Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, spiker Sahibə Qafarova Kanada parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyətini müsbət qiymətləndirib, eyni zamanda dostluq qrupunun Kanadadakı Azərbaycan diasporu ilə əməkdaşlığını təqdirəlayiq hesab etdiyini deyib.
Diqqətə çatdırıb ki, bu səfər Kanada-Azərbaycan parlamentlərarası münasibətlərini inkişaf etdirmək səylərinin bariz nümunəsidir.
Milli Məclisin sədri parlamentlərarası dostluq qruplarının mühüm rolundan danışaraq qeyd edib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin ən mühüm tərkib hissələrindən biridir.
Milli Məclisin sədri bir neçə aydan sonra iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunacağını bildirərək, ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.
Spiker Sahibə Qafarova qonaqlara Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etməsi barədə də məlumat verib. Milli Məclisin sədri 30 illik işğal dövründə Ermənistanın törətdiyi dağıntılar haqqında danışıb və qonaqların Ağdama səfər zamanı bunun canlı şahidi olduqlarını qeyd edib.
Diqqətə çatdırıb ki, artıq münaqişə tarixə qovuşub. Biz sülh və sabitlik haqqında danışmaq istəyirik.
Spiker Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər haqqında məlumat verərək tezliklə iki ölkə arasındakı danışıqların sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə inamını ifadə edib.
Sahibə Qafarova qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə ən böyük problem onların Ermənistan tərəfindən minalanmasıdır. 10 noyabr 2020-ci il tarixindən etibarən 210-dan çox mülki və hərbi vətəndaşımız mina partlayışları nəticəsində həlak olub və yaralanıb.
Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olsa da, onların təmizlənməsi üçün ən az beynəlxalq dəstək alan ölkələrdəndir.
Qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourens münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən danışıb. O, parlamentlərarası əlaqələrin daha da inkişafının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib, ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib.
Qonaq Ağdama səfərləri çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. O, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına və regionda davamlı sülh və sabitliyin bərqərar olacağına inandığını söyləyib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.Görüşdə Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:01 / 25.05.2022
Sahibə Qafarova kanadalı parlamentarilərlə görüşdü
Hazırda oxunan: Sahibə Qafarova kanadalı parlamentarilərlə görüşdü
Hazırda oxunan: Sahibə Qafarova kanadalı parlamentarilərlə görüşdü
76178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.