Müstəqilliyin ilk illərində ölkədə yaranan xaos digər sahələr kimi yerli filmlərin istehsalını da ləngidən məqamlardan biri idi.
Buna baxmayaraq, müstəqilliyimizin ilk illərində də kiçik büdcəli Azərbaycan filmləri çəkilirdi. Bəzilərinin istehsalı isə mövcud vəziyyətdən asılı olaraq ləngiməkdə idi.
Bizim.Media-nın araşdırmasına əsasən, Azərbaycanın müstəqillik illərində çəkilən ilk milli film 1995-ci ildə rejissor Gülbəniz Əzimzadənin ekranlaşdırdığı “Ümid” filmidir.
MÖVZU İLƏ BAĞLI:
“Zeyvə” Tarantinonun filminə necə daxil oldu? – Azərbaycan xalçaları Hollivudda
Xronologiyaya nəzər salsaq görərik ki, 1993-cü ildə çəkilən “Təhminə və Zaur”, “Qara Volqa” kimi məşhur filmlərimiz var. Lakin “Ümid” filmi ona görə müstəqi Azərbaycanın ilk milli filmi hesab edilir ki, film müstəqilliyimizdən sonra “Azərbaycanfilm” Kinostudiyasının sifarişi əsasında çəkilən ilk filmdir. Adını vurğuladığımız digər filmlər isə məhz sponsor vəsaiti hesabına çəkiliblər.
Filmin sujet xətti dövrün təsvirinə uyğun olaraq Birinci Qarabağ müharibəsi üzərində qurulub.
Müharibədə öz torpağını müdafiəyə gedib, müharibənin acı nəticələrini öz bədənində və ruhunda daşıyaraq geri qayıdan qeyrətli Azərbaycan oğullarının taleyindən bəhs olunur. Maraqlı məqam burasındadır ki, filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıdakı hərbi xəstəxanalardan birində bir sutka ərzində baş verir.
Əsərin müəllifi Rövşən Alımuradlı, ssenari müllifi Orxan Fikrətoğlu, rəssam Mayis Ağabəyov, bəstəkar isə Aydın Əzim Kərimoğludur.
Filmdə məşhur aktyorlarımızdan Xalq Artistləri - Fuad Poladov, Əminə Yusifqızı, Şükufə Yusupova və Məmməd Səfa çəkilib.
Leyla Şah, Bizim. Media