Ölümcül fəsadları olan palma yağını AQTA niyə faydalı hesab edir? – ARAŞDIRMA 

Ölümcül fəsadları olan palma yağını AQTA niyə faydalı hesab edir? – ARAŞDIRMA 

Hazırda oxunan: Ölümcül fəsadları olan palma yağını AQTA niyə faydalı hesab edir? – ARAŞDIRMA 

144907

Bu gün Azərbaycanın ərzaq bazarında “bitki yağı” adı ilə satışa çıxarılan palma tərkibli yağların sayı kifayət qədər artıb. Son statistik məlumatlar da sübut edir ki, belə yağlar artıq hər bir azərbaycanlının mətbəğində vacib məhsullardan birinə çevrilib. Marketlərdə satışa çıxarılan bitki yağlarının tərkibini oxuduqda, məlum olur ki, əslində, tərkibində böyük miqdarda, hətta daha artıq palma yağının fraksiyaları var.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayları üçün yaydığı hesabatda, bu dövr ərzində Azərbaycana 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton “xam palma yağı və onun fraksiyaları” idxal edildiyi əks olunub. 


Sənədə əsasən, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51% və ya 12 min 370 ton azalıb. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana əsasən Malaziyadan 5 min 937 ton, İndoneziyadan isə 5 min 911 ton palma yağı idxal edilib.

Bu statistik rəqəmdir. Bir neçə düşündürücü sual yaranır:

Xam palma yağının bu qədər həcmdə Azərbaycana idxal olunması nə ilə bağlıdır? Bu yağların ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hansı nəzarət tədbirləri həyata keçirilir? Bu yağlar əsasən sahələrdə istifadə olunur? 

AQTA: “Palma yağının kulinariyada istifadəsinə rast gəlmək olur”


Bu suallara cavab tapmaq üçün AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinə sorğu göndərdik. 

Bizim.Media-ya verilən cavabda, AQTA tərəfindən qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətinin və tənzimləməsinin həyata keçirildiyi diqqətə çatdırılıb: 

“Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər keçirilir. 
Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunur. Sınaq nəticələrinə əsasən, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Bakı Regional Sınaq Laboratoriyasında AQTA-nın Kollegiyasının 20 nömrəli Qərarına əsasən, palma yağında minimum keyfiyyət və tərkib göstəriciləri, eyni zamanda kimyəvi və fiziki xüsusiyyətləri, yağ turşu tərkibi (ümumi yağ turşularının faiz nisbəti) və təhlükəsizlik göstəricələri müayinələri aparılır.

Yağ turşu tərkibi müayinəsi ilə həmçinin palma yağının növlərinin 20 saylı qərara əsasən, təyini həyata keçirilir. Müayinələr beynəlxalq ISO, AOAC, ASTM, NMKL, QOST kimi standart metodlardan istifadə edilərək həyata keçirilir.


Laboratoriyada müayinə zamanı istifadə olunan avadanlıqlar yüksək dəqiqliyə və həssaslığa malik olub, mütəmadi olaraq standart referans materiallar istifadə olunaraq, keyfiyyətinə nəzarət edilir”. 

Cavabda vurğulanır ki, palma yağı məzə-qəlyanaltılardan tutmuş qida və kosmetika sənayesinə qədər dünyada ən geniş istifadə edilən bitki yağlarından biridir:

“Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlarda, eləcə də texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur.

Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcəyə qədər qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir. Əgər texniki məqsədlər üçün olan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir”. 

Bu yağın Qərbi Afrika mənşəli palma ağacının meyvəsindən hazırlandığı və bir növünün meyvənin lətli hissəsindən (palma yağı), digərinin isə toxum və ya çəyirdəkdən (palma çəyirdək yağı) alındığı diqqətə çatdırılıb: 

“Meyvənin lətli hissəsindən alınan xam palma yağı ümumi palma yağı istehsalının 55%-ni təşkil edir. Palma meyvələrinin emalı zamanı qırılmayan və meyvə lətindən asanlıqla ayrılan palma qozları da yağlarla zəngindir.

Doymuş yağ turşularının yüksək nisbətinə görə (50%) palma yağı otaq temperaturunda bərk olur. Nisbətən yüksək ərimə nöqtəsinə malik olduğundan, hətta isti iqlim şəraitində belə qida sənayesində bir çox tətbiq sahəsinə malikdir. Yüksək istiliyə davamlılıq xüsusiyyətinə sahib olan bu yağ antioksidantlar, karotinlər (A vitamini) və E vitamini ilə zəngindir”.

AQTA-nın cavabından belə aydın olur ki, palma yağının insan orqanizminə ciddi mənfi təsiri yoxdur. 

Bəs əslində necədir? Bu yağların insan orqanizminə hansı təsirləri var?


Dünya mətbuatın yazdığına görə, son elmi araşdırmalar palma yağından istifadənin həddən artıq ziyanlı olduğunu göstərir. Alimlər bu yağdan nəinki qida kimi istifadənin, onun hətta texniki baxımdan istifadəsinin də zərərli olduğunu qeyd edirlər.

Belə ki, bu yağlardan çox istifadə etmək piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır. 

Son 50 ildə dünyada palma yağının istehsalında ciddi artım olub. 1995-2015-ci illərdə isə palma yağının istehsalı 15.2 metr tondan 62.6 metr tona çatıb. 2050-ci ilədək isə bu rəqəmin 240 metr tona çatacağı proqnozlaşdırılır. Bu gün dünyanın 150 ölkəsində 3 milyard insan palma yağı məhsullarından istifadə edir. İllik olaraq isə hər bir insanın 8 kiloyadək palma yağı qəbul etdiyi bildirilir.

Palma yağının geniş yayılmasının səbəbi isə ucuz başa gəlməsi və daha keyfiyyətsiz hesab edilən bütün digər yağları əvəzləyə bilməsidir. Onun zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bildiriblər.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən aparılmış təhlildə göstərilir ki, dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğu müəyyən edilib. 

ÜST həmçinin etiraf edir ki, palma yağının faydalı olduğunu əks etdirən elmi məqalələrin 50 faizini Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayırlar.

Yəni, bunu insanların yağdan istifadə zamanı qorxmaması üçün istehsalçılar edir. Avropa Qida Təhlükəsizliyi Birliyi palma yağının 200 dərəcədən yuxarı temperaturda rafinə edildiyi halda, digər bitki yağlarından daha çox xərçəng meydana çıxardığını açıqlayıb.

Buna görə trans yağ adı verilib və insan orqanizmi üçün birmənalı olaraq zərərlidir. Mütəxəssislərin fikrincə, bu yağlar ürək-qan damar sisteminə, mədəaltı vəziyə müəyyən fəsadlar törədə bilər.

Artıq bu ölkələr palma yağından imtina ediblər

ABŞ-ın Qida və Dərman Təhlükəsizliyi Agentliyi 2015-ci ildə yaydığı məlumatda, marqarin və palma yağından imtina etdiyini rəsmi şəkildə bəyan edib. Məlumatda, bu yağların satışdan yığışdırılması və istehsalının dayandırılması üçün 3 ilədək zaman verildiyi qeyd olunmuşdu.

Ətraf mühitə və insan səhhətinə zərərlərinə görə bu gün Avropa Birliyinin bir sıra ölkələri, xüsusən də Norveç palma yağından imtina edir. Artıq Avropa sürətlə “palma yağından imtina” xətti götürüb və ən yaxın zamanlarda bu yağın tamamilə istifadədən çıxarılması gözlənilir.

Qida eksperti: Palma yağı ankoloji, xərçəng və şəkər şəkər xəstəlikləri yaradır

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova,  son illər Azərbaycanda və digər inkişaf etməkdə olan ölkələrdə palma yağından istifadənin kütləvi hal adığını bildirib. 


Onun sözlərinə görə, həm ucuz başa gəldiyi, həm də palma yağından hazırlanan qidaların rəf ömrü uzun olduğu üçün geniş şəkildə istifadə olunur:

“Dadını, qoxusunu və strukturunu uzun müddət dəyişmədən saxlaya bilir. Ölkəmizə müsəlman ölkəsi kimi tanıdığımız Malayziya və İndoneziyadan gəlsə də, son illər Rusiya və Ukrayna kimi ölkələrdən də idxalı başlayıb. Avropa dövlətlərinin qanunvericiliyində belə bir müddəa var ki, etiketdə palma yağının nə qədər olduğu barədə məlumat mütləq əks olunmalıdır. 
Ancaq Azərbaycan qanunvericiliyində bu müddəa olmadığı üçün palma yağı təmiz yağ şəklində satılan məhsulların tərkibində çoxluq təşkil edir. Açıq şəkildə satılan yağların bır çoxunda bu yağın olduğu, bir çoxunda isə ancaq bitki tərkibli olduğu göstərilir. Bu isə qida və biznes hiyləsi kimi görünür və bu da istehlakçıların aldadılması deməkdir”. 

Onun sözlərinə görə, bu yağların insan orqanizmi üçün zərərləri həddindən çoxdur və sözügedən fakt beynəlxalq səviyyədə sübut olunub: 

“Belə yağları və məhsulları istifadə etsək də, insan orqanizmində qəbul olunmur, damarlarda və bəzi hüceyrələrdə toplanaraq uzun müddət qala bilir. Müəyyən müddət sonra ankoloji xəstəliklərin, eləcə də ürək-damar və şəkər-diabet xəstəliklərin və piylənmənin yaranmasına səbəb olur”.

Ekspert qeyd edib ki, bu yağlardan kosmetik vasitələrinin istehsalında da geniş istifadə olunur:

“Bu da insan dərisi üçün çox zərərlidir. Bu yağların tərkibindəki doymuş yağlar kifayət qədərdir və bu insan orqanizmində sərbəs radikalları daha da artırır, yəni həm daxili orqanlarda, həm də dəridə xərcəng xəstəliyinin yaranmasında böyük rol oynayır”. 

Müsahibimiz sonda qeyd edib ki, istehlakçılarımız alış-veriş edərkən tərkibində palma yağı olan məhsulları almamağa diqqət yetirməlidirlər:

“Əsasən də, şokalad, peçenye, vafli, bəzi konfet növlərində, bir çox un məmulatlarında, paketlənmiş şirniyyatların hər birinin tərkibində bu yağlardan var və sözügedən məhsulları gündəlik rasiondan çıxarmağa çalışsınlar. Xüsusilə də azyaşlı uşaqlar və inkişaf prosesində olan yeniyetmələr və gənclər bu məhsullardan uzaq olsunlar. Lakin təəssüflər olsun ki, İstehsal zamanı bu yağlardan istifadə olunmayan məhsulların sayı kifayət qədər azdır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO