AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

Hazırda oxunan: AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

599225

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son günlər hakim qərarları ilə bağlı yaranmış müzakirələrə münasibət bildirib.

Bizim.Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə futbolunun ali idarəedici orqanı fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir.

Bildirilib ki, AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.

Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılan islahatların da məhz bu prinsiplərin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurlarının beynəlxalq təlimatlara uyğun icra olunduğu, proseslərin institusional əsaslarla daha da təkmilləşdirildiyi diqqətə çatdırılıb.
 

Açıqlamada o da xatırladılıb ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün üç dəfə rəsmi müraciət etmək hüququna malikdir. Qurum bu mexanizmin şəffaflığın artırılmasına və sualların institusional qaydada cavablandırılmasına xidmət etdiyini bildirib.


AFFA bəyan edib ki, son günlər “Neftçi” PFK tərəfindən Misli Premyer Liqasının 2025/2026 mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılıb.

Yaranmış vəziyyətdə spekulyativ məlumatların dövriyyəyə buraxılmasının və ictimai rəyə təsir cəhdlərinin qarşısını almaq məqsədilə Hakimlər Komitəsinin klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu vurğulanıb.

Qurum bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət etdiyini, təqdim olunan epizodların detallı təhlilinin aparılacağını və mövcud sualların cavablandırılacağını bəyan edib.

Sonda AFFA bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO