ABŞ yeni planlar qurur. Budəfəki plan isə Amerika qitəsi ilə bağlıdır. Belə ki, ötən gün ABŞ Dövlət Departamenti bəyan etdi ki, Venesuelaya qarşı tətbiq etdiyi qarşı neft, qaz və qızıl hasilatı sektorlarındakı sanksiyaları aprelin 18-də bərpa edəcək.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən Venesuelanın neft-qaz sektorunda əməliyyatlara icazə verən ümumi lisenziya 18 aprel 2024-cü il tarixindən sonra uzadılmayacaq. Bundan başqa Ağ Ev Venesuelanın dövlət qızıl mədən şirkəti "Minerven" ilə əməliyyatlara icazə verən ümumi lisenziyanı ləğv edir.
Sanksiyalar niyə tətbiq olundu?
Qeyd edək ki, ABŞ Venesuelaya qarşı tətbiq etdiyi neft sanksiyalarını 2023-cü ilin oktyabrında 6 ay müddətində ləğv etmişdi. ABŞ-ın sanksiyaları yumşaltması İsrail və HƏMAS arasındakı hərbi qarşıdurmanın neft qiymətlərinə təsirini neytrallaşdırmaq məqsədi güdürdü.
Nəzərə alaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında silahlı qarşıdurmanın baş verməsi neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olmuşdu. Venesuelaya qarşı sanksiyaların dondurulması həqiqətən neft bazarındakı sabitliyə öz təsirini göstərdi.
Qısa zamanda Venesuelanın dövlət şirkəti olan PDVSA-nın ixrac qabiliyyəti artdı. Gündəlik istehsalın təxminən 200 min barel çoxaldı. Bu da ölkədəki istehsalın 25 faiz artması deməkdir.
Amma hələ oktyabrda rəsmi Vaşinqton sanksiyaların dondurulmasına müəyyən ikili razılaşma əsasında qol qoymuşdu. O zaman razılaşmanın bir şərti açıqlandı. Guya ki, Nikolas Maduro hökuməti 2024-cü ildə keçiriləcək seçkilərdə müxalifətin də iştirakına razılıq verib.
Beləcə, razılaşmaya görə 18 aprel 2024-cü ilə qədər sanksiyalar donduruldu. Yəni, elan olunan tarixə hələ 3 ay vaxt var. Ona görə də sanksiyaların bərpa ediləcəyi barədə bəyanatın bu qədər tez verilməsi müəyyən suallar doğurur.
ABŞ Venesuela üçün hansı planlar qurur?
Nəzərə alaq ki, Venesuela Amerika qitəsinin ən böyük təbii sərvətlərinə malik ölkələrindən biridir. Bu ölkədə zəngin neft, qızıl və almaz yataqları var. Amma uzun illərdir ki, ABŞ bu ölkəni tam islah edə, öz təsiri altına sala bilmir.
Bu gün Venesuelanın dost bildiyi ölkələr arasında Rusiya, Çin və hətta İran da var. Bu isə rəsmi Vaşinqtonu narahat edir. Ona görə də artıq uzun illərdir ki, ABŞ birbaşa Venesuelaya qarşı sanksiyalar tətbiq edir. Bu addımını da ənənəvi olaraq insan haqlarının və demokratik prinsiplərin pozulması kimi təqdim edir.
Amma hər kəsə aydındır ki, iqtisadi sanksiyalar dövlətdən daha çox xalqa zərbə vurur. ABŞ-ın məlum sanksiyaları da Venesuela xalqına böyük ölçüdə zərbə vurdu. Hazırda bu ölkənin əhalisi sanksiyalar üzündən ciddi sosial sıxıntı yaşayır.
Sanksiyalar siyasi hakimiyyətə yox, xalqa qarşı hesablanmış bir addımdır.
Digər tərəfdən, sanksiyalar hesabına ABŞ nə Venesuelada, nə Rusiyada, nə də ki, Suriyada siyasi hakimiyyətin sonunu gətirə bilməyib. Amma həmin ölkələrdəki əhalinin sosial durumu təsəvvür edilməyəcək qədər pisləşib. Ona görə də ABŞ-ın və bütövlükdə Qərbin sanksiya siyasəti insanlığa və ədalətə qarşı yönəlik bir addımdır. Bu sanksiyalarla Qərb xalqı hakimiyyətə qarşı qalxmağa təhrik edir:
“Əks təqdirdə sizi quru çörəklə sınağa çəkəcəyik”.
Təbii ki, bu cür təzyiq metodu ədalətsiz olduğu qədər də səmərəsizdir.
Sanksiyalardan ABŞ daha çox iqtisadi maraq güdür
Yada salaq ki, ABŞ Venesuelaya qarşı sanksiyaları HƏMAS-İsrail müharibəsi başlayandan sonra dondurdu. Çünki bu müharibə dünyanın neft bazarını əsaslı şəkildə silkələyə bilərdi. Bundansa ən çox ziyan görə biləcək dövlətlər ABŞ-ın Avropadakı müttəfiqləri olacaqdı.
Məhz öz maraqları üçün Ağ Evdəkilər sanksiyaları dondurdu. Və bu zaman Venesueladakı sadə xalqın demokratiya və insan hüquqlarından “əziyyət çəkdiyi” yaddan çıxdı. Üstəlik, ABŞ Dövlət Departamenti dünənki açıqlaması ilə Nikolas Maduro hökumətinə mesaj verir ki, “bax, özünü yaxşı aparmasan, qapını istənilən vaxt bağlaya bilərik”.
Bu cür gizli mesajlarda isə xalqın demokratikləşməsi və müxalifətin seçkilərə qoşulması heç vaxt nəzərə alınmır. Dövlət Departamentinin istədiyi Venesuela xalqının azad, müstəqil və firavan yaşaması deyil. Onların əsas hədəfi Nikolas Maduronu islah elmək və onu öz qulluqlarında görməkdir.
Belə olmasa idi sanksiyalar formal olaraq Venesueladakı seçkilərə qədər dondurulardı. Amma Ağ Evdəkilər seçkiləri gözləmək fikrində deyil. Bu da onunla bağlıdır ki, Nikolas Maduro Vaşinqtondan gələn hansısa göstərişi icra etmək istəməyib və yaxud icra edə bilməyib. Ona görə də Maduroya bu cür xəbərdarlıq edilib.
Bu cür çirkin oyunlar Qərb siyasətinin mahiyyəti və gündəlik fəaliyyət tərzidir. Yəni bütün sanksiyalar və müharibələr kiçik ölkələrin dövlət və milli maraqları üçün yox, böyük dövlətlərin korporativ istəkləri üçündür. Ona görə də ola bilsin ki, ABŞ Venesuelaya təkcə xəbərdarlıqla kifayətlənməsin. Növbəti münaqişə ocağı bu ölkədə ola bilər. Çünki ABŞ Ukrayana və Qəzza bölgəsindəki hadisələrdən öz qazancını götürdü və növbəti hədəf axtarışındadır.
Surxay Atakişiyev, Bizim.Media