Avropada hansı şirkətlər Azərbaycandan qaz istəyir? – Bakı Qərbin DİQQƏT MƏRKƏZİNDƏ

Avropada hansı şirkətlər Azərbaycandan qaz istəyir? – Bakı Qərbin DİQQƏT MƏRKƏZİNDƏ

Hazırda oxunan: Avropada hansı şirkətlər Azərbaycandan qaz istəyir? – Bakı Qərbin DİQQƏT MƏRKƏZİNDƏ

98096

Yola saldığımız həftəni Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində yeni müstəviyə keçidi  kimi xarakterizə etmək olar. Məsələ təkcə Azərbaycan qazının Avropa bazarına alternativ mənbələrdən gələn enerjidaşıyıcısı rolundan getmir.

Qərb artıq Azərbaycana enerji təhlükəsizliyinə töhvə verən ölkədən əlavə ümumi təhlükəsizlik sistemində iştirak edə biləcək dövlətlərin sırasında da görür. 

Azərbaycan oktyabrın 6-da Praqada Avropa İttifaqının təşəbbüsü ilə ilk dəfə keçirilən “Avropa siyasi birliyi” zirvə toplantısına qatılaraq sadəcə iştirakçı olmadı, diqqət mərkəzində olan dövlət kimi tədbirin işində fəal iştirak etdi. Ümumilikdə 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirin məqsədi isə Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etmək idi. 

Rəsmi Brüssel 2022-ci ildə Avropa qitəsində yaşanan hərbi-siyasi gərginlik, Rusiya ilə olan münasibətlərin kəskinləşməsi səbəbindən ənənəvi enerji resurslarının qəfil qıtlığı və iqtisadi tənəzzül vəziyyətində onunla qonşuluq əlaqələrində olan ölkələrlə münasibətlərini inkişaf etdirmək niyyətini ortaya qoyur. Təbii ki, Azərbaycanın regionda olan nüfuzu, 2020-ci ildən başlayaraq hərbi-siyasi vəziyyəti öz xeyrinə dəyişmək uğuru və enerji siyasətində dayanıqlı oyunçu obrazı Qərbin diqqətini çəkir. Belə bir şəraitdə rəsmi Bakı ilə münasibətləri dərinləşdirmək Avropanın gələcək inkişafına təsir edən amil ola bilər. 

Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Praqada Azərbaycanın yerli telekanallarına geniş müsahibə verib və onun fikirlərini bu səpkidə çeşidləmək mümkündür:

Azərbaycan-Avropa İttifaqı münasibətləri.  

Azərbaycanın həm Avropa İttifaqı tərəfindən Avropa ailəsinə dəvət edilməsi əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.

Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, ilk növbədə, enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərəm. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu. Biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə, indiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Biz 2022-ci ildə ötən illə müqayisədə Avropaya qaz ixracatımızı 40 faiz artıracağıq.

Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. 

Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik.

Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. 
 

Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır. Ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.


Avropada hansı şirkətlər Azərbaycandan qaz istəyir? Avropanın qaz-nəqliyyat operatorları Azərbaycanla əməkdaşlığın genişləndirilməsini təklif edir. Bu haqda Bolqarıstan tərəfi məlumat yayıb.

Məlumata görə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz operatorları "Bulgartransgaz", "Transgaz", "FGSZ" və "Eustream" mövcud şəbəkələrlə əlavə təbii qaz həcmlərinin nəqli yolu ilə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üzrə birgə addımlar atmağı təklif edir. Qaz-nəqliyyat operatorları Aİ ilə Azərbaycan arasında 2022-ci il iyulun 18-də imzalanmış strateji əməkdaşlıq sazişi çərçivəsində işlərini davam etdirəcəklərini bəyan ediblər.

Xatırladaq ki, bu şirkətlərin Avropa bazarlarına çıxarılacaq Azərbaycanın əlavə qaz həcmlərinə marağı oktyabrın 1-də Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istismara verilməsindən sonra başlayıb. Çünki Bolqarıstanla bu ölkələr arasında olan mövcud borular yeni infrastruktur yaratmadan Azərbaycan qazının idxalına imkan verir.  

II Azərbaycan-Türkiyə Enerji Forumu 5-6 oktyabr tarixlərində İstanbul şəhərində Azərbaycan və Türkiyə energetika nazirləri Pərviz Şahbazov və Fatih Dönməsin iştirakçılığı ilə keçdi. Forumun məqsədi ölkələr arasında enerji əməkdaşlığına dair mövcud vəziyyəti qiymətləndirmək, yeni layihələri müəyyənləşdirmək və perspektivdə enerji əməkdaşlığını daha da gücləndirməkdir. 

Forum zamanı İğdır-Naxçıvan qaz kəməri, Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ötürülməsi kimi perspektiv layihələr müzakirə edilib.

Fatih Dönməz bildirib ki, yaxın zamanda ölkələrimizin hökumətləri arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafına yönələn sazişin imzalanması planlaşdırılır. Eyni zamanda, ən yaxın vaxtda SOCAR və BOTAS tərəfindən yaradılmış birgə şirkətin fəaliyyətə başlaması gözlənilir ki, bu da Azərbaycan-Türkiyə enerji münasibətlərinin gələcək inkişafında mühüm addım olacaq. 

Forumda çıxış edən Pərviz Şahbazov bir sıra maraqlı statistik məlumatlar verib. Belə ki, 2018-ci il iyul ayından 2022-ci il oktyabr ayına qədər TANAP qaz kəməri ilə Türkiyəyə 18 milyard kubmetr qaz, həmçinin cari ilin 9 ayı ərzində - 4,2 milyard kubmetr qaz nəql olunub.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycan qazının Türkiyəyə nəqli 6,1 milyard kubmetr təşkil edib. Gələn il isə Azərbaycandan Türkiyəyə qaz ixracı 9,3 milyard kubmetrə çatacaq.

Azərbaycan neftinin orta qiyməti cari ilin 9 ayının yekunlarına görə, hər barel üçün $107,22 təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən $38,95 və ya 57,1% çoxdur. 

SOCAR-ın məlumatına görə, cari ilin əvvəlindən Azərbaycan neftinin ən yüksək qiyməti martın 8-də - $135,99, ən aşağı qiyməti yanvarın 4-də - $82,49 qeydə alınıb.

2022-ci ilin birinci rübünün yekunları üzrə Azərbaycan neftinin bir barelinin orta qiyməti $102,68, birinci yarımilliyin yekunları üzrə -$109,95 olub.

Milli Məclisin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda qəbul etdiyi dəyişikliklərə əsasən, ixracdan dövlət gərlirlərinin hesablanması zamanı neftin orta qiyməti bir barel üçün $70 götürülüb.

“Azəri-Çıraq-Günəşli” yatağında yeni platformadan hasilat 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində başlanması nəzərdə tutulub. Bunu "Şərqi Mərkəzi Azəri" (ACE) platformasının layihə meneceri Nil Filips açıqlayıb. 

ACE platforması Xəzər dənizinin 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
 

Layihənin ümumi dəyəri təxminən $6 milyard təşkil edir, bunun təxminən $3,2 milyardı tikinti işlərinə xərclər, qalanı – yeni quyuların qazılması daxil olmaqla, işlənmə xərclərinin payına düşür. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Bu işləri yerli TURAN Drilling Company şirkəti həyata keçirəcək.


Hazırda “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsində 6 hasilat platforması fəaliyyət göstərir. Yeni platforma sayca yeddinci olacaq və bu platformadan zirvə dövründə gündəlik olaraq 100 min barel neftin hasil edilməsi proqnozlaşdırılıb. 

2023-cü ilin birinci rübündə ACE platformasının aşağı hissəsinin quraşdırılması başlanacaq, platformanın yuxarı hissəsi hələlik tikilir. platformanın yuxarı tikililərinin tikintisi üzrə işlər 95% yerinə yetirilib. Bundan başqa, layihə çərçivəsində neft və qazın platformadan sahilə çatdırılması üçün sualtı boru kəmərlərinin tikintisi başa çatdırılıb.

İlham Şaban, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO