“Dünya təcrübəsi göstərir ki, münaqişə tərəflərindən biri yeni, lakin güclü olmayan imkanlar əldə etdiyi təqdirdə müharibə daha da uzanır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib.
“Danışıqlar bu halda baş tuta bilər”
ABŞ prezidenti Baydenin Ukraynanın Rusiya ərazisini Amerika silahları ilə vurmasına icazə verməsini şərh edən politoloq, sülh üçün diplomatik danışıqların bu il baş tutmayacağını bildirib.
“Eyni zamanda, sülh danışıqlarına keçid potensial vasitəçilərin – Türkiyə, Serbiya və ya bir sıra postsovet dövlətlərinin fəaliyyəti sayəsində baş verəcək. Ancaq çətin ki, ən azı 2024-cü ilin noyabr-dekabr aylarına qədər həm Moskva və Kiyev, həm də Rusiya və Qərb oyunçuları arasında böhranın həllinin konkret yolları ilə bağlı ictimai danışıqlara keçid baş tutsun. Daha aktiv danışıqlar prosesi üçün şansların 2025-ci ildə görünməsi ehtimalı daha yüksəkdir”, - deyə M.Neyzmakov bildirib.
Münaqişəyə digər ölkələrin daxil olması III Dünya Müharibəsini başlada bilər.
Lakin politoloq hesab edir ki, hansısa ölkə öz bayrağı altında Ukrayna müharibəsində iştirak etməyəcək:
“Dünya müharibəsi ssenarisi adətən ən azı iki böyük dövlətin belə bir münaqişəyə cəlb olunması deməkdir. Lakin yaxın gələcəkdə Rusiya-Ukrayna münaqişəsinin birbaşa iştirakçılarının dairəsinin genişlənməsi çətin ki, mümkün olsun. Yəni, yaxın vaxtlarda çətin ki, açıq şəkildə öz bayrağı altında öz hərbi kontingentini Kiyevə və ya Moskvaya dəstək verməyə göndərəcək dövlətlər peyda olsun.
Beləliklə, yaxın gələcəkdə "Üçüncü Dünya Müharibəsi" haqqında deyil, "Soyuq Müharibənin" variasiyası haqqında, lakin daha sərt formatda danışmaq olar. Çox güman ki, yaxın gələcəkdə bu fonda Qərb dövlətləri ilə Rusiya arasında bir növ “isti-soyuq” oyunu baş verəcək, o zaman sərt bəyanatlar daha yumşaq ifadələrlə əvəzlənəcək.
Xatırlayırsınızsa, Polşanın xarici işlər naziri Radoslav Sikorski “Gazeta Wyborcza”ya müsahibəsində kifayət qədər sadələşdirilmiş formada da olsa “biz heç bir variantı istisna etməməliyik”, - deyə açıqlama vermişdi. Polşa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünə eyham vurdu, lakin bir müddət sonra ölkənin müdafiə naziri Sezari Tomçik bildirib ki, Polşa hökumətinin belə bir planı yoxdur”.
Bəs Tramp hakimiyyətə gələrsə?
Mixail Neyzmakov hesab edir ki, ABŞ-dakı prezident seçkilərində Trampın qalib gəlməsi gərginliyi daha da artıra bilər:
“Bu ilin avqust-sentyabr aylarında, yəni ABŞ-da prezident seçkiləri kampaniyası dönəmində biz daha sərt bəyanatlara şahidlik edə bilərik.
Eyni zamanda, Donald Tramp hakimiyyətə gələrsə, onun prezidentliyinin ilk mərhələsində Rusiya-Ukrayna münaqişəsi fonunda Moskva ilə Vaşinqton arasında ictimai gərginlik daha da güclənə bilər. Axı Donald Trampın siyasi üslubu son anda praqmatik danışıqlara keçmək üçün gərginliyi mümkün qədər artırmaqdır. Trampın bu yaxınlarda verdiyi “Moskva və Pekini bombalayacağıq” bəyanatını xatırlatmaq yetərlidir”.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:30 / 05.06.2024
Ukrayna savaşı sülh, yoxsa Dünya Müharibəsi mərhələsinə KEÇƏCƏK? – Rus politoloqdan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Ukrayna savaşı sülh, yoxsa Dünya Müharibəsi mərhələsinə KEÇƏCƏK? – Rus politoloqdan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Ukrayna savaşı sülh, yoxsa Dünya Müharibəsi mərhələsinə KEÇƏCƏK? – Rus politoloqdan ÖZƏL AÇIQLAMA
195782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.