Fransa Prezidenti Makronun başı üzərini qara buludlar alıb. Belə ki, sentyabrın 18-də Fransa Milli Assambleyası, parlamentin aşağı palatası, solçu “İtaətsiz Fransa” partiyasının təklif etdiyi prezident Emmanuel Makronun impiçmenti barədə qətnaməni müzakirəyə çıxaracaq.
Qətnamə Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanır və prezidentin vəzifələrini pozduğu halda onun ali postdan uzaqlaşdırılmasını nəzərdə tutur.
MÖVZU İLƏ BAĞLI:
Makron çətin durumda: Parlamentdə istefası TƏLƏB OLUNACAQ
Sənədi “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputat, o cümlədən “Ram edilməz Fransa”nın 72 nümayəndəsi, həmçinin “Yaşıllar” və “Sol Demokratlar və Respublikaçılar” qrupunun bəzi deputatları dəstəkləyib.
Qətnamənin qəbulu barədə qərarı aşağı palatanın ən yüksək kollegial orqanı olan 22 üzvdən ibarət Büro verəcək. Qətnamə bu mərhələdən keçərsə, 73 deputatdan ibarət qanunvericilik komitəsində təsdiqlənməlidir. Sonra isə Milli Assambleyada üçdə ikilik səs çoxluğu (385 deputat) tələb olunacaq.
Analoji prosedurlar Senatda da davam edəcək. Lakin burada solçular azlıqdadır. Senat qətnaməni (232 səs) təsdiq edərsə, hər iki palata birgə iclasda toplanacaq. Qətnamənin keçməsi üçün ümumi iclasda 925 parlamentaridən 617-si onu dəstəkləməlidir.
Beləliklə səsvermə uğurlu olarsa, prezident dərhal vəzifəsindən uzaqlaşdırılacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Makronun istefasını tələb edən qüvvələr qanunverici orqanda kifayət qədər səsə malik deyillər:
Melanşonun rəhbərlik etdiyi “İtaətsiz Fransa” solçu bloku məsələnin muzakirəyə çıxarılmasına nail olsa da, Makronun istefaya göndərilməsi uçun Milli Assambleyada kifayət qədər mandata malik deyil. Burada Makronun partiyası prosesə mane olmağa çalışacaq”.
Həmsöhbətimiz deyir ki, sağ müxalifət də solçulara dəstək olarsa, Makronun impiçment məsələsi həllini tapa bilər:
“Sağçı müxalifət, Mari Le-Penin Xalq Cəbhəsi partiyası da sözügedən məsələdə solçu bloka dəstək olsa, hadisələrin fərqli axarda gedəcəyini istisna etmək olmaz”.
Lakin ekspert ultrasağlarla solçuların vahid mövqedən çıxış edəcəklərinə inanmır:
“Bəllidir ki, bu qüvvələr arasında ciddi və kəskin fikir ayrılıqları var. Bu həm ideoloji, həm də Fransanın Avropa Birliyindəki yeri ilə baglı məsələlərdən irəli gəlir. Bu qüvvələrə rəhbərlik edənlərdən hər biri Makrondan sonrakı Fransada iqtidara gəlmək üçün mübarizə aparırlar. Belə olan halda Makronun istefaya göndərilməsi məsələsində də ultrasağlarla solçu blok çətin ki, ümumi razılığa gələ bilsinlər. Makron və onun tərəfdarları isə mövcud vəziyyətdən istifadə edərək, bu ixtilaflardan yararlanmağa çalışacaq”.
Rüfət Sultan, Bizim.Media