Sinay yarımadasının cənub hissəsində arxeoloqlar üzərində qədim qayaüstü təsvirlər olan bir qaya aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu rəsmlərin yaşı 10 min ilə çatır.
Bizim.Media xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb və tapıntını “açıq səma altında təbii muzey” adlandırıb.
Umm-İrak yaylasının şərq yamacında yerləşən və uzunluğu 100 metrdən artıq olan qaya örtüyü oyma və çəkilmiş təsvirlərlə zəngindir. Burada heyvan fiqurları, ov səhnələri, silahlı insan təsvirləri, müxtəlif simvollar, həmçinin ərəb və nabati dillərində yazılar yer alır. Bu sənət nümunələri tarixöncəsi dövrdən (təxminən 10 min ildən 5,5 min il əvvələ qədər) başlayaraq daha sonrakı mərhələlərə qədər müxtəlif dövrlərə aiddir.
Mütəxəssislərin fikrincə, bu kəşf Sinay ərazisində bir-birini əvəz etmiş sivilizasiyalar haqqında “yeni məlumatlar əldə etməyə” imkan verir. Arxeoloqlar vurğulayırlar ki, Umm-İrak yaylası minilliklər boyu burada yaşamış əhali üçün müşahidə, toplanma və istirahət məkanı olub.
Qədim Əsərlər üzrə Ali Şuranın baş katibi doktor Hişam əl-Leysi Umm-İrak yaylasını son dövrdə aşkar edilmiş qayaüstü incəsənət obyektləri arasında ən mühüm məkanlardan biri adlandırıb.
O bildirib ki, təqdim olunan petroqliflərin xronoloji və texniki zənginliyi bu yaylanı tarixöncəsi dövrdən başlayaraq islam dövrünədək insanın bədii və simvolik dilinin inkişafını əks etdirən unikal açıq səma muzeyinə çevirir. Əl-Leysinin sözlərinə görə, bu da abidəyə xüsusi elmi dəyər qazandırır.

Bizim.Media































































































