Daha qısa və daha TƏHLÜKƏSİZ – Orta Dəhlizin Cənub marşrutu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ

Daha qısa və daha TƏHLÜKƏSİZ – Orta Dəhlizin Cənub marşrutu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ

Hazırda oxunan: Daha qısa və daha TƏHLÜKƏSİZ – Orta Dəhlizin Cənub marşrutu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ

215995

Qloballaşan dünyada yeni reallıqlar meydana çıxır. Belə reallıqlardan biri də sərfəli nəqliyyat dəhlizlərindən istifadə etməkdir. Artıq dünya ölkələri yük daşımalarını əvvəlki sürətlə həyata keçirmək istəmir. Ona görə də daha sürətli və təhlükəsiz dəhlizlər uğrunda sanki bir yarış başlayıb.

Amma nəzərə alaq ki, dünyada nəqliyyat dəhlizlərinin sayı elə də çox deyil. Yaxın Şərqdə və Ukraynada davam edən müharibələr isə həmin dəhlizlərin ikisini bir növ bloka salıb.
 

MÖVZU İLƏ BAĞLI:

Orta Dəhlizin Cənub marşrutunun iqtisadi PERSPEKTİVLƏRİ – TƏHLİL


Ona görə də həm Qərbdə, həm də Şərqdə alternativ yollarla bağlı müzakirələr gedir. Çox maraqlıdır ki, həm qərblilərin, həm də şərqlilərin bu məsələdə ortaq fikrə gəldikləri bir məqam var.

Bu da Orta Dəhlizin Cənub marşrutudur.
 

Son zamanlar bu dəhliz daha çox müzakirə olunmağa başlayıb. Bu da təsadüfi deyil. Çünki Cənub marşrutu təhlükəsiz olması ilə bərabər həm də çox qısadır. Məsələn, Çindən başlayıb Hindistanın Mumbay və İranın Bəndər-Abbas limanlarından keçən və Hind okeanı üzərindən Qırmızı və Aralıq dənizləri vasitəsi ilə Avropaya uzanan qədim dəhliz artıq o qədər də maraqlı deyil. Çünki bu dəhliz üzərindən daşımalar əsasən gəmilərlə aparılır. Məlumdur ki, yük gəmilərinin sürəti bu günün tələblərinə cavab vermir. Üstəlik husilərin ticarət gəmilərinə hücumları bu yolla daşımaları xeyli təhlükəli hala gətirib.


Çindən başlayıb Qazaxıstan üzərindən keçən və Rusiya vasitəsi ilə Avropaya gedən Şimal dəhlizi qış aylarında çox da işlək deyil. Üstəlik, 2022-ci ilin fevralında başlayan Ukrayna-Rusiya müharibəsi bu dəhlizi arxa plana keçirib.

Ona görə də hazırda həm Qərb, həm də Şərq ölkələri əsas diqqəti Orta Dəhlizə, son aylarda isə bu dəhlizin Cənub marşrutuna yönəldib.

Çünki Çinin şərqindən çıxan yüklər Orta Dəhlizin Cənub marşrutu ilə cəmi 10 günə Azərbaycana çatdırılır. Buradan Avropaya getməksə o qədər çətin deyil. Ona görə də Orta Dəhlizin Cənub marşrutu təhlükəsiz və rentabelli olduğu üçün bu yolla yükdaşımaların həcmi günbəgün artır.    

Bir faktı qeyd edək ki, bu ilin 8 ayında Orta Dəhliz vasitəsi ilə 212 blok qatarı göndərlilib ki, bu da 420 min ton yük deməkdir. Amma Cənub marşrutunun imkanları bundan qat-qat artıqdır. Proqnozlara görə, ilin sonuna qədər bu marşrut üzrə 300 blok qatarın yola salınması gözlənilir. Bundan əlavə yaxın zamanlarda Çindən bu marşrut üzrə ayda 100, ildə isə 1000 blok qatarının yola salınması planlaşdırılır. 

Daşımalar daha da artacaq

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım demişdi ki, 2030-cu ilədək Orta Dəhlizlə yük daşımalarını 11 milyon tona çatdırmaq tamamilə mümkündür:
 

"Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılması ilə bağlı üzərimizə böyük işlər götürmüşük. Bu gün Bakı-Tbilisi-Qarsın tikintisi Orta Dəhlizinin pozulmuş halqasının tamamlanması deməkdir. Hazırda Orta Dəhlizdən daha səmərəli istifadə olunsa da, bu gün lazımi buraxılış gücünün yalnız üçdə birinə nail olub. 2030-cu ilə qədər bu marşrut üzrə yükdaşımaları 11 milyon tona çatdırmaq tamamilə mümkündür. Bunun üçün müəyyən işlər, müəyyən addımlar var".


Təbii ki, Orta Dəhlizin Cənub marşrutuna artan marağı yüksək qiymətləndirən Azərbaycan höküməti  bütün imkanları öyrənir, marşrut üzərindəki dövlətlərlə əməkdaşlığı günbəgün dərinləşdir. Üstəlik, Cənub marşrutunda daşımaların həcmini artımaq və Beynəlxalq marağı gücləndirmək üçün müxtəlif layihələr həyata keçirilir.

Təsadüfi deyil ki, 19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələri iştirak ediblər. 

Toplantıda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və daşımaların yaxın illərdə daha da artacağı proqnozlaşdırılır:

“Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir. Avrasiya Nəqliyyat Marşrutu adlandırdığımız bu nəqliyyat dəhlizi bizə Çindən Qırğızıstan və Tacikistan üzərindən yüklərin Orta Dəhlizə gəlməsinə, Avropaya və əks istiqamətə göndərilməsinə imkan verəcək”

Nəzərə alaq ki, Cənub marşrutu həm də Azərbaycanın Trans-Əfqan dəhlizinə çıxışına şərait yaradacaq. Eləcə də Qərb-Şərq və Şimal-Cənub dəhlizlərindən daha səmərəli istifadə etmək imkanı verəcək. 
 

Ona görə Azərbaycan Prezidenti İlham Əliyev Orta Dəhlizin Cənub marşrutuna marağı artırmaq üçün uğurlu siyasət həyata keçirir. Hələ, 2022-ci il iyunun 29-da Prezident İlham Əliyev Türkmənistanda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edərkən bir daha diqqəti Orta dəhlizin fəaliyyətinə yönəldərək bildirmişdi ki, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır:


“Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik".

Göründüyü kimi, beynəlxalq proseslər fonunda Orta Dəhlizin Cənub marşrutunun əhəmiyyəti daha da artır. Bu isə gələcəkə Azərbaycanın beynəlxalq yük daşımalarında əsas mərkəzlərdən birinə çevrilməsi imkanlarının yüksək olduğunu göstərir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO