Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilib. Bu barədə Bizimyol.info saytına vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi şikayətdə, Pərviz Həşimli barəsində çıxarılmış hökmün ləğv edilməsi və bəraət verilməsini istəyib.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıblar. Ona qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib.































































































