Dünyanın iqtisadi mərkəzi Avrasiya və Sakit Okeanı REGİONUNA KEÇİR

Dünyanın iqtisadi mərkəzi Avrasiya və Sakit Okeanı REGİONUNA KEÇİR

Hazırda oxunan: Dünyanın iqtisadi mərkəzi Avrasiya və Sakit Okeanı REGİONUNA KEÇİR

217044

Beynəlxalq siyasi proseslərdə ortaya çıxan yeni tendensiyalar qlobal sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ənənəvi təşkilatların artıq öz missiyalarının öhdəsindən gələ bilmədiyindən xəbər verir.

Xüsusilə, Qərb dövlətlərinin vaxtilə insan hüquqları, demokratiya, iqtisadi əməkdaşlıq, sivilizasiyalararası dialoq şüarları altında yaratdıqları platformalar bu gün supergüclərin siyasi sifarişlərini yerinə yetirməklə beynəlxalq hüququn təminatçısı statusunu sürətlə itirməkdədir.

BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, Avropa Şurası kimi birliklərin yaşadıqları böhran mütərəqqi qüvvələri artıq yeni əməkdaşlıq formatlarının axtarışına başlamaq məcburiyyətində qoyur.

Azərbaycan və onun lideri Prezident İlham Əliyev hər zaman dünyada mövcud olan problemlərin birgə səylərlə aradan qaldırılması təşəbbüsü ilə çıxış edərək ölkəmizin bu prosesə hərtərəfli dəstək verə biləcəyini deyir.

44 günlük müharibə zamanı, pandemiyanın tüğyan etdiyi dövrdə, eləcə də qlobal iqlim dəyişikliklərinin fəlakət həddinə çatdığı indiki şəraitdə dövlət başçısı qlobal gücləri bəşəriyyəti gözləyən təhlükələrlə daha sərt mübarizə aparmağa, siyasi, iqtisadi, ekoloji, humanitar və digər problemlərin həlli üçün hər kəsi, necə deyərlər, “əlini daşın altına qoymağa” çağırırdı. 

Doğrudur, bu kimi təşəbbüslər Azərbaycanın güclənməsini istəməyən bəzi Qərb dövlətlərinin ciddi təpkisi ilə üzləşir. COP29 ərəfəsində faktiki, qürub çağını yaşayan Avropa Şurası, ATƏT, Avropa İttifaqı və bir sıra digər institutların anti-Azərbaycan bəyanatlarını sıralaması məhz Bakıdan səslənən təklifləri iqnor etmək məqsədi daşıyır.

Odur ki, milli dövlətlər öz reytinqlərini itirən təşkilatların lüzumsuz bəyanatlarının psixoloji təsiri altında qalmamaqdan ötrü daha sağlam və perspektivli əməkdaşlıq formatlarının yaradılması ilə bağlı konsepsiyalarını açıqlayırlar. Azərbaycan bu prosesdə kifayət qədər aktivdir. Prezident İlham Əliyev BMT və Avropanın bəzi qurumlarında mövcud olan ikili standartların regional proseslərə praktik təhdidlər yaratdığını real faktlarla göstərir.

Ermənistanla sülh sazişinin imzalanması məsələsində həmin təşkilatların “siyasi şouları” ənənəvi əməkdaşlıq meyarlarının böhran yaşadığını tam təsdiqləyir.

ABŞ-ın hegemonluq iddiası beynəlxalq münasibətlər sisteminin xarakterinə yeni neqativ çalarlar gətirdiyindən milli dövlətlərin mərkəzdənqaçma meyilləri daha dinamik şəkil almağa başlayır.

Azərbaycan artıq öz seçimini edib və Prezident İlham Əliyevin dəvət aldığı bir çox beynəlxalq platformalar dünyada sülhün təminatçısı olmaq missiyasını Qərbin ənənəvi qurumlarından daha effektiv yerinə yetirə biləcəklərini nümayiş etdirirlər. Onu da qeyd edək ki, yeni formatlar tək siyasi deyil, dünyanın iqtisadi xəritəsinə də proqressiv dəyişikliklər gətirmək gücündə olduqlarını təsdiqləyirlər.

Türk Dövlətləri Təşkilatı

173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlərin yeni güc mərkəzi kimi nüfuz qazanmaqdadır. Təşkilatın ciddi geosiyasi və geoiqtisadi çəkiyə sahib olduğunu faktlar da göstərir. Bu gün türk birliyinə üzv dövlətlərdə ÜDM-in həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir.

Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür. Azərbaycan 2009-cu ildən bu günə qədər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməklə, xarici siyasətimizin prioritetlərindən birinin məhz türk dünyası ilə inteqrasiya olduğunu bəyan etdi.

3+3 formatı

Cənubi Qafqazın 3 respublikası – Azərbaycan, Gürcüstan və Ermənistanı, eləcə də 3 region ölkəsi – Rusiya, Türkiyə və İranı sıralarında birləşdirən 3+3 formatı tək siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə, 3+3 formatına daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. 

Bu format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə 1-dir. Format regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarı olan Rusiya, Türkiyə və İranla ticarət əlaqələrinin möhkəmlənməsi və inkişafı, sözsüz ki, 3+3 formatının yaratdığı ən əlverişli imkanlardan sayılır. 

BRİKS

Qərb strukturlarının siyasi və ideoloji böhranı fonunda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ilkin üzvlüyü ilə yaradılan BRİKS təşkilatı böyük gələcək vəd edir.

Yaxın günlərdə Rusiyanın Kazan şəhərində keçiriləcək qurumun “BRICS plyus-autriç” tədbirində üzv ölkələrin yekdil dəvəti əsasında Prezident İlham Əliyev də iştirak edəcək. Öncə onu qeyd edək ki, BRİKS-in institusionallaşması gələcəyin mövzusudur, çünki vahid iqtisadiyyat, vahid valyuta, vahid iqtisadi mexanizmlərin yaradılması uzun zaman tələb edir. 
 

Ancaq ABŞ və Avropa İttifaqının ikiüzlü siyasətinin təhlükələrini hiss edən BRİKS üzvləri təşkilatın siyasi gücünün təqdimatını önəmli sayırlar. Bir sıra nüfuzlu iqtisadi mərkəzlərin hesabatlarına görə, BRİKS-in cari ildə dünya ÜDM-indəki payı 37,4% təşkil edəcəyi halda, “Böyük Yeddilik” ölkələrində bu göstərici 29,3% olacaq. Hazırda dünya ticarətində BRİKS ölkələri dövriyyənin 15%-nə nəzarət edir. 


Birliyin əhatə etdiyi ümumi ərazi təxminən 46 milyon kvadrat kilometrə yaxındır və yaxud Yer kürəsinin 26,7%-ni təşkil eddir. BRİKS ölkələrində yaşayan əhalinin ümumi sayı isə təxminən 3,53 milyarddır ki, bu da dünya əhalisinin 43,5%-i deməkdir. Bu gün hətta ən skeptik avropalı təhlilçilər belə etiraf edirlər ki, dünyanın iqtisadi mərkəzi Qərbdən, Atlantik regionundan Sakit Okeanı və Avrasiya regionuna keçməkdədir və bu prosesin qarşısını almaq mümkün olmayacaq.

Azərbaycan hər 3 platformada fəal mövqe tutur və inanır ki, bundan sonra beynəlxalq sülh və təhlükəsizliyin qarantı rolunda Qərbin deqradasiyaya uğrayan institutları deyil, məhz Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi gücünü və təsir zonasını artıran birliklər çıxış edə bilər.

Çünki həmin strukturlar supergüclərin siyasi və konyunktur maraqlarının qurbanına çevrilən ənənəvi Qərb təşkilatlarından fərqli olaraq bərabərlik, ədalət, qarşılıqlı iqtisadi maraqlar və xalqların birgəyaşayış meyarları üzərində qurulur. Bəşəriyyətin xilası da məhz bu meyarlardadır.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO