Hicri tarixi ilə məhərrəm ayının başlamasına sayılı günlər qalıb. Yüz illər boyu məhərrəm ayında Kərbəla şəhidlərinə ehtiram əlaməti olaraq toylar və şadyanalıqlar edilməyib. Amma son illər bu məsələyə fərqli baxışlar ortaya çıxıb.
Bəs, Kərbəla müsibəti niyə baş verdi?
Məhəmməd peyğəmbərin (s.ə.v.s) vəfatından sonra Əbu Süfyanın övladlarından olan Müaviyə islam hökumətinə nüfuz edərək islam məmləkətinin ən strateji bölgələrindən biri olan Şam hakimliyini ələ keçirdi. Və o islam hökumətini tam mənada ələ keçirilmək və cahiliyyət dövrünün mürtəce adət-ənənələrinin dirçəldilməsi üçün hərəkətə keçdi.
MÖVZU İLƏ BAĞLI:
Bəzi ölkələrdə 10 gün, bəzilərində 3 gün – Əslində Ramazan bayramı neçə gün olmalıdır? – İlahiyyatçıdan CAVAB
Bu hərəkat o qədər güclü idi ki, İmam Əli (ə.s.) kimi böyük bir şəxsiyyətin xilafət dövrü bütünlükdə onunla mübarizəyə sərf olundu. İslama zidd olan bu hərəkatın əsl siması o qədər aşkar idi ki, hərəkatın liderləri belə onu gizlədə bilmirdilər.
Əbu Süfyan özünün çıxışlarının birində deyir ki, “Ey Bəni-üməyyə! Çalışın, hakimiyyəti əldən verməyin! (Top kimi bir-birinizə ötürün)! And içdiyim şeyə and olsun ki, nə cənnət var, nə də cəhənnəm!”
Yaxud Müaviyə İraq hakimiyyətini ələ keçirən zaman Kufədə öz məşhur xütbəsində demişdi ki, “Mən buna görə gəlməmişəm ki, siz namaz qılıb oruc tutasınız. Ona görə gəlmişəm ki, sizə hakim olam! Hər kəs mənimlə müxalifət etsə, onu məhv edəcəyəm!”
Hətta Yezid Kərbəla şəhidlərinin kəsilmiş başlarını görən zaman demişdi ki, “Kaş Bədr müharibəsində öldürülən ata-babalarım burada olaydı və mənim Bəni-haşimdən necə intiqam aldığımı müşahidə edəydi!”
Təbii ki, İmam Hüseyn (ə.s.) islamı təhdid edən və Yezidin hakimiyyəti dövründə özünün son həddinə çatan bu böyük təhlükənin müqabilində sakit dayana bilməzdi. Ona görə də həzrət Hüseyn (ə.s.) islamın məhv edilən dayaqlarının xilası üçün Kərbəla çölündə dinc yürüş etdi.
İslamın xilası üçün ən yaxın (73 nəfər) adamlarıyla yürüş edərək islam aləminin diqqətini baş verən mürtəce və anti-islami hərəkətlərə yönəltmək istədi. Nəticədə, həzəti Hüseyn (ə.s) və yaxın ətrafl şəhid oldu, amma bu şəhadət günündən az sonra ayağa qalxan insanlar Əbu Süfyan tör-töküntülərini süpürüb atdı.
Və islam dini xilas edildi. Ona görə də 1400 ildir ki, Kərbəla müsibəti islamın xilas günü, ədalətin bərqərar anı kimi ehtiramla qeyd olunur.
Bəs, Kərbəla müsibətinin baş verdiyi günlərdə, yəni hicri tarixi ilə məhərrəm ayında toy və yaxud şadyanalıq etmək olarmı?
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Mirili ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, “hər il bu məsələ müzakirə edilir. Amma konkret fikrə gəlinmir.
Əvvəla, onu demək istəyirəm ki, nəyə görə Məhəmməd peyğəmbərin (s.ə.a.s) dünyasını dəyişdiyi gün toy edirik, lakin məhərrəmlik ayında toy etmirik?! Və yaxud, həzrət Əlinin (s.ə) və yaxud peyğəmbərimizin digər səhabələrının ölüm günündə şənliklər keçiririk, amma İmam Hüseynin şəhadət günü toy eləməyə pis baxırıq, niyə?
Madam söhbət şəhidlərə ehtiramdan gedirsə, onda 44 günlük müharibənini baş verdiyi tarixlərdə toy eləmiyək də?! Bəs niyə sentyabr-oktyabr aylarında toy edirik?! Bilirsiniz, bu cür yanaşmalar düz deyil. İslamda hansısa ayda şadlanmamaq olmaz deyə bir şey yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media