Rusiya tərəfindən Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin məhv edilməsi ilə bağlı yeni araşdırma dərc ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə materialı “Minval Politika” nəşri hazırlayıb.
Mənbə bu dəfə daha əvvəl ictimaiyyətdə adı hallanmayan şəxslərlə bağlı məlumatları gün üzünə çıxaracaq.
Jurnalist araşdırmasının müəllifləri qeyd edirlər ki, söhbət bu hadisədə əli olan, lakin indiyədək medianın diqqətindən kənarda qalan fiqurlardan gedir.
Minval Politika-nın baş redaktoru Emil Mustafayev bildirib ki, onlarda olan materiallar Azərbaycanın müvafiq istintaq orqanlarına təqdim olunmağa hazırdır. Hazırda həmin orqanlar AZAL təyyarəsinin vurulması faktı üzrə araşdırma aparırlar.
Onun sözlərinə görə, rəsmi Rusiya bu günə qədər Minval Politika-nın araşdırmalarına heç bir reaksiya verməyib:
“Nə bir təkzib, nə də təqdim olunan faktları şübhə altına almaq cəhdi görürük. Halbuki Kreml adətən, hətta ən kiçik tənqidlərə belə dərhal və kəskin reaksiya verir. Bu dəfə isə – tam səssizlik. Bu səssizlik istənilən bəyanatdan daha aydın danışır. Demək ki, deyəcək bir sözləri yoxdur. Bizim yayımladığımız hər şey – həqiqətdir.”
Mustafayev qeyd edib ki, yaxın günlərdə yeni ifşaedici materiallar dərc olunacaq və bu sənədlər təkcə Azərbaycan ictimaiyyətini deyil, beynəlxalq auditoriyanı da ciddi şəkildə silkələyə bilər.
Bizim.Media