ATƏT-dən Türkiyəyə qarşı QƏRƏZLİ YANAŞMA – Təşkilat niyə demokratik seçkiləri qaralamağa çalışır?

ATƏT-dən Türkiyəyə qarşı QƏRƏZLİ YANAŞMA – Təşkilat niyə demokratik seçkiləri qaralamağa çalışır?

Hazırda oxunan: ATƏT-dən Türkiyəyə qarşı QƏRƏZLİ YANAŞMA – Təşkilat niyə demokratik seçkiləri qaralamağa çalışır?

136486

Mayın 14-də Türkiyədə keçirilən Prezident seçkiləri bütün dünya üçün əsl demokratiya nümunəsi oldu. Türk xalqının demokratik ruhu və seçki mədəniyyəti hər nə qədər uğurlu örnək sayılsa da, buna qarşı etiraz səsini qaldıranlar da olu.

Xüsusilə də, Qərb yenə də öz simasını göstərdi, əsl mahiyyətini bir daha ortaya qoydu. Şəffaf, demokratik şəraitdə və insidentsiz keçən 14 may seçkiləri ilə bağlı qərəzli mövqe sərgilədi. 

ATƏT-in növbəti qərəzi

Belə ki, ATƏT-in qısamüddətli missiyası Türkiyə seçkiləri ilə bağlı ilkin hesabatını açıqlayıb. Hesabatın baş hərfindən son nöqtəsinə qədər səslənən bütün fikirlər əsassız, qərəzli və qeyri-obyektiv xarakterlidir.

Qeyd edək ki, bu hesabatın hazırlanmasına seçkidən əvvəl başlanılıb.

Hesabata nəzər salanda heç bir əsaslandırılmış fikrə rast gəlinmir. Əksinə, gözdənsalma prosesinin mərkəzləşdirilmiş qaydada aparıldığı açıq-aydın hiss olunur.

Məsələn, Müşahidə missiyasının rəhbəri Maykl Georg Link, AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersen “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini” iddia edirlər. 

Lakin, Avropalı müşahidəçilər bu “arqument”in təsdiqi üçün hansısa namizədlərin və yaxud müxalifətin hər hansı bir rəyini nümunə kimi göstərmirlər. Müdaxilənin kimlər tərəfindən edildiyi fikri də heç bir konkret fakta söykənmir.   

90 faizlik seçici fəallığı niyə ATƏT-in xoşuna gəlmir?

Bundan başqa ATƏT və AŞPA nümayəndələri seçici aktivliyinin 90 faiz civarında olduğu seçkilərdə, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyi”ni  deyir. Maraqlıdır ki, Qərbi Avropanın hansı ölkəsində 100 faizlik seçici fəallığı sonuncu dəfə nə zaman qeydə alınıb? 

“Ən demokratik” kimi qəbul edilən seçkilərdə seçici fəallığı heç 80 faizi keçmir. Amma Türkiyədəki 14 may seçkilərində seçici fəallığı 90 faiz ətrafında idi. Əgər seçicilər səsvermədə çətinlik çəkibsə, bu 90 faiz haradan formalaşıb? 

Qərbli müşahidəçilər sən demə “seçki prosesinə” müdaxilələr də “aşkarlayıb”.

Bəs, hansısa müdaxilə olubsa, onda niyə ilk turda qalib müəyyənləşmədi? Niyə ikinci tur oldu? Niyə müxalifət namizədi iqtidarın namizədindən vur-tut 4 faiz geri qaldı? Ən əsası belə hallar olubsa, onda müxalifət niyə bu iddiaları səsləndirmir?

Göründüyü kimi, qərbli müşahidəçilərin bir “arqumenti” ortaya onlarla cavabsız sual çıxarır. Ən maraqlısı da odur ki, müxalifət namizədləri Kamal Kılıçdaroğlu, Sinan Oğan və onların tərəfdarları seçkilərin nəticələrini bayram elədiyi bir vaxtda Qərb müşahidəçiləri bunun tam əksini söyləyirlər. Əgər seçkilərə müdaxilə olubsa onda müxalifət niyə bu qədər səs toplayıb? 

14 mayda kimlərin söz və iradə azadlığı pozulub?

Beynəlxalq müşahidəçilərin daha bir iddiası ondan ibarətdir ki, “toplaşmaq, birləşmək və ifadə azadlığına qarşı davam edən məhdudiyyətlər bəzi müxalif siyasətçilərin və partiyaların, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin və müstəqil medianın iştirakına mane olub”. Çox bəsit və hətta gülməli iddiadır. Məlum olduğu kimi seçki marafonunda müxalifət bütün şəhərlərdə çoxsaylı aksiyalar keçirdiblər. Və bu aksiyalarda özlərinin dediyi kimi yüz minlərlə seçici iştirak edib. 

Müxalifətin-seçkidə birbaşa maraqlı olan tərəfin bu açıqlamaları qarşısında ATƏT müşahidəçilərinin “aşkar” etdikləri “toplaşmaq azadlığına məhdudiyyətlər qoyulması” “fakt”ı çox qərəzli görünmür ki? Məşhur filmdə deyildiyi kimi “oğlan razı, qız razı”. Hətta “Əhməd də razıdırsa” onda Qərb nədən narazıdır?

Qərb yenə də azad seçkini yox, terroru dəstəkləyir

Qərbli müşahidəçilər onu da iddia edir ki, seçki prosesində "maneələrlə üzləşən müxalif siyasətçilər" olub. 

Burada isə vəziyyət bir qədər fərqlidir. Çünki, bəzi “müxalifərçi”lərə münasibət Türkiyədə başqa cürdür, Avropada başqa cür. Hansısa terror dəstəsinin liderinin və aktivistinin fəaliyyətinə Türkiyə xalqı dövlətin təhlükəsizliyi və milli maraqlar prizmasından baxır. Qərb isə bu terrorçulara və dağıdıcı qüvvələrə öz maraqları rakursundan boylanır. 

Ona görə də belə “arqumentlər” hər zaman mübahisə mövzusudur.

Müzakirə mövzusu isə odur ki, seçkidə iştirak edən hakim və müxalif ittifaqlarının heç biri bu günədək seçkilərə hansısa müdaxilənin olması faktını söyləməməsidir. 

Qeyd edək ki, 14 may seçkilərində parlamentə iqtidar partiyası olan AKP 2018-ci il seçkiləri ilə müqayisədə 28 mandat itirib, müxalifətçi CHP isə 23 mandat daha çox qazanıb. Prezident seçkilərində isə iqtidarın namizədi qəti qələbə qazanmayıb və cüzi üstünlük əldə edib. Beləcə, Böyük Millət Məclisində çoxfikirli bir ortam formalaşıb. 

Prezidentin kim olacağı isə mayın 28-də bilinəcək. Belə bir vəziyyətdə ATƏT-in hesabatının çox qərəzli və göstəriş əsasında hazırlandığı aydın olur. Bunda isə qeyri-adi heç nə yoxdur. Çünki, Qərb demokratiyanı yaratmır. Qərb demokratiyaya özünün dəyənəyi kimi baxır. 

Və Qərbi Avropa ölkələrindən başqa digər ölkələrə qarşı bu zaman-zaman “demokratiya dəyənəyi” kimi istifadə olunur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO