŞ-a meydan oxuyan Çini dayandırmaq üçün Tayvan kartını ortaya atıb. 

Bəs ABŞ Tayvanla Çin arasında müharibəni alovlandıra biləcəkmi?

Bunu artıq zaman göstərəcək. Amma görünən odur ki, Çinlə Tayvan dəhşətli müharibənin astanasındadır. Müharibəninsə fitili ABŞ-ın əlindədir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO