“Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması çox vacib addımdır. Sülhün bərqərar olması üçün imzalanan sənədə (10 noyabr) bununla bağlı bəndin salınması Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Sənəddə belə bir bəndin olmasının əhəmiyyəti həddindən artıq çoxdur.”
Bu fikirlər Bizim.Media-ya Birgə Monitorinq Mərkəzi ilə bağlı açıqlama verən hərbi ekspert Şair Ramaldanova məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda atəşkəsə nəzarət üçün PUA-lara üstünlük veriləcək - Hərbi ekspertdən detallar…
"Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri üçtərəfili bəyanata ziddir" - Leyla Abdullayeva
Ermənilər Ağdərədə Qaregin Njdenin abidəsinin açılışına hazırlaşırlar
Onun fikrincə, Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə rəğmən ölkə başçısı orada yaşana biləcək problemləri əvvəlcədən bilirdi.
“Buna görə də, müəyyən bir nəzarət mexanizmi olmalıdır. Çünki Azərbaycan ərazisi olsa da, sülhməramlı missiyanın orada olması və fəaliyyətləri tam nəzarətdə deyildi. Bu da müəyyən bir problemlər yaradırdı".
Əlbəttə ki, savaş bizim qələbəmizlə yekunlaşıb. Ərazi bütövlüyümüz bərpa olunub. Lakin cərəyan edən proseslər onu göstərir ki, sülhməramlı qüvvələrin yerləşdiyi ərazi Bakının nəzarətində olmur. Ona görə də istər dəhlizdə (Laçın koridoru), istərsə də digər istiqamətlərdə xoşagəlməz hadisələrin şahidi olurduq.
Şair Ramaldanov qeyd etdi ki, onlardan biri elə Ermənistan XİN rəhbərinin Azərbaycan ərazilərinə icazəsiz səfəridir.
“Onun separatçı rejimin rəhbəri ilə görüşməsi sülhün bərqərar edilməsinə xidmət edən görüş deyildi. Digər tərəfdən Ermənistandan ermənilər Azərbaycan ərazilərinə məcburi köçürülürdü. Bu prosesdə isə, onlara sülhməramlılar kömək edirdi".
Belə informasiyaları elə rus-erməni saytlarında da görmək olar. Amma Azərbaycan tərəfi deyib ki, işğaldan azad olunan torpaqlarda münaqişədən əvvəl həmin ərazilərdə yaşayan ermənilər məskunlaşdırıla bilər.
O biri məsələ də 5-10 nəfər erməninin Kəlbəcərə gedən yolu bağlamasıdır. Necə olur ki, 5-10 nəfər erməni yolu bağlayır? Sülhməramlıların gücü də, yetərincə şəxsi heyəti də var. Rus sülhməramlıları ermənipərəst mövqe sərgiləyir.
Bundan başqa, Azərbaycan prezidenti Xankəndi dediyi halda necə olur ki, rus sülhməramlılarının komandanlığı “Stepanakert” deyir. Bəzi videomateriallarda rus zabitləri Dağlıq Qarabağı “Artsax” adlandırır.
"Həmçinin rus sülhməramlıları ermənilər üçün şərait yaradır, evləri bərpa edir və s. onlar isə fürsətdən istifadə edib, faşist Njdeyə heykəl qoyurlar. Bunlar hamısı onu göstərir ki, monitorinq qrupu (Birgə Monitorinq Mərkəzi) belə problemlərin qarşısını alacaq.”
Hərbi ekspert Şair Ramaldanov Türkiyə lideri Ərdoğanın çıxışından sitat gətirərək bildirdi ki, Monitorinq Mərkəzində türk hərbçiləri Azərbaycanın maraqlarını müdafiə edəcək.
“Ona görə ki, Azərbaycanın maraqları beynəlxalq normalara uyğundur. Sülhməramlı missiya sarıdan Türkiyənin böyük təcrübəsi var. Onlar oxşar fəaliyyətləri Əfqanıstan, Suriya və Liviyada da aparırlar".
“Digər tərəfdən Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq istiqamətində hüquqi baza hazırlanıb. Əgər ehtiyac olarsa, Türkiyə hərbçilərinin sayını da, ümumən Azərbaycanda hərbi kontingentini də çoxalda bilər”.
Hərbi ekspert qeyd etdi ki, bununla da Azərbaycan torpaqlarında kimilərinsə özbaşınalıq etməsinə son qoyulacaq.
Anar Rəhimov, Bizim.Media