“Danışıqlar nəhayət, Qafqazda sülhün bərpası üçün həqiqətən vacib və faydalı ola bilər. Bunun baş verməsi üçün Ermənistanın beynəlxalq hüququ və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən sərhədləri tanımalıdır.
Beynəlxalq ictimaiyyətə və BMT orqanlarına təzyiq göstərmək vacibdir. Münaqişənin qəti həlli o zaman əldə edilə bilər ki, Ermənistan Azərbaycanla münaqişədən ictimaiyyətin diqqətini daxili siyasətin uğursuzluğuna yönəltmək üçün istifadə etməyi dayandırsın”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında italiyalı siyasi şərhçi, analitik Dameniko Letiza deyib.
MÖVZU İLƏ BAĞLI:
AŞPA-dan sülhə növbəti ƏNGƏL – Laçında gərginlik ssenarisi nəyə HESABLANIB?
3 ildir sülh üçün danışıqların getdiyinə diqqət çəkən analitik, hələ də sülh müqaviləsinin bağlanmamasına səbəb kimi Ermənistanı yox, xarici güclərin müdaxiləsini ön plana çıxarıb:
“Rusiya, onun beynəlxalq düşmənçiliyi və Ermənistana müdaxiləsi əsas narahatlıq doğuran məqamdır. Bundan başqa, keçmiş sovet respublikaları arasında münasibətlərin normallaşmasına aparan yol mürəkkəbdir. Bir çox ölkələr var ki, onlar Cənubi Qafqazda aktiv mübaqişə ocağını saxlamaqda maraqlıdırlar. Bu ölkələrin hansılar olduğu hər birimizə yaxşı aydındır”.
Qarabağda ermənilərin mina terroruna diqqət çəkən Letiza, beynəlxalq ictimaiyyətin hələ də susduğunu qeyd edib:
“Ermənistanın nizamsız hərbi birləşmələrinin uzun illər ərzində sərhədlər boyu yerləşdirdiyi piyada əleyhinə minalar problemi var. Qarabağ uzun müddətdir ki, dünyanın ən çox minalanmış ərazilərindən biri olub.
2000-ci ildən Ermənistanın nəzarəti altında olan Qarabağın minalardan təmizlənməsi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı Halo Trust birinci Qarabağ müharibəsindən sonra qalan bombaların zərərsizləşdirilməsi işini 2020-ci ildə başa çatdırmağı planlaşdırırdı.
2020-ci ilin noyabr ayında Azərbaycanda minaların partlaması nəticəsində yüzlərlə azərbaycanlı həlak olub. Beynəlxalq ictimaiyyətin Qafqazda müşahidə edə biləcəyi şeylər göstərir ki, yalnız ictimai rəyin və müxtəlif təşkilatların mina probleminin qarşısını almaq üçün tədbirlər görmək istəməyən hökumətlərə geniş və fasiləsiz təzyiqi bu silahların qəti qadağan edilməsi məqsədinə nail ola bilər”.
Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio isə sülh müqaviləsinin imzalanma prosesinin uzanmasının bir neçə səbəbi olduğuna diqqət çəkib:
“Düşünürəm ki, ermənilərin əksəriyyəti Qarabağın Azərbaycanın bir hissəsi olması ilə barışa bilmirlər. Üç il əvvəl hərbi məğlubiyyətə uğramasına baxmayaraq, yenə də Qarabağı itirəcəkləri ilə barışa bilmirlər. Onlara qarşı 1915-ci il soyqırımını yenidən yaşayırlarmış kimi düşüncələri var. Bunu hər gün yenidən yaşayırlar və şəxsiyyətlərində bu qədər nəzərə çarpdığı üçün azərbaycanlılara və əksər ermənilərə heç bir inamı yoxdur.
Lakin mən düşünürəm ki, bu başqa bir şeydir. Onlar Azərbaycanın Qarabağdakı ermənilərə hörmət edəcəyinə inanmırlar, baxmayaraq ki, onların sayı orada çox azdır.
Hesab edirəm ki, Paşinyan üçün çox çətin olacaq, baxmayaraq ki, onun müqavilə imzalamaq istədiyini düşünürəm. Onun üçün həm də ona görə çox çətin olacaq ki, iki böyük qrup - həm erməni diasporu, həm də Ermənistan daxilində bir növ rusiyapərəst qruplar Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanınmasını qəbul etmək istəmirlər”.
Tehran Orucoğlu, Bizim.Media