Qarşılaşdığı çətinliklərə baxmayaraq teatrlar bu gün də fəaliyyətdədir. Çox təəssüflər olsun ki, bu gün teatra gedən tamaşaçıların sayı olduqca aşağı səviyyədədir. Müasir gənclər asudə vaxtlarını sosial şəbəkələrdə keçirməyə daha çox meyillidirlər, nəinki teatrda...
Gənclər niyə teatra getmir?
Mövzu ilə bağlı Bizim Media-ya danışan teatrşünas Aydın Talıbzadə bildirib ki, gənclərdə teatra marağın azalmasına səbəb müasir dövrün problemləriylə əlaqədardır.
“Maraq öz-özünə yaranmır, maraq tərbiyə edilir, təbliğ olunur, marağın reklama ehtiyacı var və bu, bütün sahələrə aiddir. O ki, qaldı gənclərdə teatra marağın azalması məsələsinə, deməliyəm ki, bu, müasir tarixi dönəmin çoxsaylı sosial-siyasi, mənəvi-əxlaqi, kulturoloji problemlərilə bağlıdır. Bu gün Yer kürəsinin özü sanki dünya siyasətinin minalar zonasına düşüb və bu minalardan biri hər an partlayıb bəşəriyyəti fəlakətə sürükləyə bilər.
Telekanallarda, "YouTube"-da ən çox tirajlanan bu görüntülərdir: nəyi nə cür bişirək, necə sağlam qalaq, nə geyinək, harada dincələk?
Mənəviyyata, ruhsallığa yönəlik təbliğat minimaldır. Ədəbiyyat, teatr, kino insanları təkcə əylənməyə yox, hər şeydən öncə düşünməyə dəvət edir. Düşünmək üçün vaxt lazımdır. Bütün həzzlərin, dadların ən alisi düşüncədir. Müasir insanın isə düşünmək üçün zamanı yoxdur. O harasa qaçır, daim maddiyyət, komfort axtarır.
Roman, film, tamaşa isə o zaman yaşayır ki, onun haqqında danışırlar, onu müzakirə eləyirlər. Teatrı da yaşadan əsas amil mühitdir, mənəvi-əxlaqi atmosferdir. Müasir dövrümüzdə düşünməyin özü nüfuzdan düşür. Çünki insanın əvəzinə düşünən süni intellekt var, onun funksiyalarını gerçəkləşdirən robotlar var”.
Bəs problemin həlli nədir?
Aydın Talıbzadə problemin həllini belə görür:
“Biz gün-gündən nüfuzunu itirən teatr əsrində müsafirlərik. Qəribədir, teatr nə qədər sürət yığırsa, müasir proseslərə yetişə bilmir, gecikir. Gənclərin isə teatrı gözləmək imkanı yoxdur.
Digər tərəfdən cəmiyyət gəncləri bir "telefon şəxsiyyəti" kimi formalaşdırıb. Onlar dofamini (beynin "ödülləndirmə sistemi"nin elementi) telefon görüntülərindən çox ucuz və asanlıqla əldə edirlər və primitivləşirlər. Bu isə artıq çox qlobal bir problemdir. Bütün bunları Azərbaycan teatrının çağdaş durumuna proyeksiya eləyib danışsaq, məsələ qat-qat mürəkkəbləşəcək. Bir sözlə, gənclər teatrı özlərinə maraqlı etməyincə, bu problemi aradan qaldırmaq mümkün olmayacaq”.
Çiçək Sadatova, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:00 / 13.07.2024
Gənclər niyə teatrlara GETMİR? – Maraqlı SƏBƏBLƏR
Hazırda oxunan: Gənclər niyə teatrlara GETMİR? – Maraqlı SƏBƏBLƏR
Hazırda oxunan: Gənclər niyə teatrlara GETMİR? – Maraqlı SƏBƏBLƏR
201752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.