Yeni Azərbaycan Partiyası YENİlənir?

Yeni Azərbaycan Partiyası YENİlənir?

Hazırda oxunan: Yeni Azərbaycan Partiyası YENİlənir?

12634

"YAP-da islahatlara ehtiyac var. Çünki yeni dövrün çağırış və tələblərinə uyğun dəyişikliklər aparılmalıdır."

Bu nəticə Bizim.Media-nın müvafiq sorğusunda iştirak edənlərin YAP ilə bağlı fikirlərini təhlil edəndə alınır. 

Sorğu apardığımız respondentlər düşünürlər ki, YAP-da yüksək eşalonda təmsil olunan bir çox şəxs var ki, artıq dövrə adekvat deyil.

Bir qismi isə fəaliyyəti zamanı Ulu Öndərin milli və siyasi ideologiyasına xəyanət edib, partiyanın adına ləkə olublar. Ona görə də YAP-ın səlahiyyətli şəxslərindən bir çoxu artıq oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır.

İnsanların niyə belə düşündüklərini öyrənmək üçün Yeni Azərbaycan Partiyasının hazırki durumuna nəzər yetirdik. 

YAP-ın 760 min 580 üzvü var. Sədri Prezident İlham Əliyev, müavinləri birinci xanım Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov (QMKİDK-nin sabiq rəhbəri), Akif Əlizadədir (eks AMEA prezidenti). 

Partiyanın Siyasi Şurasının 84 üzvü var. Onların arasında Hacıbala Abutalıbov (Bakının keçmiş meri), Əli Həsənov (Prezident Administrasiyasının sabiq şöbə müdiri), Abel Məhərrəmov (BDU-nın köhnə rektoru), Misir Mərdənov (eks Təhsil naziri) kimi adları görmək olar.

YAP-ın İdarə Heyətinin 20 üzvü mövcuddur. PA-nın sabiq şöbə müdiri Əli Həsənov partiyanın iyirmiliyində də yer alıb.

Haşiyə çıxaraq qeyd edək ki, Əli Həsənov YAP-ın rəsmi səhifəsində Dövlət İdarəçəlik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri kimi göstərilir.

Lakin Akademiyanın rəsmi internet səhifəsində bu vəzifə vakant, boşdur. Əslində isə vəzifəni Moldovada keçmiş səfir Namik Əliyev icra edir. 

Partiyanın 15 nəfərlik Mərkəzi Nəzarət - Təftiş Komissiyasında sadaladığımız şəxslər yoxdur.

10 nəfərlik İcra Katibliyində Sevinc Fətəliyeva, Ramil Vəlibəyov, Elmar Məmmədov kimi gənclər də var.

Hakim partiya Milli Məclisdə 70 deputatla təmsil olunub. Parlamentin ən gənc üzvü olan Səbinə Xasayeva (1993) da YAP üzvüdür. Hakim partiyanın tanınan millət vəkilləri arasında Vasif Talıbov, Mixail Zabelin, Oqtay Əsədov, Aydın Mirzəzadə kimi adları görmək olar.

Amma Ülviyyə Həmzəyeva, Cəbi Quliyev, Malik Həsənov, Əliabbas Salahzadə, Müşviq Məmmədli, Kamal Cəfərov və onlarla başqa yapçı deputat barədə insanlar elə də məlumatlı deyil. 

Bir çox YAP üzvünün ictimai həyatda fəaliyyəti bəlli olmadığı kimi, dövlət quruculuğunda hansı işləri görməkləri barədə də bir məlumat da yoxdu.

Ən çox rastlaşılan YAP üzvü deputatlar isə Aydın Hüseynov, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Elman Nəsirov, Fatma Yıldırım, Elşad Mirbəşiroğlu və başqalarıdır.

Etiraf edək ki, ən çox gördüklərimizin də əksər açıqlamaları sırf deputat mövqeyi, Azərbaycanın daxili və xarici uğurlarına aid münasibətləridir. Bu səbəbdən də heç onların bəzilərinin hansı partiyadan olduğunu bilən çox deyil. 

YAP-ı təbliğ edən və digər (müxalif) partiyalarla debatlara qatılaraq YAP-ın maraqlarını müdafiə edənlər arasında Elman Nəsirovla Aydın Hüseynovu nümunə göstərmək olar.

VİP, AXCP, Ağ partiyanın suallarına bəzən Siyavuş Novruzov da cavab verir. Lap olsun, adlarını unutduğumuz daha bir neçə deputat, amma yenə də sual yaranır - digər 60 YAP üzvü olan millət vəkili nə işlə məşğuldur?

Hələ 2019-cu ildə YAP-ın məşhur "91"lərindən olan Əli Əlirzayev hakim partiyada islahatlar istəyib:

"YAP-ı təhlil edəndə görmək olar ki, indi onun başında duranların bəziləri Heydər Əliyevçi olmayıb. Mən bunu onların üzünə demişəm. Milli Məclisdə, televiziya kanallarında bəzən çıxıb Heydər Əliyevi tərifləyirlər.

Amma Heydər Əliyevin ağır vaxtlarında onların çoxu görünməyib, hətta çağırışlar olanda gəlməyiblər. Heydər Əliyevin arxasınca məqalə yazanlar indi onun haqqında danışır".

Eks deputat Musa Musayev (2000-2005) də YAP-da islahatların reallaşdırılması tərəfdarı idi. 2019-cu ildə “YAP-çı deputatlar niyə susur” sualına Musa Musayevin maraqlı cavabı olub.

O bildirib ki, “Qorxmurlar… “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi odur ki, birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr”.

Müasir dövrün tələbləri ilə ayaqlaşmaq üçün Yeni Azərbaycan Partiyasında yeniliklər qaçılmazdır.

Bəli, müstəqilliyin ilk illərində YAP Azərbaycan siyasətinə yeni nəfəs idi. Amma o da reallıqdır ki, hazırda tələblər başqadır və 10-20 il əvvəlki fəaliyyət mexanizmi effekt vermir.

Əlbəttə hər il yüzlərlə gənc və tələbənin YAP-a üzv olduğunu bilirik. Amma 1 milyona yaxın üzv bu partiyanı gündəmə çevirə bilmirsə, nəsə dəyişməlidir. 

Sübut kimi elə ən populyar millət vəkillərinə göz gəzdirək:

Razi Nurullayev - MCP

Azay Quliyev - Bitərəf

Erkin Qədirli - REAL

Fazil Mustafa - BQP

Nigar Arpadarai - Bitərəf

Fəzail Ağamalı - AVP

Sabir Rüstəmxanlı - VHP

Vüqar Bayramov - Bitərəf

Tahir Kərimli - VƏHDƏT

Qənirə Paşayeva - Bitərəf

Tural Gəncəliyev - Bitərəf

YAP-çı olmayıb, üzdə olan millət vəkilləri siyahısına Əli Məsimli, Arzu Nağıyev, Sahib Alıyev, Zahid Oruc, Aqil Abbas və başqalarını misal çəkmək olar. 

Bu insanların fəaliyyətinin göz önündə olma səbəblərindən biri də onların media və seçiçilər ilə çalışmasından irəli gəlir.

Digər tərəfdən, başqa partiya mənsubu olan insanlar öz siyasi təmsilçiliyinin haqlı olduğunu isbatlamaq üçün istənilən KİV dəvətinə müsbət cavab verirlər.

Məhz bu səbəbdən də sosial mediada ən çox izlənilən şəxslər Əli Əliyev, İlqar Məmmədov, Tural Abbaslı və başqalarıdır ki, onların da heç biri YAP üzvü deyil.

Doğrudur, son seçkilərdə YAP-dan bir sıra gənc simalar millət vəkili oldu. Amma onların bəzilərinin “fəallığı” nəticə etibarı ilə sual doğurur və partiyanın gələcək  icra edici strukturları tərəfindən yenidən nəzərdən keçirilməlidir. 

Sadalanan nüanslar partiyada islahat vaxtının çatdığına işarə edir. Yenilənmək isə həmişə lazımdır.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO