NATO-nun Azərbaycandan umacaqları nədir? - Stoltenberqin bölgəyə səfərinin PƏRDƏARXASI

Hazırda oxunan: NATO-nun Azərbaycandan umacaqları nədir? - Stoltenberqin bölgəyə səfərinin PƏRDƏARXASI

183189

Xəbər verdiyimiz kimi NATO-nun baş katibi Yens Stoltenberqin martın 17-də Azərbaycana səfərə gəlib. İki gün davam edən səfər çərçivəsində Baş katib Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər. Bəyanatda Yens Stoltenberq dəfələrlə Azərbaycana minnətdarlığını ifadə edib. Bu minnətdarlıq həm Azərbaycanın Kosovoda NATO-nun KFOR qüvvələrinı verdiyi dəstəyə, həm də Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın göstərdiyi yardımlara görədir.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Baş katibi Azərbaycana təşəkkür etdi


Təbii ki, Ukraynaya göstərilən yardım da diqqətdənkənar qalmayıb:

“Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir”.

Ümumiyyətlə, baş katib Azərbaycan haqqında ağızdolusu danışıb və  Azərbaycana növbəti səfəri üçün səbirsizləndiyini dilə gətirib.

Nəzərə alaq ki, Azərbaycan Prezidenti Stoltenberqi bu ilin noyabrında Bakıda keçiriləcək möhtəşəm COP29 tədbirinə dəvət edib. 

Baş katibin bütün fikirləri pozitiv notlar üstündə köklənib… 

Bu da təsadüfi deyil. NATO-nun Azərbaycandan umacaqları var. Təsadüfi deyil ki. İlham Əliyev Stoltenberqlə görüşdən sonra bildirib ki, Baş katiblə enerji təhlükəsizliyi məsələsi müzakirə edilib:

“Mən ona məlumat verdim ki, Brüsseldəki son görüşümüzdən bəri qaz təchizatı baxımından NATO-ya üzv daha iki dövlət bizim tərəfdaşımız oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir”.

Qeyd edək ki, NATO-nun tərkibində xüsusi  komitə mövcuddur. Həmin komitənin vəzifəsi enerji daşıyıcılarının təhlükəsizliyinə təminat yaratmaqdır. Ona görə də NATO Azərbaycandan Avropaya istiqamətlənən boru xətlərinin təhlükəsizliyində iştirakda maraqlıdır. Bu məsələ yəqin ki, ikitərəfli görüşdə də müzakirə edilib.

NATO-nun Azərbaycandan umacaqları bunlarla yekunlaşmır…

Bu gün Qərbin və NATO-nun bir məsələdə Azərbaycanın dəstəyinə çox böyük ehtiyacı var. Bu da təbii ki, Rusiya faktorudur. Ukrayna-Rusiya müharibəsində birincilərin uğursuzluğu Qərbi xeyli narahat edir. Ona görə də Qərb Rusiyanı bir qədər də zəif salmaq və Ukraynaya dəstəyi gücləndirmək üçün alternativ yollar axtarır. Həmin yollardan biri də postsovet ölkələrini Rusiyaya qarşı təşviq etməkdir. Nəzərə alaq ki, 2 ildən artıq davam edən Ukrayna-Rusiya müharibəsində Azərbaycanın  bitərfliyini saxlayıb. Ölkəmiz Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb.

Eləcə də, Ukraynanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyib. Ən əsası Azərbaycan bu müharibədə Rusiyanı müdafiə etməyib.

Bu da təbii ki, Qərbi razı sala bilməz. Ona görə də Qərb hərəkətə keçib. Qərb Azərbaycanın açıq şəkildə Rusiyaya qarşı çıxmasını istəyir. 

Qeyd edək ki, Ermənistan son 6 ayda birtərəfli qaydada Qərbin yanında dayanıb və Rusiyaya qarşı çıxır. Amma Ermənistanın təpkisi Qərbi qane etmir. Ona görə də Qərb istəyir ki, Azərbaycanla Gürcüstan da Ermənistan kimi Rusiyaya qarşı açıq çıxış etsin. Qərb maraqlıdır ki, bu narazılıq  silahlı qarşıdurmaya və hətta müharibəyə qədər gedib çıxsın.

Çünki, Qərb nəyin bahasına olursa-olsun Rusiyanı zəif salmaq və Putinin siyasi sonunu gətirmək istəyir. Elə Ukraynanı da bu məqsədlə müharibəyə sövq etdi. Üstəlik, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olundu. Amma nə müharəbə, nə də ki, sanksiyalar Rusiyanı qarışdırmadı, Putin devrilmədi. İndi Ukraynada vəziyyət ürəkaçan deyil. Rusiya addım-addım irəliləyir. Rusiyanı durdurmaq üçün hətta NATO-nun döyüşlərə qatılacağı da iddia olunur.

NATO müharibəyə hazır deyil… Çünki, NATO ölkələri arasında bu məsələdə ciddi fikir ayrılığı var. Ona görə də bu barədə qərar vermək çox çətindir. Üstəlik, NATO-nun Ukraynada açıq tərəf kimi iştirak etməsi Rusiyaya imkan verəcək ki, Avropa ölkələrinə raket zərbələri endirsin. Bu və digər səbəbdən Qərb NATO-nun müharibəyə tərəf kimi qoşulmasını istəmir.

Bununla belə Qərb Rusiyadakı siyasi hakimiyyətin sonunu gətirmək üçün alternativlərə baş vurur. Yens Stoltenberqin qəfil səfərinin səbəbi Cənubi Qafqaz ölkələrinin nəbzini yoxlamaq və onları Rusiyaya qarşı təşviq etməkdir.
Nəzərə alaq ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür və heç bir blokda təmsil olunmaq istəmir.

Bu gün nə Aİ, nə də ki, NATO Azərbaycan üçün cəlbedici deyil. Bununla belə Azərbaycan bütün dövlətlərlə və təşkilatlarla bərabərsəviyyəli, eləcə də səmərəli əməkdaşlıqda maraqlıdır. Bir sözlə, NATO-nun baş katibinin səfəri Azərbaycan üçün önəmli hadisə deyil, sadəcə olaraq əməkdaşlıq və fikir mübadiləsi üçün lazımlıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO