Xəbər verdiyimiz kimi sentyabrın 17-də İrəvanda Ağsaqqallar Şurasına seçkilər keçirilib. Seçkilərdə 13 partiya və bir blok iştirak edib. Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Ağsaqqallar Şurasına seçkilərdə beş siyasi qüvvə ilkin baryeri keçib.
Bunlar “Mülki müqavilə” (32,57%), “Milli Tərəqqi” (18,89%), “İctimai səs” (9,68%), “Respublika” (11,32%) partiyaları, həmçinin “Ana Ermənistan” bloku (15,43%).
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı
Göründüyü kimi heç bir partiya və siyasi blok seçkilərdə 50 faizlik səddi keçə bilməyib. Bu isə o deməkdir ki, İrəvanın idarəçiliyini Paşinyan iqtidarı təkbaşına keçirə bilməyəcək.
Belə olan halda yeni mer 65 nəfərlik Ağsaqqallar Şurası tərəfindən seçiləcək. Maraqlı məqam isə ondan ibarətdir ki, Şurada da Paşinyanın partiyası cəmi 24 mandat qazana bilib.
Hətta “Mülki müqavilə” özünə tərəfdaş tapmasa, İrəvanın idarəçiliyindən tamamilə kənarda qala bilər.
Bu isə yaxın zamanlarda Ermənistanda yeni siyasi proseslərin başlamasına təkan verə bilər.
Bəs, ehtimallar necədir?
Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, siyahıda ikinci yeri tutan Milli Tərəqqi Partiyasının nümayəndəsi Hayk Qriqoryan özünün sosial səhifəsində yazıb ki, seçkilər onu göstərir ki, hakim “Mülki müqavilə” fraksiyası hətta Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyasında şəxsən iştirakı ilə belə, minimum etimadı belə qazana bilməyib:
“Bu isə Milli Assembleyada Paşinyan hakimiyyətinin sonunun başlanğıcıdır. Bunu keçmiş və ya indiki qüvvə etmədi. Bunu çoxdan gözlənilən alternativ yeni qüvvə etdi".
Ermənistan Milli Tərəqqi Partiyasının nümayəndəsi İrəvan Ağsaqqallar Şurasında mümkün koalisiyalarla bağlı məsələyə də münasibət bildirib:
“Koalisiya ilə bağlı sual verənlərə cavab verirəm: məncə, yeganə mümkün variant “Mülki müqavilə” ilə Aram Sarkisyan (“Respublika” partiyasının lideri – red.) arasında koalisiyadır. Üstəlik, seçicilər Zeynalyanı Ağsaqqallar Şurasında görməyəcək, çünki o, yəqin ki, mandat almayacaq. Onların iştirakının yeganə məqsədi hazırkı parlamenti dağılmaq təhlükəsindən xilas etməkdir”.
Qriqoryanın da qeyd etdiyi kimi, iqtidardakı “Mülki müqavilə” fraksiyası yalnız “Respublika” partiyası ilə koalisiyaya gedə bilər. Belə olan halda da, koalisiyanın mandat sayı 32-ə çatacaq və yenə də istədikləri namizədi mer seçmək üçün yetərli səs toplamaq mümkün olmayacaq.
Göründüyü kimi Paşinyan son 5 ildə ən böyük məğlubiyyətini alıb. Və bu məğlubiyyət erməni baş nazirə çox baha başa gələ bilər. Əgər İrəvanın idarəçiliyində lazımi koalisiyanı yarada bilməsə, onda Ermənistan yenidən qarışacaq.
İzləyək…
Surxay Atakişiyev, Bizim.Media