Avropa İttifaqı növbəti dəfə korrupsiya qalmaqalı ilə üz-üzə qalıb. Belə ki, Avropa İttifaqının diplomatik strukturlarında genişmiqyaslı korrupsiya araşdırması aparılır.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqında KORRUPSİYA QALMAQALI – Ardıcıl həbslər başladı
Bu araşdırmalar fonunda Avropa Xarici Fəaliyyət Xidməti (ЕEAS), həm də Brügge şəhərindəki Avropa Kolleci istintaq tədbirlərinin hədəfinə çevrilib.
Avropa Prokurorluğunun (EPPO) bildirdiyinə görə, əməliyyatlar həm EEAS-ın Brüssel qərargahında, həm də Avropa Kollecinin Brügge kampusunda, eyni zamanda, şübhəlilərin yaşayış ünvanlarında keçirilib.
Ehtimallara görə, ЕEAS əməkdaşları 2021-ci ildə gənc diplomatlar üçün 10 aylıq təlim proqramı üzrə tenderin seçim meyarlarını qanunsuz olaraq Avropa Kollecinə ötürüb. Hansı ki, həmin tender nəticəsində Kollec 654 min avro məbləğində vəsait əldə edib.
Aparılan istintaq nəticəsində Avropa diplomatiyasının sabiq rəhbəri, Avropa Kollecinin rektoru Federika Mogerini və ЕEAS-ın keçmiş baş katibi Stefano Sannino və daha üç əməkdaş dələduzluqda şübhəli bilinərək, saxlanılıblar. Hətta mətbuatın iddiasına görə, Aİ-nin keçmiş xarici siyasət rəhbəri Josep Borrellin adı da bu qalmaqalda hallanır.
Görəsən, Aİ-də nə baş verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bəzi Aİ rəsmiləri və bir sıra qurumların adlarının korrupsiya qalmaqalında hallanması bu təşkilatları ciddi şəkildə nüfuzdan salacaq:
“İlk dəfə deyil ki, Avropa İttifaqında belə skandalların baş verdiyinin şahidi oluruq. Belə hadisələr hətta Avropa Şurasında da baş verir. Bu hallar onu göstərir ki, dünyaya dürüstlük, demokratiya, azadlıq dərsləri keçən dövlətlərin özləri belə ciddi şəkildə korrupsiya girdabına bulaşıblar. Uzun illər Aİ-də bu cür proseslər baş verir. Ermənilər bu prosesdə fəallıq nümayiş etdiriblər. Yəni bu təşkilatlar öz fəaliyyətlərini ermənilərdən, ayrı-ayrı dövlətlərdən rüşvət alıb, Azərbaycana qarşı çirkin kampaniya aparıblar”.
Deputat qeyd edir ki, Avropa təşkilatlarının bu cür çirkaba bulaşması təəssüf hissi doğurur:
“Ölkəmizi ittiham edənlərin özləri ciddi çirkab içində çabalayır. Ona görə də dürüstlük, demokratiya barədə danışmağa onların heç bir haqqı yoxdur. Baş vermiş hadisə Aİ və digər Avropa qurumlarının kəskin şəkildə korrupsiyalaşdığının bariz nümunəsidir. Bu həm də həmin qurumların deqradasiyaya uğradığının göstəricisi sayıla bilər”.
Rüfət Sultan, Bizim.Media
































































































