BMT-nin baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunun iclasında çxışı zamanı sensasion fikirlər səsləndirib. O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa öz səlahiyyətlərinin xeyli hissəsini itiriblər:
“Xüsusən də Qəzza bölgəsi kimi məsələlərdə İsrail, İran və Türkiyə kimi regional oyunçular münaqişənin həllində daha böyük təsirə malikdirlər. Etiraf etməlisiniz ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir edən güclər var. Bu yaxınlarda İsrail, İran, Türkiyə kimi ölkələrin Təhlükəsizlik Şurasının beş daimi üzvündən qat-qat daha təsirli olduqları məlum oldu”.
Nə qədər acı olsa da reallıqdır
Əslində Antonio Quterreşin fikirlərində yeni bir şey yoxdur. BMT TŞ-nin nə qədər səmərəsiz və qeyri-effektiv fəaliyyət göstərməsinin ən yaxşı şahidi Azərbaycan xalqıdır. Çünki bu qurumun 1993-cü ildə Ermənistanın təcavüzünü pisləyən və ona qarşı çıxan 4 qətnaməsi 27 il kağız üzərində qaldı.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı SƏSVERMƏ KEÇİRƏCƏK
Bu qətnamələrin icrası üçün TŞ-nin 5 üzvündən heç biri heç zaman nəinki qətiyyət, heç təşəbbüs belə göstərmədi. Nəhayətdə, Azərbaycan xalqı, ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında öz sözünü dedi və 27 ildən artıq işğal altında qalan torpaqlarımız cəmi 44 gündə azad olundu.
Ötən 30 il müddətində Azərbaycan xalqı əmin oldu ki, BMT və onun nəzdindəki bütün qurumlar qlobal güclərin əlində bir oyuncaqdır. Ona görə də BMT-dən ümidimizi biz çoxdan kəsmişik. Amma bir sıra dövlətlər və xalqlar bu quruma hələ də ümidlə baxırlar.
BMT-nin baş katibinin son açıqlaması isə həmin dövlətlərin və xalqları üçün soyuq duş effekti yaratdı. Bu gün ağılı olan heç bir ölkə lideri BMT-dən imdad gözləmir.
Bəs, BMT TŞ-nin 5 üzvü niyə bu qədər “fəaliyyətsizdir”?
Əslində, bu sualın çox sadə cavabı var. Çünki dünyada münaqişələri yaradan və onu inkişaf etdirənlər məhz TŞ-nin üzvləridir. Ona görə də hansısa münaqişənin sonlanmasında Şura üzvləri maraqlı deyillər.
Hazırda TŞ-nin 5 üzvündən heç birinin ərazisində müharibə və münaqişə yoxdur. Amma onların cəlb edildiyi münaqişələr var. Məsələn Rusiya birbaşa Ukrayna müharibəsinə cəlb edilib. Bundan başqa Rusiya Yaxın Şərqdə davam edən münaqişələrdə dolayısı ilə iştirak edir. Çinin Tayvan problem var. Və bu ölkə hərbi münaqişələrdən bir qayda uzaq dayanır. Rəsmi Pekinin dünyanın supergücü olmaq istiqamətində öz taktikası var. O dünya ölkələrini iqtisadi metodlarla “işğal edir”.
TŞ-nin qalan 3 üzvününsə dünyada supergüc olmaq üçün klassik üsulu var:
“Parçala hökm sür”.
Bu gün dünyanın istənilən yerində davam edən və yaxud müvəqqəti dondurulan münaqişələrdə bu üçlüyün birbaşa əli var. Çünki dövlət sərhədlərindən uzaq olan istənilən münaqişə TŞ üzlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Məhz bu münaqişələr hesabına Şərqin sərvətləri Qərbə axır. Ona görə də TŞ üzvləri münaqişələrin sonlanmasında maraqlı deyillər.
Bəs, orta səviyyəli dövlətlər niyə münaqişələrin həllində bu qədər aktivdir?
Antonio Quterreşin “orta səviyyəli” dövlət hesab etdiyi Türkiyə və İsrail kimi dövlətlər təkcə münaqişələrin həllində aktiv iştirak etmir, həm də konkret mövqe nümayiş etdirirlər. Bu da onunla bağlıdır ki, zamanında dünya qeyri-rəsmi şəkildə BMT TŞ üzvləri arasında bölüşdürlüb. Hazırda isə bizlərin razı və yaxud narazı qalmağımızdan asılı olmayaraq dünya bu dövlətlər tərəfindən idarə olunur.
Amma yaranan yeni güclər dünyadakı mövcud vəziyyətdən razı deyillər. Ona görə də yeni güclər qlobal güclərə qarşı çıxış edir. Bu cür çıxışsa təbii ki, həmin dövlətlər üçün ədalətli oyunçu obrazı yaradır. Bu gün istər Türkiyə, istərsə də İsrail sivilizasiya üçün daha ədalətli ölkə kimi görünürlər.
Təbii ki, həmin ölkələrin nə qədər ədalətli olduğunu biz 44 günlük müharibədə açıq-aydın gördük. Çünki qlobal güclər Cənubi Qafqazda münaqişənin bitməsini istəmirdi. Lakin bir sıra dövlətlər, o cümlədən Türkiyə və İsrail Cənubi Qafqazda davamlı sülhün olmasında maraqlıydı.
Bu gün Türkiyənin Qəzza bölgəsində, Qırmızı dənizdə mövqeyi ədalətli və düzgündür. Çünki həmin münaqişələrdə Türkiyə təkcə sülh istəmir, həm də qlobal güclərin – TŞ üzvlərin imperialist niyyətlərinə qarşı çıxış edir. Bu da təbii ki, ən azından regionda rəğbətlə qarşılanır.
Bütün hallarda Türkiyə və İsrail kimi yeni oyunçuların meydana çıxması klassik gücləri bəzi güzəştlərə getməyə məcbur edir.
Bir çox hallarda isə qlobal güclər bəzi münaqişələrdən geri çəkilirlər. Əks təqdirdə orta səviyyəli dövlətlər sayəsində qlobal güclər daha ağır zərbə ala bilər.
Ona görə də BMT-nin baş katibi Antonio Quterreşin dediyi kimi regional oyunçuların nüfuzunun artması və təsir imkanlarının genişlənməsi başadüşüləndir. Bu sadəcə, zamanın tələbi, tarixi zərurətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi “dünya beşdən böyükdür”.
Surxay Atakişiyev, Bizim.Media