Partiyalar haqqında bu ilin yanvarın 11-də qəbul edilən yeni qanundan sonra bu günə qədər 28 siyasi təşkilat həmin qanundan irəli gələn tələblərə cavab vermədiyinə görə, öz fəaliyyətinə xitam verməli olub. Bununla belə, 30 siyasi partiya hələ ki, fəaliyyətini davam etdirir.
Bizim.Media fəaliyyətlərini davam etdirən partiyaların siyahısını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə YENİ CƏRİMƏLƏR
1. Yeni Azərbaycan Partiyası
Hazırda iqtidarda təmsil olunan Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın qurucu rəhbəri ümummilli lider Heydər Əliyevdir. YAP-ın hazırki sədri isə Prezident İlham Əliyevdir.
2. Azərbaycan Milli İstiqlal Partiyası
1992-ci ilin 17 iyulunda AMİP müstəqillik illərində dövlət qeydiyyatına alınan ilk siyasi partiya olmağı bacarıb. Partiyanın qurucusu və fəxri lideri Etibar Məmmədovdur. Hazırda AMİP-ə Arzuxan Əlizadə sədrlik edir.
3. Ana Vətən Partiyası
AVP də müstəqillik dönəmində yaranan ilk partiyalardandır. Belə ki, Ana Vətən Partiyası 1992-ci ilin 11 avqustunda rəsmi dövlət qeydiyyatına alınıb. Partiyanın qurucusu olan millət vəkili Fəzail Ağamalı indi də AVP-yə sədrlik edir.
4. Vətəndaş Həmrəyliyi Partiyası
VHP hazırda parlamentdəki təmsilçi sayına görə iqtidarda olan Yeni Azərbaycan Partiyasından sonra ikincidir. Partiyanın 3 nümayəndəsi hazırda Milli Məclisin deputatıdır. 3 noyabr 1992-ci ildə qeydiyyata alınan partiyaya Sabir Rüstəmxanlı rəhbərlik edir.
5. Müsavat Partiyası
Köklü partiyalardan daha biri Müsavat Partiyası da fəaliyyətini davam etdirənlər sırasındadır. 1992-ci ilin 8 dekabrında qeydiyyata alınan Müsavatın qurucu başqanı Ali Sovetin sabiq spikeri İsa Qəmbərdir. Hazırda partiyaya Arif Hacılı sədrlik edir.
6. Ağ Partiya
Əvvəlki adı Vahid Azərbaycan Partiyası olan siyasi təşkilat 1993-cü ilin 13 yanvarında dövlət qeydiyyatına alınıb. 2016-cı ildən etibarən isə təşkilat ad dəyişikliyi edərək, Ağ Partiya olaraq fəaliyyətini davam etdiri. AP-nın başqanı Tural Abbaslıdır.
7. Ümid Partiyası
Ümid Partiyası 1993-cü ilin 5 mayında dövlət qeydiyyatına alınıb. Partiyanın sədri sabiq millət vəkili İqbal Ağazadədir.
8. Azərbaycan Demokratik Maarifçilik Partiyası¸
ADMP 1995-ci ilin 4 avqustunda qeydə alınıb. Uzun illərdir parlamentdə təmsil olunan partiyanın sədri Elşən Musayevdir. O, hazırda Milli Məclisin deputatıdır.
9. Azərbaycan Xalq Cəbhəsi Partiyası
Qurucu rəhbəri sabiq Prezident Əbülfəz Elçibəydir. SSRİ dönəmindən hərəkat formasında fəaliyyət göstərən Xalq Cəbhəsi 1995-ci ilin 1 sentyabrından rəsmi qeydiyyatdadır. AXCP-nin sədri Əli Kərimlidir.
10. Vəhdət Partiyası
Daha bir parlament partiyası olan Vəhdət 1998-ci il dekabrın 11-dən rəsmən fəaliyyət göstərir. Partiyaya Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli rəhbərlik edir. O, həmçinin Milli Məclisin deputatıdır.
11. Azərbaycan Xalq Partiyası
AXP-yə isə sabiq Baş nazir Pənah Hüseyn rəhbərlik edir. 1998-ci ildə təsis edilmiş partiya 1999-cu ildən dövlət qeydiyyatındadır. Pənah Hüseyn 2005-ci ildə sədrlikdən istefa versə də, 2012-ci ildə yenidən sədr seçilib.
12. Azərbaycan Demokrat Partiyası
ADP-nin sədri Sərdar Cəlaloğludur. Partiya 2000-ci il fevralın 3-dən qeydiyyatdadır.
13. Ədalət Partiyası
Sabiq baş prokuror İlyas İsmayıl Ədalət Partiyasına sədrlik edir. Siyasi təşkilat 2002-ci ildə rəsmi qeydiyyatdadır.
14. Müasir Müsavat Partiyası
Hafiz Hacıyevın sədrlik etdiyi Müasir Müsavat Partiyası da fəaliyyətini davam etdirir. MMP 2002-ci ilin 8 mayından fəaliyyət göstərir.
15. Böyük Quruluş Partiyası
Parlament partiyalarından daha biri Böyük Quruluş Partiyası da fəaliyyətdə olan partiyalardandır. Təşkilat 2005-ci il avqustun 12-də qeydə alınıb. Sədri isə Milli Məclisin deputatı Fazil Mustafadır.
16. Azadlıq Partiyası
Əhməd Orucun sədrlik etdiyi Azadlıq Partiyası 2005-ci il 12 avqustunda dövlət qeydiyyatına alınıb.
17. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Aktiv siyasi fəaliyyətini davam etdirən partiyalardan biri də BAXCP-dir. 2005-ci ilin 12 avqustunda rəsmi qeydiyyata alınan partiyaya Qüdrət Həsənquliyev sədrlik edir. Q.Həsənquliyev həm də parlamentin deputatıdır.
18. Azərbaycan Milli Dövlətçilik Partiyası
AzMDP-na Meydan hərəkatının öncüllərindən olan Nemət Pənahlı rəhbərlik edir. Təşkilat 1994-cü il 12 oktyabr tarixindən rəsmi fəaliyyətdədir.
19. Azərbaycan Demokratik İslahatlar Partiyası
ADİP də parlamentdə təmsil olunan partiyalardandır. Partiyanın sədri Asim Mollazadə Milli Məclisin deputatıdır. ADİP 2005-ci il avqustun 12-də qeydə alınıb.
20. Böyük Azərbaycan Partiyası
BAP-a sabiq AMİP-çi Elşad Musayev sədrlik edir. Təşkilat 2005-ci il 12 avqustda dövlət qediyyatına alınıb.
21. Klassik Xalq Cəbhəsi Partiyası
KXCP 2007-ci ilin 31 yanvarından rəsmi qeydiyyatdadır. Partiyaya Mirmahmud Mirəlioğlu sədrlik edir.
22. Milli Dirçəliş Hərəkatı Partiyası
MDHP-yə sədri sabiq millət vəkili Fərəc Quliyevdir. Partiya 31 may 2011-ci ildən qeydiyyatdadır.
23. Azad Demokratlar Partiyası
AzDP-nin sədri Sülhəddin Əkbərdir. Partiya 2020-ci il 16 apreldə qeydiyyata alınıb.
24. Milli Cəbhə Partiyası
Parlamentdə təmsil olunan partiyalardan olan MCP-də fəaliyyətini davam etdirir. Partiyaya millət vəkili Razi Nurullayev sədrlik edir. 31 avqust 2020-də rəsmi qeydiyyata alınıb.
25. Respublikaçı Alternativ Partiyası
REAL da fəaliyyətini davam etdirən partiyalar sırasındadır. REAL-ın sədri İlqar Məmmədovdur. Parlament partiyalarından olan REAL-ın Milli Məclisdəki təmsilçisi isə Erkin Qədirlidir. Partiya 31 avqust 2020-ci ildən rəsmən fəaliyyətdədir.
26. Gələcək Azərbaycan Partiyası
GAP-ın sədri Ağasif Şakiroğlu, fəxri lideri isə Milli Məclisin sabiq spikeri Rəsul Quliyevdir. Partiyanın qeydiyyat tarixi 15 dekabr 2020-ci ildir.
27. Haqq Ədalət Partiyası
15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatına alınan HƏP-ə sabiq səhiyyə naziri Əli İnsanov rəhbərlik edir.
28. Azad Vətən Partiyası
Ən gənc partiya hesab olunan Azad Vətən Partiyası 5 sentyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyaya sabiq QAT rəhbəri Akif Nağı sədrlik edir.
29. Yeni Zaman Partiyası
Partiyanın sədri Musa Ağayevdir. Təşkilat 16 aprel 2020-ci ildə qeydiyyata alınıb.
Qeyd edək ki, siyahıda hələ də rəsmi şəkildə buraxıldığını elan etməyən partiyalar yer alıb. Lakin Azad Demokratlar Partiyasının da tezliklə fəaliyyətini dayandıracağı gözlənilir. Bununla yanaşı, Yeni Zaman, Milli Dövlətçilik və Azadlıq partiyalarının da fəaliyyətini davam etdirib-etdirməyəcəyi sual altındadır.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.
Rüfət Sultan, Bizim.Media