“Avaralıqla məşğul olan” şəxsləri hansı CƏZA GÖZLƏYİR? – Sabahdan onların da sayı ARTACAQ

“Avaralıqla məşğul olan” şəxsləri hansı CƏZA GÖZLƏYİR? – Sabahdan onların da sayı ARTACAQ

Hazırda oxunan: “Avaralıqla məşğul olan” şəxsləri hansı CƏZA GÖZLƏYİR? – Sabahdan onların da sayı ARTACAQ

93624

Dilənçilik Azərbaycan qanunvericiliyinə görə cinayət məsuliyyəti yaratmır. Bu inzibati xətadır. Qanunvericilikdə dilənçilərin adı “avaralıqla məşğul olan” şəxs kimi keçir. Bununla yanaşı “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər insan alverinin potensial qurbanları sayılırlar.

Yəni insan özü dilənçilik edərkən cinayət məsuliyyəti yaratmır, amma kimlərisə dilənçiliyə məcbur etməksə artıq cinayət sayılır.

Tanınmış vəkil Abbas Quliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən “Avaralıqla məşğul olma” inzibati xəta sayılır.

Buna görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərsə xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, dilənçi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Bundan başqa yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir. Xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir”.

Abbas Quliyev onu da əlavə etdi ki, dilənçiliklə mübarizədə Azərbaycan dövlətinin pozitiv öhdəlikləri var.

“Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlət öz vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi ilə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının da təmin edilməsini ali məqsədi hesab edir. Həmçinin Konstitusiyada təsbit olunur ki, İnsan ləyaqəti qorunur və ona hörmət edilir.

Azərbaycan Respublikasının izahlı lüğətinə diqqət yetirsək görərik ki, dilənçilik etmək, yəni sədəqə yolu ilə özgədən pul və s. istəmək, daha ədəbi bir ifadə ilə anlayış versək, yalvarırcasına istəmək, özgədən nəsə ummaq kimi anlayışlar verilib”.
Maraqlıdır ki, bəzi Avropa ölkələrində dilənçilik artıq leqallaşdırılır. Məsələn, İsveçin Eskilstun şəhərində dilənçilərə lisenziya verilir.

Belə ki, dilənçilər küçələrdə insanlardan pul istəmək üçün lisenziya almalı və qeydiyyat rüsumu ödəməlidirlər. İcazə üçün dilənçilər müəyyən məbləğ ödəməli və şəxsiyyətini təsdiq edən sənədə sahib olmalıdırlar, əks təqdirdə icazəsiz dilənənlər isə cərimə edilirlər. Amma ümumilikdə, bütün dünyada dilənçilik qadağan olunmuş fəaliyyət növü kimi qiymətləndirilir.

Qeyd edək ki, son vaxtlarda paytaxtımızda xarici ölkə vətəndaşlarının dilənçilik etməsinin də şahidi oluruq. Bəs, dilənçilik edən əcnəbilər ölkəmizə hansı əsasla gəlirlər?

Bu barədə növbəti yazımızda.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO