Fransa şirkətləri enerji layihələrimizdən uzaqlaşdırılır? – İlham Şabanın ŞƏRHİNDƏ

Fransa şirkətləri enerji layihələrimizdən uzaqlaşdırılır? – İlham Şabanın ŞƏRHİNDƏ

Hazırda oxunan: Fransa şirkətləri enerji layihələrimizdən uzaqlaşdırılır? – İlham Şabanın ŞƏRHİNDƏ

174315

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa çatan həftədə qalmaqal təsiri bağışlayan hadisələr də yer aldı. İlk dəfə Milli Məclisdə deputatlarımız neft-qaz hasilatı müqaviləmizdən bir xarici şirkətin uzaqlaşdırılması təşəbbüsü ilə çıxış ediblər. Bu hadisə üzərində daha ətraflı dayanacıq, hələlik isə ətrafımızda baş verən enerji hadisələrinə diqqət yetirək

Qlobal bazarlar

Həftənin əvvəlindən dünyanın diqqəti Davosda işinə başlayan Dünya İqtisadi Forumuna yönəldi. Çünki burada gərginliyi səngimək bilməyən siyasi hadisələrlə yanaşı, ənənəvi enerjidən karbon izi olmayan və ya xeyli az olan enerji növlərinə keçid haqda müxtəlif çıxışlar dinlənilib, iqlim dəyişmələrinin insanların həyat və fəaliyyətinə, o cümlədən iqtisadi fəallığa təsirləri, həmçinin “enerji keçidi”nin mümkün dəyəri dilə gətirilib.

Dağların əhatəsində yerləşən Davosda forum keçirilən zaman havanın müsbət 4 dərəcəyədək qızması isə çoxları üçün sürpriz olub. Amma təkcə Davosda deyil, bu həftə elə bütün Avropada hava mülayim idi və bu da özünü mavi yanacağın qiymətlərində büruzə verirdi. Belə ki, London Əmtəə Birjasında Niderlandda təhvil verilməklə satışa çıxarılan qaz qiymətlərinin dinamikasına baxsaq, görərik ki, noyabrın 17-də qiymətlər ilin minimal səviyyəsinə enərək 1000 kubmetri üçün 312 dollara qədər ucuzlaşıb, baxmayaraq ki, həftənin ilk hərracında qiymət 362 dollar idi. İki il öncə isə 2 min dolların altında ticarət edilirdi qaz. Necə deyərlər hər zamanın bir hökmü var.

Davos Forumu

Sayca 54-cü dəfə keçirilən bu beynəlxalq iqtisadi tədbirdə qlobal siyasətə bağlı çox maraqlı bir məqam oldu. Əslində siyasətsiz iqtisadiyyat qurulmur axı. Özü də qlobal məkanda. Çünki ortada bazarlar uğrunda mübarizədən tutmuş, müxtəlif səviyyəli və çeşidli bazarlar arasında münasibətlərədək çox şey həllini tapmasa, onda ticarətin qloballaşması da mümkün olmaz. Elə istehsal edilən mallar da qalar lokal səviyyəli bazarların ümidinə. Biznesin masştabının artırılması üçün isə qlobal ticarət, və onun oyunçuları arasında bir birlərini qane edəcək səviyyədə qayda-qanunlar olmalıdır.

Ona görə də dünyada yeni nizamın yaradılması məsələsi Davos Forumunda səslənən mən deyərdim ki, ən səs-küylü təklif olub. “Beynəlxalq ictimaiyyət böyük dövlətlərin bir-birindən asılı olduğu və eyni zamanda dünya nizamını müəyyən etmək hüququ uğrunda kəskin rəqabət apardığı yeni dövrün başlanğıcındadır”, deyə Dünya İqtisadi Forumunda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

“Biz beynəlxalq iqtisadi sistemdən əl çəkmirik, onu bu günün və sabahın çağırışlarına uyğunlaşdırırıq. Biz beynəlxalq sistemin gələcəyini formalaşdırmaq üçün fəal şəkildə rəqabət aparırıq”, - deyə Sallivan əlavə edib.

Bunun açıqlaması nədir?

Yəni rəsmi Vaşinqton 1945-ci ildən sonra yaradılan qlobal bazarda artıq korrektələrin edilməsini etiraf edir. Onu da vurğulayır ki, yeni dünya nizamı hazırkı qlobal oyunçuların rəqabətinin yekunu olaraq əldə ediləcək nəticəyə uyğun yaradılacaq. Yəni buradan gün kimi aydın olur ki, Rusiya-Ukrayna müharibəsi əvvəllər təqdim edildiyi kimi lokal bir savaş deyil. Elə rəsmi Moskvanın dönə-dönə təkrarladığı “Qərblə məsələlərin çözülməsi” və Rusiyanın qlobal təhlükəsizlik məsələlərində almaq istədiyi yer uğrunda Amerika ilə anlaşmaq istəyidir. O baxımdan “Tayvan” tənliyinin həlli də əslində adanın müstəqil olub-olmamasına deyil, Çinlə gələcək bazarlaşmaq, yəni razılaşmanın qiymətini müəyyənləşdirən formulaya hesablanıb. Kimin bütün bunlardan hansı qazancla çıxması isə ABŞ rəsmisinin dediyi kimi hazırkı qızğın rəqabətin nəticələri ilə müəyyənləşəcək.

Buradan durub Davosda səsləndirələnlərə diqqət yetirdikdə rəsmi Bakının 2020-ci ildən başlayaraq əvvəlcə COVİD pandemiyası ilə üzləşən, sonralar isə iqtisadi tənəzzül, münaqişə və müharibələr kimi təlatümlü dövrə qədəm qoyan dünyada necə məharətli manevrlər edərək öz nəticəsinə sahib çıxmaq bacarığına heyran qalmamaq olmur. Bu dediklərim sadəcə nida təəssüratlı bir cümlə deyil. Lazımi anda atılan lazımi addımların Azərbaycan adlı bir məmləkətə gətirdiyi və bundan sonra da gətirəcəyi dividendlərin təsviridir.

Azərbaycan Davosda.

Dünya İqtisadi Forumunda müzakirələr istər iqtisadi sahədə olsun, istərsə də texnoloji sahədə - yaşıl enerjiyə və enerji qənaətciliyi üzərində köklənmişdi. Azərbaycanın Forumunda iştirak edən nümayəndə heyəti isə faktiki olaraq “neftçilər”dən təşkil olunmuşdu: SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri, SOCAR Müşahidə Şurasının üzvü Ruslan Əlixanov, SOCAR prezidenti Rövşən Nəcəf və hazırda SOCAR-ın qaz ixracı biznesinə cavabdeh olan vitse-prezidenti Elşad Nəsirov.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “İqlim dəyişmələri və irəliyə aparan yol” müzakirələrinə qatılaraq iqlim dəyişmələrinə gedən uzun yolda qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına münasibət bildirib.

Cabbarov Azərbaycanım “yaşıl enerji” yolunda sürətin mümkün artırması məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerjinin ölkənin enerji balansındakı payını nəzərdə tutulan müddətdən əvvəl - 2030-cu ilə qədər deyil, 2028-ci ilədək 30%-ə çatdırmağı planlaşdırır.
Cabbarov qeyd edib ki, Azərbaycan öz gəlirlərindən, o cümlədən neft və qaz gəlirlərindən öz enerji keçidini maliyyələşdirmək məqsədilə istifadə etməklə «şüurlu seçim» edib. Cari ildə Azərbaycanda COP29-un mərkəzi mövzusu məsələsinə toxunan nazir, bildirib ki, xüsusilə keçid və iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün təmiz enerji investisiyalarının maliyyələşdirilməsi mexanizmlərinin yaradılması olacaq. “Bu mexanizmlərin enerji keçidi üçün mövcudluğunun təmin edilməsi son dərəcə vacibdir”, deyə Cabbarov bəyan edib.

Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol isə Davos-2024 çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə keçirdiyi görüşün yekunu olaraq “Biz təşkilatımızın inkişaf etməkdə olan iqtisadiyyatlarda təmiz enerji keçidləri məsələlərində Azərbaycanın COP29 tədbirindəki Sədrliyinə necə dəstək ola biləcəyini müzakirə etdiyini” açıqlayıb.

COP29 tədbirinin Azərbaycanda keçirilməsi məsələlərinə dəstək mövzüsu həmçinin Mikayıl Cabbarovun Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşündə də diqqətdə olub.

Yaşıl enerjinin durumu

Davosda keçirilən görüşlərdə Azərbaycana dəstək verilməsi isə sadəcə rəsmilərin sözlərinə inamdan qaynaqlanmır, həm də ölkəmizin “yaşıl enerji” sahəsində atdığı real addımlara bağlıdır. Belə ki, 2023-cü ildə Azərbaycanda bərpa olunan və alternativ mənbələrdən ümumilikdə 2 milyard 116 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu isə ümumi elektrik enerjisi istehsalında onun payının 7,23 faizə çatmasına dəlalət edir. Yəni qarşıdakı 5 ildə Azərbaycan bu göstəricini 30%-dək çatdırmağı artıq hədəfləyib.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, su elektrik stansiyalarında 1,75 milyard kVt/saatdan çox, külək elektrik stansiyalarında 56,6 milyon kVt/saat, günəş elektrik stansiyalarında isə 79,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bundan əlavə, Balaxanı qəsəbəsindəki bərk məişət tullantılarının qapalı şəraitdə yandırılması nəticəsində 223 milyon kVt/saat-a yaxın elektrik enerjisi istehsal edilib. Cari ildə biz bu həcmləri yarım milyard kilovat saat artırmaq imkanımız olacaq. Növbəti illərdə isə “yaşıl enerji” mənbələri istifadəyə verildikcə, onun enerji istehsalındakı xüsusi çəkisi də artmalıdır.

Neft-qaz statistikası

Onu qeyd edim ki, Azərbaycan ənənəvi enerji daşıyıcıları içərisində artıq karbon emissiyalarının azaldılmasına görə kifayət qədər töhfə vermiş ölkələr sırasındadır. Çünki Azərbaycanın neft hasilatı zirvə nöqtəsinə 2010-cu ildə çatıb və 13 ildən çoxdur ki, azalma baş verir və bundan sonra da bu xətt inkişafda olacaq. Rəsmi statistikaya görə, 2010-cu ildə ölkəmizdə 50,7 mln ton əmtəəlik neft hasil edilmişdisə, 2023-cü ildə bu göstrərici 30,1 mln tona qədər azalıb.

Təkcə son bir ildə Azərbaycanda neft hasilatı 2,4 milyon tondan çox azlıb. Yəni deməyim ondan ibarətdir ki, karbon emissiyalarının tullatısının azaldılması üçün karbohidrogen mənşəli enerji daşıyıcılarının azaldılmasına ehtiyac var.
Bu yerdə sual edə bilərsiniz ki, axı Azərbaycanda sözügedən dövrdə qaz hasilatı da artıb? Onda necə olsun? Əgər 2010-cu il göstəriciləri ilə 2023-cü ildə hasil edilmiş əmtəəlik qaz göstəricilərini müqayisə etsək, həqiqətən də artımın 19,7 milyard kubmetr olduğunu görərik.

Neft hasilatının 20,6 mln ton azalması fonunda neft ekvivalenti ilə qazın artımı sanki biri birini tənzimləyib. Amma bir fərq var, o da keyfiyyət fərqi. Həcmlər təqribən eyni olsa da, amma qaz atmosferin çirkləndirilməsi baxımından neftdən xeyli ekoloji təmiz xammal hesab edilir. Bu baxımdan da təbii qaza inkişaf etmiş ölkələrdə ekoloji baxımdan aralıq təmiz yanacaq kimi baxılır.

Fransa şirkətlərinə qadağa

Bu həftə Azərbaycanın qazı, önəmli bir qaz layihəsi ətrafında indiyə qədər görünməmiş bir hadisə yaşandı. Söhbət “Abşeron” qaz yatağı ilə gündəmə gələn Fransanın enerji nəhəngi “TotalEnergies”dən gedir.

Yanvarın 17-də Fransa Senatı qəfildən ötən ilin sentyabrında rəsmi Bakının Qarabağda antiterror tədbirləri keçirməsi ilə əlaqədar Parisin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi çağırışının əks olunduğu qətnamə qəbul etdi. Düzdür, bu, bu tövsiyyə xarakteri daşıyan bir qərar olsa da, Azərbaycanla münasibətlərdə “qırmızı xətt”in keçilməsinə edilən ən böyük cəhddir.

Ertəsi gün isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan hökumətinə çağırış edərək Parislə bütün iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.
Milli Məclis komitəsinin qəbul etdiyi 6 bəndlik sənədin 4-cü bəndi “Total Energies” şirkəti də daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasını tələb edir.

Həqiqətən yeni haqsızlıqla üzləşmişik. Avropanın sayılıb-seçilən, Fransanın isə enerji nəhəngi olan “TotalEnergies” şirkəti 350 milyard kubmetr ehtiyatı olan bir yataqda bizim əsas tərəfdaşımız ola-ola çıxartdığı hər min kubmetrə görə quyu ağzındaca Azərbaycan Dövlət Neft Şirkətindən pulunu almasına baxmayaraq, Yelisey Sarayında bilə-bilə ki, Totalın Fransa büdcəsinə ödədiyi vergidə Azərbaycandakı fəaliyyətinin də payı var və bundan sonrakı illərdə bu qazanc artacaq, yenə də Azərbaycana qarşı yürütdükləri siyasəti isə heç cürə dəyişmək istəmirlər.

Bu, haqsızlıqdır, özü də böyük haqsızlıq. Özü də bu hal o zaman baş verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu hadisədən düz 1 həftə əvvəl yerli TV-lərə müsahibəsi zamanı “Abşeron” layihəsinin uğurlarından söz açmış, onun gələcək perspektivlərinə toxunmuş, yatağın İkinci Mərhələsinin işlənməsi üçün vacib olacaq Yekun İnvestisiya Qərarının anonsunu etmiş və Cənub Qaz Dəhlizinin genişləndirilməsi zamanı “Abşeron”dan çıxarılacaq əlavə 5 milyard kubmetr qazın əhəmiyyətindən danışmışdı.

Çox təəssüf ki, rəsmi Paris Bakının dedikləri ilə İrəvandan gələn səs-küylü sədaları ayıra bilmir, ya da istəmir. Və onu da qəbul etmək istəmir ki, dünya üçün qarmaqarışıq səs-küylə qazın enerjisi arasında böyük fərq var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO