Vətən müharibəsində iştirak edən və təxris olunan hərbçilərin hərbi geyim formasından istifadə etməsi halları hələ də müşahidə olunur. Halbuki ehtiyata buraxılmış hərbçilər hərbi geyim formasını daşıma hüququna malik deyillər.
Bəzilərinin, hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun, sui-istifadə hallarının da şahidi oluruq.
Mövzunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə davam etdirdik.
O, Bizim.Media-ya açıqlamasında dedi ki, təxris olunan hərbçilərin hərbi geyim formasından istifadə hallarına hələ də yol verilir:
MÖVZU İLƏ BAĞLI:
MN-də təxris edilənlərlə bağlı komissiya fəaliyyətə başladı
“Bununla bağlı statistika aparmamışıq. Konkret say deyə bilməyəcəyəm. Amma belə faktlar var və onlarla bağlı müvafiq tədbirlər görülür”.
Ehtiyatda olan polkovnik və hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, hərbi geyimi qanun çərçivəsində daşıma hüququna malik olanlar geyməlidirlər:
“Bu hərbi qanuna bir hörmətdir. İnanmıram ki, kimsə hərbi xidmətə, orduya, əsgərə hörmətsizliklə yanaşır. Mən elə bir insan tanımıram və hesab edirəm ki, cəmiyyətimizdə elə şəxs yoxdur. Bilsinlər ki, hərbi geyim də hərbi xidmətə olan hörmətin bir atributudur. Bunu hörmətsiz etməsinlər və məsələyə Azərbaycanda qəbul olunmuş qanunlara riayət edərək yanaşsınlar. Döyüşmüş şəxslər üçün hərbi geyim çox doğmadır. Bəlkə də hərbi formanı geyəndə özlərini döyüşdə, dostlarının yanında, o anları yaşamaqla hiss edirlər. İnsanın yaşadığı ən pik duyğular, şərəfli və qürurlu anlardır. İnsanlar bəzən bu geyimdən birdən-birə ayrıla da bilmirlər. Çünki döyüşə getdikləri bu forma qələbə uğuru, simvoludur. Hörmət mənasında hərbi geyimə yanaşanları anlayıram”.
Ekspert istənilən halda bu geyimi daşıyanların hərbi qanunlara və tələblərə əməl etməli olduğunu vurğuladı:
“Hərbi geyimin özünün tələbləri və atributları var. Bəzən hərbi geyim zamanı papaqsız, altından mülki geyim, formaya aid olmayan ayaqqabıdan istifadə olunur. Hətta bu formadan tikintidə və ya çirkli işlərdə də yararlanırlar. Bütün bunlar hərbi geyimə olan təhqir və hörmətsizlikdir. Bu geyimlə hərbçilərimiz düşmənin üzərinə atılıblar və qəhrəmanlıq səlnamələri yazıblar. Hər kəsin öz tərbiyəsi, yanaşması və hörmətinə görə hərbi formanı daşıması məqsədi də fərqlidir”.
Hüquqşünas Əsabəli Mustafayev təxris olunan hərbçilərin yenidən bu geyimə müraciət etmələrini xatirə olaraq qiymətləndirdi:
“Çoxları bu geyimi daşımaqla o günləri xatırlamaq istəyir. Bəzən bu geyimin çox olması şəhərdə əsgər sayının çox olduğuna işarə edilir. Hətta bu hərbi forma ilə karantin qaydalarını pozan şəxslərimiz də az deyil. Hələ də bu məsuliyyətsizliyi nümayiş etdirənlər var. Hansısa tədbirlərdə də bu hərbi formadan istifadə edənlərin şahidi oluruq. Hesab edirəm ki, mətbuat hərbi geyimi daşımaq hüququ olmayanları qabardaraq məsələ ilə bağlı maarifləndirmə işi aparmalıdır. Hüquq mühafizə orqanları isə formadan sui-istifadə hallarına yol verənləri məsuliyyətə cəlb etməlidir”.
Qeyd edək ki, hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə fərmanla qeyd olunur.
İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə – inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 yüz manatadək məbləğdə cərimə edilir.
Onu da bildirək ki, Müdafiə Nazirliyi bu günlərdə qeyd olunan halla bağlı xəbərdarlıq edib.
Alçina Amilqızı, Bizim.Media