“WikiLeaks”-in yaradıcısı Culian Assanc 2016-cı ildə bildirirdi ki, OCCRP-nin araşdırmalarının arxasında ayrı-ayrı hökumətlərlə şəxsi ədavətləri olan, o dövlətləri təzyiq altında saxlamaq istəyən Qərb xüsusi xidmət orqanları və konkret dövlətlər dayanır.
Bizim.Media faktyoxla.az saytına istinadən xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” adlı analitik hesabatda qeyd edilir ki, ofşor qalmaqallarının çoxunun “P” hərfi ilə ("Panama", "Paradise", "Pandora" sənədləri "Pegasus" ) başlamasının səbəblərindən biri ABŞ-da ölkədaxili problemləri hədəfə alan, obyektiv və qərəzsiz jurnalistika kimi böyük nüfuz qazanan Daniel Elsberqin “Pentaqon sənədləri”nin rolu böyük olub. Həmin sənədlər hərbi-sənaye kompleksinin “müharibə biznesinin” ifşasına həsr edilmişdi.
“Pentaqon sənədləri” ABŞ-da ölkədaxili problemləri aşkarlayan ilk və sonuncu dosye oldu. Elə bu səbəbdən Amerika siyasi rəhbərliyi, Dövlət Departament, MKİ və demokratiya “ixracı” missiyasına xidmət edən (USAID, NED, NDI və s.) institutların qərarı ilə “araşdırmaçıların” növbəti hədəfi olaraq ABŞ deyil, yalnız xarici ölkələr seçildi.
Bir sözlə ofşorlarla bağlı sənədlər yeni hibrid təhdid texnologiyası kimi tətbiq edilməyə başladı.
Misal üçün, sonuncu ofşor - “Pandora sənədləri”nın açıqlanma məqamı strateji aspektdə ABŞ-ın Əfqanıstandan rüsvayçı gedişi ilə bağlı Bayden komandasının siyasi nüfuz itkilərinin əvəzlənməsinə xidmət edildiyi ehtimal olunur. Sənədlərlə bağlı Konqresdə təcili qətnamənin qəbulu (Konqres tarixində ilk dəfə Pandora Aktı Konqresə çıxarılıb. “Pandoranı Dəstəkləyənlər Aktı” (“Pandora Enablers” Act) qətnaməsi qəbul edilib), Qlobal Demokratiya Sammitinin keçirilməsi, burada guya “Pandora” əsaslı sanksiya çağırışları ilə müstəqil iqtidarlara təzyiq mesajlarının səslənməsi də qeyd edilən planlar sırasındadır.
Culian Assanc da “Panama sənədləri”nin ABŞ tərəfindən yayıldığını iddia etmişdi.
Bildirilirdi ki, sənədlər yayılmamışdan 5 ay öncə (iyun, 2015-ci il) ABŞ Dövlət Departamentinin məsul şəxsləri ilə Britaniya mənşəli amerikalı maliyyəçi Bill Brauder və amerikalı milyarder Corc Sorosun görüşü baş tutmuşdur. Bu səbəbdən iddia olunurdu ki, “Panama sənədləri” ABŞ Adminstrasiyasının və xüsusi xidmət orqanlarının himayəsində olan iş adamlarının sifarişi əsasında hazırlanıb və yayılıb. Əlavə edilirdi ki, bu sənədləri sızdıran ICIJ və OCCRP-nin baş sponsorları USAID, ABŞ Dövlət Departamenti, Soros Fondu, Bill Brauder və digər bu işdə maraqlı olanlardılar.
“Ofşor sənədləri”nin “jurnalistika araşdırması” adı altında tamamilə siyasi və hərbi məqsədlərə xidmət etməsi haqda kifayət qədər fakt var və onlardan bir neçəsini araşdırma boyu təqdim etmişik. Bu məqamda digər bir məsələyə keçid etmək üçün digər bir faktı da qeyd edək.
Məlumdur ki, ABŞ-da və Qərb ölkələrində maliyyə xəbərçisi (whistleblower) institutu var.
Onlar maliyyə pozuntuları ilə bağı xəbərçiliyə görə mükafatlandırılırlar. Məsələn, Amerika vətəndaşı olan Birkenfeld İsveçrədə ən nəhəng “İsveçrə Birləşmiş Bankında (Union Bank of Switzerland) çalışıb. O, “Panama sənədləri”ndəki şirkətlərlə bağlı vergidən yayınan bir sıra İsveçrə banklarını ABŞ Hökumətinə “təhvil verib”. Buna görə ABŞ Vergi Xidməti tərəfindən külli miqdarda mükafat alan Birkenfeld deyir: "Pandora və s. sənədlərin arxasında əminəm ki, CIA dayanır". Bütün bunlar ABŞ-la münasibətləri gərgin olan ölkələrə təsir etmək üçündür. Guya ABŞ-a zərər verməyən məlumatları ictimailəşdirmək düzgün deyil. Bunun sonu çox pis ola bilər”. (Swiss banker whistleblower: CIA behind Panama Papers)
Qanuni maliyyə xəbərçisi (financial whistleblower), vergidən yayınma xəbərçiliyinə mükafat alan Bernford ofşor sənədlərinin arxasında MKİ-nin durmasını əsaslandırır. O belə düşünür ki, dosyelərin iqtisadi nəticələri ən çox AB-nin daxili iqtisadi sisteminə hesablanıb. Baydenin komandası qlobal ofşor sxemlərinin yeni konfiqurasiyasını qurmağa cəhd etməklə, kapitala daha çox nəzarət etmək istəyir. Təhlilçilərə görə, ölkənin xarici borcu kifayət qədər böyükdür. Yerli və xarici zənginlərin maliyyələrini hara qoyduqlarını bilməklə, xarici ölkələrə təzyiq etmək, daxildə isə kapitala nəzarət etmək, milyarderlərə diktə etməyi asanlaşdırmaq məqsədlər sırasındadır. Məlumdur ki, ofşor zonalar arasında kəskin rəqabət gedir. Dosyelərin əsas mesajı bundan ibarətdir ki, əgər növbəti "sızıntıya" məruz qalmaq istəmirsinizsə, pulunuzu ABŞ ofşorlarında saxlamalısınız.
“Pandora sənədləri” göstərib ki, dosye strategiyasının iqtisadi nəticələri var. ABŞ-ın Şimali Dakota ştatı 1930-cu ildən dünyanın “maliyyə və ofşor cənnəti” olan İsveçrəni artıq üstələmək üzrədir. Son 10 ildə burada ofşorlardan gəlirlər 360 milyard dollar təşkil edib. (South Dakota has become one of the world's foremost tax havens-right up with the Cayman Islands, and ahead of old-fashioned Switzerland). mənbə
Bu layihənin ABŞ dövləti tərəfindən iqtisadi və siyasi şantaj silahı olmasını əməkdaşların özləri də təsdiqləyirlər.
17 mart 2016-cı il tarixində “Araşdırmaçı Jurnalistlərin Qlobal Şəbəkəsi”-nin (GIJN) saytında fəaliyyətlərini tam açıq şəkildə təqdim edən maraqlı bir məqalə - “Araşdırmaçı jurnalistika və xarici dəstək: böyük gəlirli investisiya” dərc olunmuşdur. Məqalə müəllifləri GIJN rəhbəri David Kaplan və OCCRP-in təsisçisi Endryu Sallivan idilər.
Onlar məqalədə xatırladırdılar ki, 2015-ci ildə Dövlət Departamenti və “USAID” müxtəlif xarici ölkələrə və təşkilatlara 48,6 milyard dollar vəsait xərclənib. Həmin vəsaitin çox cüzi, 0,13%-i (65,4 milyon dollar) söz azadlığı və müstəqil mətbuatın dəstəklənməsinə, 12 milyon dolları isə araşdımaçı jurnalistlərə, o cümlədən OCCRP və ICIJ ayrılıb.
Məqalə müəlliflərinin qənaətinə görə, bu vəsait çox azdır. Onlar məqalədə xatırladıblar ki, İsveç və Norveç jurnalistlərinin OCCRP ilə birgə araşdırması nəticəsində Rusiyanın “Vımpelkom” şirkətini xarici ölkə təmsilçisinə 100 milyon dollar dəyərində rüşvət təklif etməyə görə külli miqdarda cəzalandırıblar. 2016-cı ilin fevral ayında bəlli olub ki, bu şirkət ABŞ və Niderland dövlətlərinə 750 milyon dollar cərimə ödəməlidir. Oxşar araşdırmanı “The Guardian” Britaniyanın “BAE” şirkətinə qarşı aparıb və nəticədə şirkət ABŞ və Britaniya dövlətinə 400 milyon dollar ödəməli olub. Anoloji hadisə Cənubi Koreyanın 11 iş adamının başına gəlib, onlar nisbətən az 65 milyon dollarla məsələni bağlaya biliblər. Ümumi hesablamalara görə, OCCRP-nin araşdırmaları hesabına təkcə ABŞ 2,8 mlrd. dollar vəsait qazanıb. Kaplan və Sallivan hesab edirlər ki, bu vəsait ABŞ Dövlət Departamentinin araşdırmaçı jurnalistikaya etdikləri uğurlu investisiyanın geri qayıdışıdır. Müəlliflər bu yerdə yatırılan vəsaitə nisbətən gəlirin faizini də hesablayıblar: 56000 %. “Bu rəqəm “Google” və “Facebook”-un uğuruna bərabərdir” - deyən müəlliflər kuratorlarından onlara qazandırdıqları pullardan əlavə ödənişlər, yəni onlara verilən 0,13 faizi qat-qat artırmağı tələb ediblər.
Müəlliflər xüsusi qeyd edirlər ki, ABŞ-nin “Dələduzluq fəaliyyətləri haqqında informasiya Aktı”na (False Claims Act) görə, dövlət sturkturlarına dələduzluq fəaliyyəti haqda məlumat verən vətəndaşa ümumi cərimənin 15-20% verilir. Bu məqsədlə son illərdə qeyd edilən informasiyaları çatdıran vətəndaşlara 5,2 mlrd. dollar qonorar ödənilib. Amma jurnalistlərin belə bir hüququ yoxdur. Bununla da ABŞ-dən maliyyələşən bu layihələrin əməkdaşları öz rəhbərlərini şantaj edib, onlara çatacaq payı almaq istəyirlər. Onların biznes marağı bizim üçün əhəmiyyətli deyil, bu məqaləni ona görə burada xatırlatdıq ki, ABŞ-nin bu yolla digər dövlətlərin şirkətlərini, varlı şəxslərini bu yolla sifariş edib cəzalandırma mexanizmini göstərə bilək.
Bu bölməni Sorosun sifarişi ilə OCCRP-nin Hindistanda törətdiyi bir iqtisadi sabotaj faktı ilə yekunlaşdıraq. Son günlərdə yenidən alovlanan OCCRP-Adani mübahisəsinin kökü ilyarım öncəyə (fevral, 2023) təsadüf edir.
31 avqust 2023-cü il tarixində Hindistanın “India Today” saytında “Corc Soros kimdir və onu “Adani qrup” problemi ilə nə bağlayır” adlı məqalə yayımlanıb. Məqalədə bildirilir ki, “Hindenburg Research” hesabatından 7 ay sonra Corc Sorosun sponsoru olduğu OCCRP təşkilatı da Hindistanın ən böyük və imkanlı investisiya şirkəti olan “Adani Qrup”a qarşı saxta məlumatlarla dolu olan hesabat hazırlayıb. Bu hesabatların nəticəsində şirkət böyük ziyan görüb, aksiyaları dəyərdən düşüb. Bu hücumların səbəbi kimi Corc Sorosun Hindistanda həyata keçirmək istədiyi destruktiv fəaliyyətə qarşı “Adani Qrup”un rəhbəri Qautama Adaninin “ipə-sapa yatmaz” mövqeyi göstərilir. Məqalədə OCCRP və Soros əlaqələri haqda da danışılır.
Bu misalı çəkməkdə məqsədimiz OCCRP-nin sifarişlə şantajçı mövqe tutmasını bir daha göstərmək idi.
Saxta məlumatlar, dezinformasiyalar mənbəyi - OCCRP
Mütəxəssislər iddia edirlər ki, “Mega-məlumat sızıntısı” yolu ilə tirajlanan dosyelər hibrid müharibənin digər yeni aspektini üzə çıxarıb. Bu “hüquq-məhkəmə müharibələri” - analitiklərin “legal wars” adlandırdıqları sahədir. Mahiyyəti mənbəsiz, sübutsuz, böhtan xarakterli informasiya tirajlanmasına görə məhkəmələrə müraciət edən insanları “məhkəmə-hüquq” meydanına çəkməklə məğlubiyyətə uğratmaq, nüfuz itkisinə nail olmaqdır. Bu fikirləri izah etmək üçün 2 faktı xatırladırıq.
1) "Milli Məclisin deputatı Cavanşir Feyziyev tərəfindən OCCRP təşkilatının hüquqi həmtəsisçisi Paul Raduya qarşı irəli sürülən məhkəmə iddiası” faktı.
OCCRP-nin məlumatına görə, İngiltərə məhkəməsi müəyyən edib ki, məqalə Feyziyevi çirkli pulların yuyulmasında iştirak etməsini əsaslı şəkildə izah edib, lakin Feyziyev bu iddianı rədd edib. Bununla da “OCCRP komandası” ciddi maliyyə riski altına alınıb.
"Feyziyevdən bəhs olunan məqalə veb-saytımızda qalacaq”, - deyə OCCRP bildirib. Məsələnin həllinin bir hissəsi olaraq OCCRP aşağıdakı ifadənin veb-saytda yerləşdirilməsinə razılıq verib: "Cavanşir Feyziyev OCCRP saytında yayımlanan iki məqalə ilə bağlı böhtan xarakterli ittihamlar irəli sürüb”.
Məhkəmə müəyyən edib ki, bu məqalələr qanuni anlama sahibdir və onun çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinməsi üçün əsaslar var. Ancaq onun çirkli pulların yuyulmasında və ya hər hansı bir cinayət əməlində günahkar olmasına dair əsas yoxdur.
OCCRP məqalələrə cənab Feyziyevin çirkli pulların yuyulmasında və ya hər hansı bir qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə rədd etdiyi faktını əlavə etməyə razılıq verib.
2) “OCCRP-nin araşdırmasında Azərbaycanlı QHT sədri Vüqar Bayramovun adından saxta məlumatların yayılması” faktı.
2015-ci il avqust ayının 25-də 'Meydan TV'-nin veb-səhifəsində rus dilində 'Таинственная компания за короткий срок выиграла более 120 тендеров' ("Gizli Şirkət qısa müddətdə 120-dən artıq tender qazanıb ") sərlövhəli məqalə dərc olunub. Məqalə eyni tarixdə, eyni məzmun və başlıq altında ingilis dilli versiyada yayılıb. Növbəti gün, eyni məqalə Azərbaycan dilində bir sıra veb-nəşrlərdə təkrarən yayılıb, sosial mediada paylaşılıb. Müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə "Install Service LLC" şirkətinin fəaliyyəti ilə bağlı Vüqar Bayramova istinadən bəzi fikirlər qeyd edilir. Elə həmin gün Vüqar Bayramov məqalədə qeyd edilən fikirlərin ona aid olmadığını və onunla sözügedən mətbu orqanın heç zaman əlaqə saxlamadığını bildirib.
V.Bayramov Azərbaycan mediasına açıqlamasında bunları bildirmişdir: “Məqalədə "Vüqar Bayramov" adı dörd dəfə çəkildiyi halda, təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən mənim adımdan şərh yayımlanıb. Məqalədə adı hallanan şirkətlə bağlı mən nə 'Organised Crime and Corruption Reporting Project (OCCRP)' layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Belə olan halda, mənə ardıcıl olaraq istinadlar olunur. Bu bizim adımızdan sui-istifadədir və İSİM bu cür hallara qarşı mübarizə aparmaq niyyətindədir”.
V.Bayramov əlavə edib ki, sözügedən şəbəkənin (OCCRP nəzərdə tutulur-red.) Azərbaycanla bağlı öncələr də "araşdımaları" olub. Bu insident real durumu və marağı ortalığa qoydu. “Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Mənimlə əlaqə saxlanılmayıb, mövzu ilə bağlı fikrim öyrənilməyib.
Məqalənin daxilində heç bir istinad görmədik. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə "Organized Crime and Corruption Report Project (OCCRP)" əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir”- deyə, fikirlərini bildirən QHT sədri düşünür ki, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kimliyinin gizlədilməsi beynəlxalq araşdırmaçılar üçün çox ciddi bir qüsurdur.
Bu OCCRP-nin saxtakarlığının, qərəzli olmasının, təhriflərə yer verməsinin ilk və sonuncu halı deyil. Məsələn, “Azərbaycan pulyuma maşını” “Pandora sənədləri”ndə bütün çərçivələr aşılaraq, hədsiz çox saxta məlumatlara, dolğun olmayan faktlara, qondarma ittihamlara rast gəlinib. Bir neçəsini xatırladaq:
- Azərbaycanla bağlı bir məlumatda saytın rusdilli variantında 700 milyon dollar yazılsa da, ingilisdilli variantında bu rəqəm “300 milyon dollar” göstərilib.
- Güc struturlarının xaricdən avadanlıq almasını “çirkli pulların yuyulması” faktı kimi qeyd ediblər: “Bəzi pullar birbaşa Azərbaycan hökumətindən gəlib. Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi 9 milyon dollar köçürüblər.”
- Heç bir tutarlı fakt olmadan, araşdırmaçı jurnalistikanın fəlsəfəsinə yad tərzdə “Bu pul axının böyük bir hissəsinin son mənzili naməlumdur, lakin sənədlər milyonlarla dolların dünya boyunca müxtəlif şirkət və fərdlərin bank hesablarında oturduğunu göstərir”.- yazılıb
- Məntiqsiz və əsassız iddialardan daha biri: “Danimarkanın “Berlinske” qəzetinə sızan bank sənədləri Azərbaycanın hakim elitasının bunda əli olmasına əsas verir”.
- Bu araşdırmaçı jurnalistika stili deyil: “Azərbaycanın pulyuyan maşını haqda hesabatda isə deyilir ki, Baktelekomun köçürdüyü pulları haradan aldığı məlum deyil. Bunlar hökumətdən, Mərkəzi Bankdan və ya Beynəlxalq Bankdan alınan borclardır? – bilinmir.”
- Konkretlik yoxdur, daha çox saxta məlumat xarakterlidir: “2013-cü il oktyabrın 25-də Polux şirkətinin hesabından 660 min dollar məbləğində yeddi köçürmə edilib. Hesabına pul köçürülənlərdən ikisi Avropa İttifaqı lobbiçiləri olub”.
Sənədlərdə ayrı-ayrı azərbaycanlı şəxslərin adları hallansa da onların Azərbaycan rəhbərliyi ilə hər hansı əlaqəyə dair heç bir fakt göstərilmir. Əvəzində OCCRP şəbəkəsinə daxil olan media tullantılarında Azərbaycan Prezidentinin böyük ölçüdə fotoları və böhtan dolu “Azərbaycanda korrupsiya”, “pulyuma mexanizmi” haqda saxta məlumatlar yayırlar. OCCRP-nin dərc etdiyi sonuncu “Lüksemburq bankı” ilə bağlı yazı buna misaldır. Məqalədə Azərbaycan rəhbərliyinin adı bir dəfə də çəkilmir, mövzu 1991-ci ildə Fransaya köçüb getmiş Bəşirov soyadlı bir iş adamı ilə hazırda dövlət əmlakını talamağa və digər iqtisadi cinayətlərə görə həbsdə olan keçmiş bankir C.Hacıyevin birlikdə həyata keçirdikləri bank əməliyyatlarına aiddir. Amma OCCRP əvvəlki mövqeyində qalır: eyni dəst xətt, eyni tərz, eyni şantajçı yanaşma...
Təşkilatın istinad etdiyi mənbələrin (tam məxfi və lakin tam etibarlı) əksəriyyəti mütəxəssislər, araşdırmaçı jurnalistlər və fakt-araşdırıcıları tərəfindən şübhə ilə qarşılanır. Misal üçün, Azərbaycanla bağlı 1 ay öncə yayılan “araşdırmada” anti-Azərbaycan şəbəkənin fəal üzvü, qatı ermənipərəst isveçli jurnalist Rasmus Kanbək, Beynəlxalq Qırmızı Xaş Komitəsinin (BQXK) adının çəkilməsini istəməyən, məxfi əməkdaşına istinadən tamamilə saxta, uydurma ittiham irəli sürmüşdü. BQXK Azərbaycan təmsilçisi isə“kimliyi məlum olmayan mənbənin” ittihamlarını cavablandırmaqdan imtina etmişdi.
Bundan başqa, məlumat əldə edən tanınmış media təmsilçilərinin “çox qiymətli” faktları özlərinin deyil, məhz konsorsium tərəfindən yayılmasını istəmələri aydın məntiqlə izah oluna bilməz. Misal üçün, Almaniyanın “Süddeutsche Zeitung” qəzeti Panamanın “Mossack Fonseca” şirkəti ilə bağlı faktları özü yaymaqdansa, media dili ilə desək daha çox reytinq qazanmaq, oxucu toplamaqdansa, aşkar etdiyi məlumatları nədənsə OCCRP şəbəkəsi tərəfindən yayılmasını istəyir. Lakin Beynəlxalq Cinayət Məhkəməsininilk prokuroru Luis Moreno Okamponun ofşorlarda şirkətlərinin olması, prokuror işləyərkən korrupsiya hallarına yol verməsi, rüşvət alması, dəbdəbəli həyat sürməsi haqda sensassiyalı faktları aşkar etsə də məhdud çevrə üçün hazırlanırmış kimi hərəkət edir və bu mövzuya bir daha qayıtmır.
Bir detalı da xatırladaq ki, “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu”nun (ICIJ) Panamanın hüquq şirkəti “Mossack Fonseca” şirkəti ilə bağlı elan etdiyi anonsun (şantaj mərhələsi) səs-küyü, “sızan” sənədlərin açıqlanmasından (“həmlə”), mediada yayılmasından sonrakı effektə adekvat olmadı. Axı söhbət “WikiLeaks”-in rəhbəri Cullian Assanjın faktlarından ən azı 2 dəfə artıq səs-küylü araşdırmadan, 2,6 terrabaytlıq data, bank çıxarışları, müştərilərin pasportlarının sürətləri, 214 min şirkətin qeydiyyat sənədləri, Panama hüquqşünaslarının təsis etdiyi minlərlə şirkətə aid ümumilikdə 11,5 milyon sənədi əhatə edən “sızıntı”dan gedirdi.
Araşdırmaçı jurnalistlərin anonsuna görə ayrı-ayrı dövlətlərin rəhbərləri, reytinqli siyasətçilər və onların yaxın əhatəsinin, ailə üzvlərinin adına 140 şirkətin adları açıqlanacaqdı. Nəticədə nə oldu? Dünyanın qlobal problemlərinin həllinə qətiyyən aidiyyati olmayan şəxslər (İslandiyanın Baş naziri Siqmund Qannlauqsson, Argentina Prezidenti Murisio Makri, Pakistan Baş naziri Nəvaz Şərif, Səudiyyə kralı, İraqın keçmiş baş naziri Ayad Alavi və s.) və onların yaxınlarının adlarının (BMT-nin keçmiş Baş katibi Annanın oğlu Koco Annan, Bəşər Əsədin əmisi uşaqları Rami və Hafez Məxluflar, Britaniya Baş naziri Kemeronun 2010-cu ildə vəfat etmiş mərhum atası İen Kameron) açıqlanması təşkilatın araşdırmalarına münasibəti mənfiyə doğru dəyişdirdi.
Yekun: OCCRP “muckrakers”- palçıq, zibil eşənlər
Media tarixindən bəllidir ki, “araşdırmaçı jurnalistika” ölkədaxili problemləri əhatə edən bir janr kimi Amerikada yaranıb. Prezident Teodor Ruzvelt jurnalistlərlə söhbətində (1906-cı il) hər şeyi yalan və qara tonda yazanları “muckraker” (palçıq, zibil eşənlər) adlandırıb. Jurnalistlərdən narazılığını bildirmək üçün T.Ruzveltin işlətdiyi "palçıq eşənlər" sözünün taleyi uğurlu alınıb, bununla da jurnalistikada yeni cərəyan yaranıb. T.Ruzvelt bu sözu ingilis yazıçısı Con Benianın əsərinin mənfi surəti olan personajların adından götürüb. Bu personajlar “bir dəfə də olsun başları üzərindəki mavi səmaya baxmır, yalnız ayaqlarının altındakı palçığı eşməkdə” davam edirdilər. Araşdırmaçı jurnalistlər bu gün də həmin adla adlanır.
Media tədqiqatçısı Anya Şifrin (Anya Schiffrin) araşdırmaçıları “Səlibçi jurnalistlər” (Crusading journalists) adlandırıb. Sitat: “Səlibçi jurnalistlər Amerika siyasətində əsas rol oynayıb”. (Anya Schiffrin. Global Muckraking: 100 Years of Investigative Journalism from Around the World, 2014.)
Faktlarla sübut olunur ki, OCCRP
• saxta məlumatlar yayan;
• iqtisadi və siyasi sifarişlərlə şantaj edən;
• fərdi məlumatları həkk etməklə kibercinayət törədən;
• sponsorlarından asılı olan
qeyri-müstəqil, destruktiv və təxribatçı layihədir.
Bizim.Media