44 günlük Vətən müharibəsində 27 jurnalist və televiziya işçisi döyüşüb. Onlardan 2-i yaralanıb, biri isə şəhid olub. Şəhid olan həmkarımızsa Qurbanov Davud Tariyel oğludur.
Davudun şərəfli ölümünə qədər çox qısa və sadə tərcümeyi-halı var. 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub.
2013-cü ildə Bakı şəhər Binəqədi rayon Rizvan Pirnəzərov adına 299 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat Proseslərinin Avtomatlaşdırılması" fakültəsinə daxil olub. 2017-ci ildə ildə isə həmin Universiteti bitirərək əmək fəaliyyətinə başlayıb. İlk iş yeri “Space” televiziyası olub. Sonra "Atv" telekanalında çalışıb. Və 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddətdə kiçik çavuş, sonradan çavuş rütbəsinə yüksəlib. Ordudan tərxis olunmasına bir neçə gün qalmış 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ savaşı başlayıb.
Təbii ki, minlərlə Vətən oğulu kimi Davud Qurbanov da hərbi xidmətini ön cəbhədə davam etdirib. Neçə-neçə qanlı döyüşlərə qatılıb.
Çox hünər göstərib. Hər zaman sinəsini Vətən torpağına, arxasını xalqına söykəyib. Və sonda da bu Vətən torpağını qucaraq dünyaya əbədi olaraq gözlərini yumub. 2020-ci ilin oktyabr ayının 3-də Davud Qurbanov şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunması uğrunda" medalları ilə təltif olunub.
Şəhidin anası Qənirə Hacıyeva Davudun çox vətənpərvər olduğunu söyləyir:
"Həmişə deyirdi ki, mən qəhrəman olacam. Bayrağı yazı stolunun üstünə asmışdı. Onunla telefonla danışanda dedim ki, sənin bayrağını yuxarı qaldırmışam, pəncərədən asmışam. Dedi ki, as, ana, bizim bayrağımız həmişə yuxarıda olmalıdır. Mən Qələbə ilə gələcəm, siz mənimlə fəxr edəcəksiniz. O, çox düşüncəli uşaq idi. Davud ölməyib, o, ancaq şəhid olub. Davud özü də mənə həmişə deyirdi ki, ana, şəhidlər ölmürlər, şəhidlər yaşayırlar".
Şəhidin atası Tariyel kişi isə deyir ki, oğlu Suqovuşanın işğaldan azad olunması üçün aparılan əməliyyatlarda iştirak edib:
"Oktyabrın 2-də zəng etdi. Mənimlə, anası ilə, qardaşı ilə danışdı. Dedi ki, narahat olmayın. Fəxrlə dediyi son sözü də bu oldu ki, “ata, mənimlə qürur duyacaqsan”. Biz Davudla fəxr edirik. Fərx edirik ki, bu şanlı Qələbədə Davudun da payı var".
Davud Qurbanov cəmi 24 il yaşadı. Çox arzuları açmamış soldu, çox planları ömrü kimi yarımçıq qaldı. Tək bir arzusu çin oldu: Vətənə və millətə ən layiqli övlad, onu tanıyanların və sevənlərinin fəxri oldu. Vətənin müdafiəsinə vətəndaş kimi yollansa da geriyə Vətən Daşı kimi döndü.
Allah rəhmət eləsin!
Daha ətraflı aşağıdakı videoda:
Surxay Atakişiyev, Bizim.Media