Dünyanın axarına baxdıqda, keçmişdən bu günədək heç bir tarixi həqiqətin silinmədiyini, yox olmadığını görmək o qədər də çətin deyil. Qərbi Azərbaycan həqiqətləri də tariximizin sənədli-sübutlu bir parçasıdır. O yerlərin əzəli ata-baba yurdumuz olduğu həqiqəti bir çox tarixi sənədlər, xəritələr, ən əsası isə yaddaşlardan əsla silinməyəcək xatirələrlə möhürlənib. Elə bu səbəbdən də ermənilərin uydurduqları yalanların hamısı uğursuzluğa məhkumdur.
Qərbi Azərbaycandan zaman-zaman didərgin düşmüş soydaşlarımızın acı fəryadları, üzləşdikləri fəlakətlər yaxın tarixin erməni təcavüzü sırasında yer alıb. Doğma ellərdəki qərib yurdumuzun - Qərbi Azərbaycanımızın bir zamankı gözəl günləri, erməni zülmünün acı xatirələri, işğal altında qalan yerlərin həsrəti sənədli və bədii əsərlərdə, şeirlərdə, tarixi araşdırmalarda dərin iz qoymuş və əbədiləşmişdir.
''Qərbi Azərbaycan bizim tarixi yurd yerimiz, əzəli torpaqlarımız olub. Bu torpaqlara zaman-zaman erməniləri planlı şəkildə yerləşdirməklə həmin ərazilərdən türk izini itirməyə, Qərbi Azərbaycanı erməniləşdirməyə çalışıblar. 1918-1921-ci illərdə bəlli güclər tərəfindən qədim Azərbaycan torpaqları düşünülmüş şəkildə indiki Ermənistana verilib. Eyni zamanda tarixi adlarımız heç bir kökü olmayan erməni adları ilə əvəz olunub. Bütün bunlara baxmayaraq, biz Qərbi azərbaycanlılar tariximizi heç zaman unutmamış, ata-baba yurdumuzdakı bölgələri öz tarixi adları ilə çağırmışıq''. Bu sözləri əslən irəvanlı olan inşaat mühəndisi Zakir Atasevər bildirib.
O deyib: "Ötən əsrin müxtəlif dövrlərində təxminən yüz il ərzində ata, baba və nənələrimiz öz yurd-yuvalarında bir çox faciələr, soyqırımları və qırğınlarla üzləşiblər. Bu təzyiqlərə davam gətirə bilməyən ailələrdən biri də əslən İrəvan quberniyasının Eçmiədzin (Üçkilsə) qəzasından zorla qovulan Ataseverlər, yəni mənim ailəm olub. Həm atamın, həm də babamın bu günədək saxladığım xatirə dəftərlərini vərəqlədikcə, ermənilərin necə qəddar və amansız olduqlarının şahidi oluram.
Zakir Atasevər babası Əsət Atasevərin və atası Nuri Atasevərin onlara miras buraxdığı xatirə dəftərlərini vərəqləyir və hər sətri bir tarix olan dəftərlərin solğun yazılarını bizimlə paylaşır.
Əsət Atasevərin xatirə dəftərindən bəzi qeydlərə nəzər salaq.
''Biz İydəli (Sərdarabad) kəndində yaşayırdıq. İydəli İrəvan quberniyasının Eçmiədzin (Üçkilsə) qəzasına bağlı bir kənd idi. Kəndimiz rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşirdi. Atamın adı Əli, anamın adı isə Səkinə idi. 3 yaşımda atamı itirdim. 15 yaşımdan sonra kənddə ticarətə başladım. İrəvandan mal alıb kənddə satırdım. Hər dəfə İrəvana gedib döndüyümdə ermənilər tərəfindən təzyiqə məruz qalırdım. Çünki kəndimiz erməni kəndlərinin arasında tək müsəlman kəndi idi. Kəndimizdə yalnız türk əhalisi yaşayırdı: 1831-ci ildə 113, 1873-cü ildə 562, 1886-cı ildə 629, 1897-ci ildə 706, 1904-cü ildə 880, 1914-cü ildə 934, 1918-ci ildə isə 880 nəfər var idi.
Son günlər ermənilər müsəlmanlara qarşı təxribat törətməyə başladılar. Gah evlər yandırıldı, gah yollarda günahsız insanlar öldürüldü, gah da gözümüzün önündə dükanlarımız yerlə-yeksan oldu. Kənddə yaşamaq çox təhlükəli olmuşdu. Ruslar ermənilərə silah və patron paylamışdı. Bizdə isə silah olsa da, patronumuz çox az idi. Ermənilər bizə bu torpaqlar bizim torpaqlardır, siz Azərbaycana köçün deyirdilər. Amma biz ata-baba torpaqlarımızı qorumaq üçün əlimizdən nə gəlirdi edirdik. Gecələr növbə ilə kəndi qoruyurduq. Amma bu mümkün olmadı...
O gecə çox vahiməli idi. Əslində hər gün ermənilərin hücum edəcəyini bilib qorxu içində yaşayırdıq. Amma başqa çarəmiz də yox idi. Biz təlaşdan evlərdə tək qalmırdıq, qohum-əqrəba hamımız bir evə yığışırdıq. Və həmin gecə qəflətən açılan atəş səslərinə evlərdən çölə çıxdıq. Ermənilər çıxıb getməyimizi tələb edir, əks halda bizi öldürəcəkləri ilə hədələyirdilər. Biz mal-qaranı tövlədə, toyuq-cücələrimizi hində qoyub canımızı götürüb qaçdıq. Min bir əzab-əziyyətlə İrəvana gəldik. Uşaqların gözləri önündə ata-anaları öldürüldü. Hər tərəf qan gölünə dönmüşdü...
İrəvanda müsəlmanların yaşadığı Demirmenler küçəsində yaşamağa başladıq. Amma ora da çox təhlükəli idi. Qonşumuz Hacı Məhəmmədi ailəsi ilə birlikdə evində öldürdülər. Artıq o məhəllədən də qaçmaq məcburiyyətində qaldıq. Qohumlarımızla birlikdə müsəlmanların yaşadığı başqa bir məhəlləyə köçdük. Hər gün bizim yaşadığımız məhəllə atəşə tutulurdu. Mart ayından başlayan qarışıqlıq iyun ayına qədər davam etdi.
İyul ayından Anadoludan, Azərbaycandan və Naxçıvandan gətirilən erməniləri müsəlmanlar yaşayan məhəllələrə və kəndlərə yerləşdirdilər. Gəlmə ermənilər bizə çox qəddar davranırdılar.
Bir gün xəbər gəldi ki, Ermənistan hökuməti ilə Osmanlı arasında anlaşma imzalanıb. Osmanlının səfiri Məhmədəli Paşa İrəvana gələrək dedi ki, istəyən İrəvanda qalsın, istəməyən isə kəndə qayıdıb Osmanlıya tabe olsun. Artıq anlaşmamız var, sizlərə kimsə zülm edə bilməyəcək. Biz yenidən İydəli kəndinə qayıtdıq. 3 ay hüzurlu ömür sürdük. Amma Osmanlının çöküşü bizim çöküşümüz oldu.
Osmanlı getdi və yerini ermənilər tutdu, ağır günlərimiz başladı. Bütün silahlarımız və azuqələrimiz əlimizdən alınır, vermək istəməyənlər öldürülürdü. Hətta Canfəda kəndində gəncləri bir evə toplayaraq öldürdülər.
Gecəylə kəndi tərk edib Zəngibasarın Karhun kəndinə getdik. Özümüzlə heç nə götürə bilmədik. Çünki yolda ermənilər hücum çəkib hər şeyimizi əlimizdən alırdı.
Zəngibasarda qıtlıq başlayanda ailəmi götürüb Naxçıvana getdim. Yolda anam və kiçik oğlum öldü. Çox ağrı-acı yaşadıqdan sonra İğdıra gəldik və orada yaşamağa davam etdik''.
Zakir Atasevərin atası Nuri Atasevər də 1915-ci ildə İydəli kəndində dünyaya göz açıb: ''Atam dünyaya gələndə İydəli kəndinin təxminən 150 illik tarixi varmış. 1918-ci ildə erməni zülmündən canını qurtaran atamgil Naxçıvana yerləşiblər. 1921-ci ildə ara sakitləşdikdən sonra təkrar İydəli kəndinə qayıdıblar. Atamgilin kəndi təmiz müsəlman kəndi olmasına baxmayaraq, kəndə qayıtdıqlarında 150 yeni erməni ailəsinin İydəli kəndinə yerləşdirildiyini görüblər. Ona görə də kəndə yalnız 40-50 ailə qayıdıb. Qalanları İrana, Türkiyəyə və Azərbaycana köçüblər. Atam 1925-ci ildən 1930-cu ilə kimi İrəvanda oxuyub, sonra ailəsi ilə birlikdə İğdıra köçüb''.
Xatırladaq ki, 1918-ci ilin fevral ayında İydəli kəndi erməni vəhşiliyinə məruz qalıb və əhalisi torpaqlarını tərk etməyə məcbur olub. Onların yerinə kənddə Eleşkirt, Bəyazıt, Sason erməniləri məskunlaşıblar. Sovetlər Ermənistanda vəziyyəti nəzarətə götürdükdən sonra sağ qalan türklər öz kəndlərinə qayıdıblar. 1922-ci ildə burada ermənilərlə birlikdə 87 türk, 1926-cı ildə 55, 1931-ci ildə 80 türk qeydə alınıb.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddəki türklər 1948-1949-cu illərdə öz yurdlarından işləmək adı altında Azərbaycana köçürülüblər.
Xatirələrini bizimlə bölüşən Z.Atasevər həm də bir Azərbaycan sevdalısıdır. Yazdığı şeirlərinin çoxusu Azərbaycana və Qarabağa həsr olunub. O, Azərbaycanın şad gününə ürəkdən sevinən, dar günündə üzülən bir insandır.
Z.Atasevər sonda vurğuladı ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmi onu göstərir ki, Qərbi Azərbaycana qayıdış reallaşacaq. Mən buna inanıram və əminəm ki, hər keçən gün bizləri o günlərə bir addım daha da yaxınlaşdırır. Bax, o zaman nənə-babalarımızın ruhları şad, bizim arzularımız isə çin olacaq.
Onu da qeyd edək ki, Zakir Atasevər Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevərin atasıdır.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin
Türkiyə üzrə müxbiri.
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 29.09.2024
Tarixi yaşadan xatirə dəftəri - FOTO
Hazırda oxunan: Tarixi yaşadan xatirə dəftəri - FOTO
Hazırda oxunan: Tarixi yaşadan xatirə dəftəri - FOTO
213643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.