İran raketləri qlobal bazarları necə “VURDU”? – İlham Şabanın ŞƏRHİ

İran raketləri qlobal bazarları necə “VURDU”? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: İran raketləri qlobal bazarları necə “VURDU”? – İlham Şabanın ŞƏRHİ

214672

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa çatmaqda olan həftə enerji xəbərləri ilə xeyli zəngin oldu. Həm qlobal bazarlarda, həm də ölkə daxilində. Buna görə də onların ən vaciblərinin üzərində dayanmaq istərdim ki, nə baş verdiyindən, bizlərə hansı təsirləri ola biləcəyindən xəbərdar olasınız. 

Qlobal bazarlarda bir təlatüm yaşandı 
 

MÖVZU İLƏ BAĞLI:

Regionu birləşdirəcək LAYİHƏ – Azərbaycan Cənubi Qafqazın mərkəzinə ÇEVRİLİR


Özü də bu hal həm “qara qızıl”da, həm də Avropada satılan mavi yanacaq bazarında özünü göstərdi. Bütün bunlara cümlə bais isə İslam Respublikasından qeyri-qəfil atılan raketlər oldu, hansıların ki, hədəf nişanı İsrail idi. 

Bəli, 1 oktyabr tarixində günün birinci yarısı neft qiymətləri üzüaşağı getməkdə idi. London əmtəə birjasında Brent markalı neftin 1 bareli Bakı vaxtı ilə saat 13-də 70 dollardan aşağı qiymətə ticarət edilməyə. Belə hal saat 17-dən diametral şəkildə dəyişməyə başladı. Çünki CNN telekanalı qəfildən “Ağ evdə”ki mənbələrinə əsaslanaraq İranın İsraili elə bu gecə “cəzalandıracağına” dair məlumat yaydı. Və bazar başladı təşviş keçirməyə. Neft 71 həddini aşdı, Bakı vaxtı ilə saat 21 radələrində isə 73-ə yaxınlaşdı. Bu o zaman idi ki, artıq İrandan İsrailə axışan raketlərin videogörüntüləri informasiya məkanını ələ keçirirdi. London birjası bağlananda isə Brent markalı neftin son partiyası hərraclarda 75 dollar 35 sentə satılmışdı. 

Baxmayaraq ki, az sonra məlum oldu ki, İranın raket hücumları hansısa fəsadlar törədə bilməyib və atılan 180 raket cəmi 1 nəfərin ölümü ilə nəticələnib, o da Qəzza sektorunda pay-piyada gəzən bir fələstinlin başına gələn qəza olub. 

Növbəti gün London birjasında hərraclar başlayanda artıq neft 76 dollar həddini keçməyə müvəffəq oldu. Çünki İsrail rəhbərliyi ard-arda bəyanatlar verməkdə davam edirdi ki, bu yaşanan raket yağışını İrana bağışlamayacaq. 

İndi bazar iştirakçılarının qorxusu-hürküsü İrana olacaq zərbələrin qlobal neft bazarına gətirəcəyi mümkün problemlərə fokuslanmışdı. Ona görə də dünyada “qara qızıl”ın qiyməti artaraq oktyabrın 3-də 78 dollara qədər bahalaşdı. 

İndi neftin bundan sonrakı dəyərini proqnozlaşdırmaq çox mürəkkəbdir, çünki məsələnin kökündə tələb-təklif, qlobal bazarın iqtisadi göstəriciləri deyil, atılacaq hərbi-siyasi addımlar durur. 

Bakı İqlim Həftəsi

Həftənin enerji dolu yadda qalan bir hadisəsi isə Bakıda cərəyan edirdi. Belə ki, 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə İqlim Fəaliyyəti Həftəsi adlandırılan beynəlxalq tədbir keçirilib. Buna Azərbaycanın noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində ən böyük hazırlıq platforması kimi də baxmaq olar.  Çünki bu tədbir COP29-un iqlim gündəliyinin əsasını qoymuş bir platforma kimi Azərbaycan hökumətinin baxışlarını, müzakirəyə daha çox ehtiyacı olan məsələlərin müzakirəsini və həll yollarının tapılması, əməkdaşlıq məsələlərini ortaya qoydu.

Enerji keçidinin qiyməti 

Bu tədbirdə diqqətimi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun enerji keçidi üçün lazım olan çox böyük kapitalın əldə edilməsinin indiki şəraitdə mürəkkəbliyi və ənənəvi enerji daşıyıcılarından qeyri-rasional istifadə edilməsi mövzusu çəkdi. 

Nazir Beynəlxalq Valyuta Fondunun 2023-cü il Hesabatına istinadən bildirib ki, dünyada qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb, bu da qlobal iqtisadiyyatın həcminin təxminən 7,1 %-ni təşkil edir. 

Həmin subsidiyaların ləğvi ilə enerjinin əhali üçün əlçatanlığı arasında balansın tapılması mövzusuna SOCAR-ın vitse-prezidenti Əfqan İsayev də toxunaraq qeyd edib ki, "subsidiyalar ətrafında müzakirələr iki əks mövqeni göstərir: bir tərəfdən, onların ləğvi enerjidən daha səmərəli istifadəyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə kömək edə bilər, digər tərəfdən isə bu, insanlar üçün enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olar". Çünki enerji keçidi üçün yeni enerji infrastrukturunun - şəbəkələrinin genişmiqyaslı yenilənməsi, o cümlədən akkumulyator saxlama sistemlərinin, avtomatlaşdırılmış istehsalat idarəetmə sistemlərinin və qlobal səviyyədə prioritet olmalı digər texnologiyaların tətbiqi lazım olacaq. Yəni yaşıl enerji heç də çoxlarının düşündüyü kimi “pulsuz enerji”yə malik olmaq anlamına gəlmir. 

Mən həmin hesabatla tanış olarkən, son 20 ildə “enerji keçidinə” investisiyaların 10 trilyon dollara çatdığını gördüm. Amma 2050-ci ilə qədər dünya üzrə neft, qaz və kömürdən tamamilə imtina hesabına “sıfır karbon” göstəricili “enerji keçidinə” nail olmaq üçün bilirsinizmi ötən ilin qiymətləri ilə nə qədər vəsait tələb olunur? Azı 250 trilyon dollar. Yəni bundan sonrakı 25 ildə hər il 10 trilyon xərclənməlidir ki, bu məqsədə necəsə nail olasan. Fantastik bir göstəricidir. Ona görə də Azərbaycanda keçiriləcək COP29-da dünya ölkələrinin həll etməli əsas məsələlərdən biri “o vəsaitin tapılması” və hamılıqla ondan istifadə etmək imkanlarının araşdırılması olacaq.

Yaxın dövrün “yaşıl enerji” hədəflərimiz 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə "Bakı İqlim Həftəsi"ndə ölkəmizin "yaşıl enerji" keçidinin məqsədyönlü islahatlarla müşayiət olunan milli, regional və qlobal müstəvidə reallaşdırmaq istəyini açıqlayıb, həmçinin bir sıra maraq doğuracaq faktları ictimailəşdirib.

Onun sözlərinə görə, Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payını 2027-ci ildə 33 %-ə yüksəldilməsi planlaşdırılır. 230 meqavat gücündə xarici sərmayə əsaslı ilk günəş elektrik stansiyası artıq Azərbaycanda istismara verilib. Bu ilin sonunadək imzalanmış sənədlərə uyğun olaraq ümumi gücü 340 meqavat olan 2 günəş elektrik stansiyanın tikintisi layihəsinə hazırlıq gedir, bundan əlavə COP29 ərəfəsində Azərbaycanda 100 meqavat gücündə olan stansiya üzrə isə ilk hərracın nəticələrin elan edilməsi nəzərdə tutulur. “İki qiqavata yaxın 8 günəş, külək, həmçinin azad edilmiş ərazilərdə 270 meqavat gücündə 32 kiçik elektrik su stansiyaları imkan verir ki, emissiyaları illik 2,9 milyon tona qədər azalda bilək", deyə nazir “enerji keçidi” üzrə hökumətin yaxın planlarını açıqlayıb.

Onu deyim ki, Azərbaycanın artıq bir guşəsi özünün elektrikə olan tələbatını faktiki olaraq “yaşıl enerji” hesabına ödəyir. Artıq işğaldan azad edilmiş torpaqlarımız suyun enerjisi hesabına bərpa edilir, burada həyat canlanmağa başlayır. 

“Şəfəq” layihəsi

Bu yöndə oktyabrın 2-də mühüm bir addım atıldı. Belə ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Green”, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb. Bu sənəd Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılmasını rəsmiləşdirən səhmdarlar sazişidir. 

Bunun nəticəsində “Şəfəq (Cəbrayıl) Solar Limited” adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək. Saziş müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra hüquqi qüvvəyə minəcək və   səhmdarlarının iştirak payları belə olacaq: bp - 50,01%, SOCAR Green - 39,99% və AİŞ - 10%.

SOCAR neft-qaz şirkəti olmayacaq 

Onu deyim ki, bu layihə SOCAR-ın “yaşıl enerji” sahəsində ilk layihəsidir. Amma belə görünür ki, yaxın illərdə SOCAR-ın “yaşıl” rəngli layihələri get-gedə artacaq. Çünki SOCAR məhz Bakı İqlim Fəaliyyəti Həftəsində enerji şirkətinə keçid yolunu seçdiyini bəyan edib. 

Şirkətin vitse-prezidentinin müavini Hikmət Abdullayev tədbirdə çıxışı zamanı  SOCAR-ın gələcəkdə aşağı karbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırdığını söyləyib.

"SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağı karbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq", - deyə SOCAR rəsmisi bildirib.

Onun sözlərinə görə, 2050-ci ilə qədər SOCAR tamamilə bazarda möhkəm mövqe tutan milli enerji şirkətinə çevriləcəyinə inanır. Bununla da enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək, həmçinin neft-qaz sənayesinin iqlimə təsirinin azaldılması üçün kifayət qədər səy göstərən bir şirkət olacaq. Bu məqsədlərə çatmaq üçün SOCAR 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağın hər bir əsas aktivi üzrə yol xəritəsini də hazırlayıb.

SOCAR yaşıllaşmaq planlarını ictimailəşdirdiyi zaman ölkəmizin əsas enerji istehsalçısı “Azərenerji” qazın yandırılması hesabına əldə edilən elektrikin azaldılması yönümündə növbəti addımını atıb.    

Zəngilanın yaşıl enerjisi 

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının istismara verilməsi həyata keçirilib. “AzərEnerji” rəhbəri Baba Rzayevin sözlərinə görə, “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.

“Sarıqışlaq”da il ərzində 33 milyon kVt-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Bir mühüm məsələni də diqqətinizə çatdırmaq istərdim. Azərbaycanın enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilməyə başlayıb. Qısa zamanda qos-qocaman neft-qaz ölkəsinin tamamilə yeni bir enerji növünə keçid etməsinə isə çoxları şübhə edirdilər, amma biz əməlimizlə bir daha sübut edirik ki, sözümüz imzamız qədər dəyərlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO