Avropada QAZ AJİOTAJI – Azərbaycanın enerji resursları yenidən GÜNDƏMDƏ

Avropada QAZ AJİOTAJI – Azərbaycanın enerji resursları yenidən GÜNDƏMDƏ

Hazırda oxunan: Avropada QAZ AJİOTAJI – Azərbaycanın enerji resursları yenidən GÜNDƏMDƏ

232964

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq 2025-ci ilin ilk ayı arxada qaldı. Ümumən, cari il üçün olan gözləntilər hələ ki, özünü doğruldur, yəni dünyadakı siyasi vəziyyət gərgin olaraq qalmaqdadır, iqtisadi vəziyyət də ürəkaçan nəsə vəd etmir. Belə bir ab-hava təbii ki, enerji bazarlarına da təsirsiz ötüşmür.

Qlobal bazarlar

Yola saldığımız həftə neft qiymətləri ucuzlaşmaqda davam edib. Əgər bir həftə öncə, yanvarın 24-də Brent markalı neftin London Əmtəə Birjasında 1 barelinin qiyməti 77,55 dollara satılmışdısa, artıq bu həftənin ilk hərracında qiymət 76,18 dollara qədər ucuzlaşdı. Çərşənbə günü isə neftin ən ucuz partiyası 74,99 qiymətə alındı. Düzdür, daha sonra qiymətdə bir qədər artım müşahidə olsa da, amma bu bazar üçün ciddi siqnal idi. Artıq hiss olunur ki, nefti qızışdıracaq, onun dəyərini artıracaq amillər bazarda hələ gözə dəymir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Orta Asiyanı Avropa ilə BİRLƏŞDİRİR – İlham Şabanın ŞƏRHİ


Çünki neft qiymətlərini bu həftə üzüaşağı çəkən səbəblər içərisində iki amil buna imkan vermirdi. Birincisi, bazar iştirakçıları arasında söz-söhbətlər da da artıb ki, Tramp Administrasiyası OPEC+ ölkələri ilə həqiqətən qiymətin aşağı yönəlməsinə dair danışıqlar apararaq onları Ağ Evlə razılığa gətirməyə cəhd edir.

Bu məsələdə Amerikanın ikinci ən böyük neft şirkəti Chevron-un başçılığı ilə Qazaxıstandakı “Tenqiz” yatağının istismarı üzrə genişləndirmə layihəsinə start verməsi də rol oynayıb. Belə ki, artıq bu il Qazaxıstan neft istehsalını 96,2 milyon tona qədər artırmaq yoluna çıxdığını elan edib.

Sonrakı ilə və ya yaxud illərə hədəfi vəziyyətdən asılı olaraq 100 mln ton göstəricisini aşmaqdır.

İkinci amil isə ötən həftənin ortası ABŞ Enerji Administarasiyası tərəfindən ölkənin neft bazarında vəziyyətə dair ictimailəşdirilən hesabat oldu. ABŞ-də həftə ərzində neft ehtiyatları 3,46 mln barel artaraq 415 mln bareli üstələdi. Bundan əlavə, ölkədə avtomobil benzini ehtiyatları da 2,96 mln barel artım nümayiş etdirdi. Təbii ki, bu cür şəraitdə neftin qiymətinin artması müşkül olardı.

Qaz bazarlarında isə vəziyyət tam əks istiqamətdə inkişaf edir: istər Avropa, istərsə də Asiya bazarlarında “mavi yanacağın” qiyməti bahalaşıb. Niderlandın qaz qovşağı TTF-də təhvil verilməklə satılan qazın 1000 kubmetrinin qiyməti həftənin sonuncu hərracında 578,9 dollara qədər bahalaşdı. Həftənin əvvəlində isə bu göstərici 527,4 dollar idi. Ümumilikdə isə yanvarda Avropada qazın orta qiyməti 6% artaraq 517 dollar təşkil edib. Mavi yanacaq üçün bu cür bahalı qiymətlərlə Avropa bazarı 2023-cü ilin noyabrından bu yana hələ rastlaşmamışdı.

Bəs hansı səbəbdən qaz qiymətləri belə bahalaşdı?

Buna təsir edən ilk amil istiliyə olan tələbatın artımı ilə bağlıdır, çünki Avropada bu həftə havanın orta temperaturu ilin əvvəlindən ən aşağı həddə düşüb. İkinci səbəb bazar iştirakçılarının Avropanın yeraltı qaz anbarlarında olan ehtiyatların yanvarın sonuna 54%-dən aşağı səviyyəyə düşməsi ilə bağlı idi. Ötən il martın sonunda bu göstərici 58%-dən çox olmuşdu. Ona görə indi ehtiyat edilir ki, Avropa Komissiyası Rusiyadan alınan maye qazın məhdudlaşdırılması ilə bağlı yeni qərar versə, anbarlarda qazın boşalması daha da sürətlənə bilər.

Həm də o faktı da nəzərə almaq lazımdır ki, bu il başlayandan Avropa artıq Rusiyadan Ukrayna üzərindən gündəlik alınan qaz həcmlərini 42-42 milyon kubmetr azaldıb.

Nəqliyyatın enerji istehlakına təsiri

Ölkəmizin enerji həyatına təsir edən hadisələr sırasında bu həftə yanvarın 28-də  Azərbaycan Prezidenti İlham Əliyevin yanında nəqliyyat məsələlərinə həsr edilmiş müşavirəni göstərmək istərdim.

Çünki nəqliyyat-logistika məsələlərinin düzgün həlli, o cümlədən şəhər nəqliyyatının nizama salınmasının birbaşa ölkənin enerji balansına təsiri var. O baxımdan da dövlət başçısı müşavirədə çıxışı zamanı ölkəmizdə bu sahədə son 20 ildə görülən irimiqyaslı işləri göstərməklə yanaşı həm də diqqəti ortaya çıxan problemlərə yönəldi.

Yəni ölkənin paytaxtı yerində dayanmır, inkişaf edir, əhali artır və bu baxımdan da yeni müasir infrastrukturun tətbiqinə ehtiyac var ki, vətəndaşların A nöqtəsindən B nöqtəsinə hərəkəti zamanı vaxt itkisi minimallaşdırılsın. Çünki onun birbaşa ölkə iqtisadiyyatının artım dinamikasına, yəni ÜDM-ə təsiri var. Əmək məhsuldarlığının artımı məsələsində zamanın rolu kifayət qədərdir.

Həmçinin paytaxtda tıxacların azaldılması yönümündə kompleks həllərin tətbiqi yanacaq sərfiyyatının azalması deməkdir.

Bu isə təkcə yanacağa qənaət məsələsi ilə yekunlaşmır, daha az yanacaq sərfiyyatı həm də şəhərin ekoloji durumunun yaxşılaşması ilə birbaşa əlaqəlidir.

Amma ölkə miqyasında nəqliyyat infrastrukturunun düzgün təşkili həm də əlavə qazanc deməkdir. Vaxtı ilə min bir əziyyətlə ərsəyə gətirdiyimiz bu infrastruktur indi Azərbaycana təkcə maddi baxımdan gətirdiyi dividendlərlə yanaşı, həm də ölkələr arası münasibətlərdə də böyük rol oynayır.

BTC ilə axan “Kaşağan” nefti

Bu baxımdan bu həftə ölkəmizin tranzit imkanlarının genişləndirilməsi yolunda daha bir müsbət hadisənin şahidi olduq. Belə ki, Azərbaycanın əsas ixrac neft kəməri Bakı-Tiflis-Ceyhan ilə Qazaxıstandakı daha bir yataqdan hasil edilən “qara qızılın” dünya bazarlarına çıxarılmasına start verildi.

Azərbaycan Dövlət Neft Şirkətinin açıqlamasına görə, yanvarın 25-də Aktau limanında təxminən 6 min ton həcmində “Kaşağan” neftinin ilk partiyası “Taraz” adlı tankerə yüklənərək Bakıya istiqamətlənib. Yanvarın 27-də Səngəçal terminalına çatan yükün BTC kəməri vasitəsilə Ceyhan limanına daşınmasına başlanılıb.

Qeyd edim ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə də xidmət edir və bunun son üç ildə ilbəil artımı da göstərir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə BTC kəməri ilə daşınan tranzit neft həcmləri təqribən 5,3 mln ton təşkil edib ki, bu da ötən illə müqayisədə 58 min tona yaxın artım deməkdir. Ümumiyyətlə isə, 2021-ci illə müqayisədə Xəzərin o tayından Azərbaycanın əsas ixrac kəməri ilə neftin tranzit daşınması həcmləri 47,2% artıb. 

Ukrayna üzərindən qaz tranziti

Onu deyim ki, son həftə Azərbaycan yenidən tranzit daşımalarında gündəm olub. Amma bu dəfə qaz məsələsində. Ötən il bir müddət Azərbaycan qazının Ukrayna ərazisindən keçməklə Avropaya nəql edilməsi müzakirə mövzusu oldu, amma sonradan Ukrayna və Rusiya tərəfi ortaq məxrəcə gələ bilmədiklərindən bu məsələ qapandı. İndi onun qapanmış qapağını görünür yenidən açmaq istəyirlər, amma bu dəfə də istəkləri deyəsən siyasi bəyanatlardan o tərəfə keçmir.

Belə ki, Slovakiyanın baş naziri yanvarın 28-də ölkə parlamentində çıxışı zamanı Azərbaycan qazının Ukrayna üzərindən mümkün tranzitini “üfürülmüş köpük” adlandırıb. Baş naziri Robert Fitso parlamentin iqtisadi komitəsinin iclasında çıxış edərkən “rəsmi Kiyev Rusiya qazının tranzitini bərpa etməsə, Slovakiya Aİ-nin maliyyə yardımına veto qoyacaq, Ukraynaya elektrik enerjisi satışını dayandıracaq” fikirlərini səsləndirib.

“Axı cənab Zelenski Azərbaycandan hansısa qazın nəqlindən başqa nə danışa bilər. O, yenidən köpük üfürməklə məşğuldur, çünki heç nə yoxdur ortada, heç bir layihə müzakirə olunmur”, - deyə Fitso həyacan dolu çıxışında bildirib.

Baş nazirin sözlərinə görə, ən real variant Slovakiyanın Rusiya-Ukrayna sərhədində qaz alması və bu qazın Slovakiya qazı kimi Ukrayna ərazisi ilə nəqli olardı.

İndi görürsünüzmü, real vəziyyət necədir?  Qərbdən hərə bizim qaz haqda özünə nə sərf edir onu da deyir. Amma bizim qaz siyasətimiz nə şimaldakı, nə də cənubdakı qonşumuz kimi qazdan alət kimi istifadəyə yönəlməyib, rəsmi Bakı qaz ehtiyatlarını tələbat olduqca bazara çıxarıb onu kapitala çevirmək arzusundadır və bu arzusunu da gerçəkləşdirmək üçün daim tərəfdaşları ilə kommersiya baxımından sərfəli olan layihələr üzərində işləyir.

“Şahdəniz”də tikiləcək yeni platforma

Bu həftə məlum oldu ki, Xəzərin ən böyük qaz yatağının – “Şahdəniz”in işlənməsində yeni bir layihə yetişib və cari ildə onun reallaşması üçün praktik addımların atılmasına hazırlıq gedir.

Layihənin operatoru olan “bp-Azərbaycan” şirkətinin açıqlamasına görə, “Shah-dəniz” yatağındakı “Alpha” platformasından 10 km, “Bravo” platformasından isə 3 km məsafədə, dənizin 85 metr dərinlikdə yeni platforma quraşdırılacaq. Bu platformalarda hasil ediləcək aşağı təzyiqli qaz sıxılaraq yüksək təzyiqli mavi yanacağa çevrilmək üçün əvvəlcə yeni platformaya, daha sonra isə Səngəçal terminalına nəql olunacaq.

Bu platformanın tikintisinə 2026-cı ilin yayında başlamaq nəzərdə tutulur ki, nəticədə ilk aşağı təzyiqli qazın hasilatını 3 il sonra əldə etmək mümkün olsun. Özü də qeyd edim ki, bu platforma texniki xarakterli olduğundan və yüksək səviyyədə rəqəmsallaşdırma tətbiqi nəticəsində onun istismarı zamanı insan əməyinə ehtiyac olmayacaq. Yəni tam avtonim rejimli və distansion idarə edilən bir platforma. Amma onun tikintisi zamanı 2600 yeni iş yerinin açılması planlaşdırılır ki, bu da ölkəmizin neft-qaz sektoruna çoxmilyardlı kapital qoyuluşu, dövlət və özəl sektora aid yerli podratçıların və subpodratçıların cəlb edilməsi deməkdir.   

İndi sual edə bilərsiniz ki, bəs nədən bu platformaya ehtiyac duyulub və özü də günün bu vaxtı! Məsələ burasındadır ki, uzun müddətli istismar zamanı lay təzyiqinin azalması baş verir və bu, qaz hasilatının həcminin tədricən azalmasına gətirib çıxarır. Bu vəziyyətdə aşağı təzyiqli qazın kompressiyası özünü doğruldan bir texnologiya kimi qaz ehtiyatlarının hasilatı və onların maksimum səmərə ilə çıxarılması məqsədilə yeni kompressor platformasının inşasını labüd edir.

Neft Fondunun azalan gəlirləri

Bu baxımdan artıq 1 yanvar 2025-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri il ərzində təqribən 4 mlrd dollar artaraq 60 mlrd 31,4 milyon dollar səviyyəsinə qədər yüksəlib.

Bu artıma baxmayaraq ümumən, Neft Fonduna gəlir gətirən əsas maddələr üzrə azalmalar müşahidə edilib.

Fondun açıqladığı məlumata əsasən, ötən il ərzində gəlirlər 18 milyarddan çox, xərclər isə 12,9 mlrd manata yaxın olub. İl ərzində gəlirlər 16,7% azalıb, xərcləmələr isə 9% artım nümayiş etdirib. Sırf neft-qaz əməliyyatları nəticəsində Fondun əldə etdiyi gəlirlər 20,1% azalıb, investisiya fəaliyyətindən əldə edilən gəlirlərdə isə 8,6% aşağı düşüb.  Bəs elə isə Fondun aktivləri nəyin hesabına artıb? Sadəcə, gəlir və xərclər arasında profisit yaranması gəlirliyi artırıb. Amma sonrakı illərdə neft hasilatının azalması və satış qiymətinin əvvəlki illərlə müqayisədə aşağı olması bu günün profisitini defisitə də çevirə də bilər.

Ona görə də hökumət fəaliyyəti zamanı vəsaitlərin rasional xərclənməsinə ciddi diqqət yetirməlidir ki, yatırılan hər manatdan alına bilən gəlirlik də artsın. Necə deyərlər, nə şiş yansın, nə də kabab.  

SOCAR İsrail qaz bazarına daxil olur

Həftə sonu isə pozitiv bir xəbər gəldi: SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində 10% payın alınması üzrə müqavilə imzalayıb. Bununla da SOCAR Aralıq dənizi hövzəsində hasilat sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. Bundan öncə isə ötən il SOCAR Birləşmiş Ərəb Əmirliklərində 3% paya sahib çıxaraq ilk dəfə xarici ölkədə neft hasilatına qoşulmuşdu.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO