Gürcüstanın paytaxtında “Tbilisi İpək Yolu Forumu” işə başlayıb. Təntənəli açılış mərasimində Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə gürcü KİV-ləri məlumat yayıb.
Kobaxidzenin sözlərinə görə, “Tbilisi İpək Yolu Forumu” hər zaman və gələcəkdə də regional dialoq üçün əsas platforma olub və olacaq:
“2015-ci ildə bu forumun əsası qoyularkən məqsədimiz dialoq üçün bir meydan yaratmaq idi.
Bu gün isə forum artıq sadəcə görüş yeri deyil. O, ideyaların real layihələrə çevrildiyi məkana çevrilib.
Burada Azərbaycan və Ermənistanın iştirakı bir daha sübut edir ki, Cənubi Qafqaz ölkələrinin ortaq baxışı var. Birgə səylərlə regionumuzu sülh, sabitlik və iqtisadi imkanlar məkanına çevirmək.”
Baş nazir bildirib ki, bu gün dünya ənənəvi ticarət yollarını və təchizat zəncirlərini yenidən nəzərdən keçirir, yeni marşrutlar axtarır və bu şəraitdə əsas məqsəd sülhün təmin olunması və möhkəmləndirilməsidir.
“XXI əsrdə davamlı inkişaf üçün qarşılıqlı əlaqələrin yeni ölçülərini mənimsəmək vacibdir:
enerji dəhlizləri, rəqəmsal magistrallar və kapitalın azad hərəkəti. Bu gün keçirilən panel müzakirələri də məhz bu mövzulara — qlobal ticarətin gələcəyinə, “Orta Dəhliz”in potensialına, enerji inteqrasiyasına və rəqəmsal transformasiyaya həsr olunacaq,” — deyə Kobaxidze bildirib.
Bizim.Media