TƏBİB müstəqil quruma ÇEVRİLİR – Tarix BƏLLİ OLDU - RƏSMİ

Hazırda oxunan: TƏBİB müstəqil quruma ÇEVRİLİR – Tarix BƏLLİ OLDU - RƏSMİ

87928

4 il əvvəl İcbari Tibbi Sığorta Agentliyinin tabeliyində yaradılan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yaxın gələcəkdə səlahiyyətləri daha da artırılacaq və müstəqil quruma çevriləcək. Konkret olaraq növbəti ildən etibarən TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ayrı-ayrılıqda müstəqil fəaliyyətdə davam edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə bu ilin mayında imzaladığı fərmanda əks olunub.

Fərmanın müvafiq müddəasına görə TƏBİB-in 5 nəfərdən (sədr və 4 üzv) ibarət Müşahidə Şurası yaradılacaq və TƏBİB həmin Şuranın tərkibində fəaliyyət göstərəcək.

TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Səhiyyə nazirinin müavinindən, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılacaq. Müşahidə Şurasının sədri və üzvləri Azərbaycan prezidenti tərəfindən təyin olunacaqlar. 

Fərmanda daha sonra qeyd olunur ki, 2023-cü ildən Azərbaycanın bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən Səhiyyə Nazirliyinə keçəcək.  Belə ki, TƏBİB-in tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə verilir və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirəcək. 

Beləliklə Səhiyyə Nazirliyinin Aparatının ştatı 88 nəfərdən 130 nəfərədək artırılacaq. 

Fərmana əsasən, Səhiyyə Nazirliyi tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, səhiyyə sahəsində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaratmalıdır və 2023-cü il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO