Paytaxtın Nəsimi rayonundakı 9 saylı orta məktəbin həyəti hər gün zibil tullantılarının yandırılaraq ləğv edildiyi məkana çevrilib.
Bu barədə Moderator.az-ı ətraf
ərazidə məskunlaşan sakinlər məlumatlandırıb. Vətəndaşların bildirdiyinə görə,
hər gün məktəb həyətində yandırılan ot və zibil qalıqlarının tüstüsü yüzlərlə
insanı narahat etsə də, məktəb rəhbərliyi problemin qarşısını almaq niyyətində
deyil:
"Daşınıb aparılması
gərəkən zibillərin yandırılması insanları ciddi şəkildə narahat edir. Təmiz
havaya həsrət qalan sakinlər hər gün tüstü dumanı içərisində gedib-gəlmək məcburiyyəti
qarşısında qalırlar. Tüstü isti havalardan əziyyət çəkən insanların qapı-pəncərəni
açıq saxlamasına da imkan vemir.
Məktəb həyətindəki yanğın
ərazidəki yaşıllıqlar üçün də ciddi təhlükə yaradır. Yanğın təhlükəsizliyinə
yetərincə əməl edilmədiyi üçün bu ağacların yanıb kül olmaq təhlükəsi var.
Yanğınların müntəzəmliyi
artıq elə bri xarakter alıb ki, əraziyə bələd olmayan insan məktəb həyətinin
FHN-nin poliqonu olduğunu güman edə bilər. Düşünə bilər ki, hər gün burada
yanğını dəf etməyin üsul və vasitələri məşq edilir. Biz üzümüzü Təhsil
Nazirliyinə, Təmizlik Departamentinə tutaraq bu probemin həllinə yardımçı olmaqlarını
xahiş edirik. Ümid edirik ki, bizim təmiz hava almaq, tüstüsüz, hissiz-pssız
yaşamaq hüququmuz təmin ediləcək, 9 saylı məktəbin həyəti yanğın poliqonu
olmaqdan çıxaraq təyinatı üzrə istifadəyə cəlb ediləcək".
































































































