Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Hazırda oxunan: Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

601346

Xəzər dənizinin Şüvəlan sahillərində ölü quşların tapılması sakinlər arasında narahatlıq yaradıb. Bu, son vaxtlar Xəzər sahillərində qeydə alınan artıq üçüncü belə hadisədir. Əraziyə baxış zamanı nümunələr götürülərək laborator analizlər aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, aparılan yoxlamalar zamanı hər hansı heyvan xəstəliyi və ya quş qripi faktı aşkarlanmayıb. İlkin ehtimallara görə, quşların kütləvi tələf olması ekoloji amillərlə bağlı ola bilər.

Vətəndaşlar arasında belə fikir dolaşır ki, kütləvi quş ölümləri dənizin İran tərəfindəki hərbi gərginlik səbəbindən kimyəvi çirklənməsi nəticəsində baş verir. Amma mütəxəssislər bildirirlər ki, əgər bu iddia doğru olsaydı, o zaman Xəzərdən bəhrələnən digər quş növləri və balıqlar da zərər görərdi. Halbuki kütləvi ölüm yalnız bir quş növü arasında baş verir.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzərin sahilində minlərlə ölü quş tapıldı – FOTO/VİDEO


Bəs onda Xəzər sahillərində baş verən bu hadisələrin arxasında əslində hansı səbəblər dayanır?

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya elmləri namizədi Əbülfəz Tağıyev Bizim.Media-ya bildirdi ki, aparılan monitorinqlərə əsasən, bu quşlar əsasən Bozyanaq batağan və Böyük batağan quşlarıdır. Bozyanaq batağan Azərbaycanda qışlayan növlərdir, amma Böyük batağan ilböyü ölkə ərazisində olur, oturaq növdür.

“Bu quşların məhv olma səbəbləri müxtəlif ola bilər. Daha çox güman etdiyimiz qida çatışmazlığı və biotop (eyni relyef, iqlimə malik olan su hövzəsində və ya quruda müəyyən mühit) yetərsizliyidir. Qida çatışmazlığı isə Xəzərdə suyun səviyyəsi ilə bağlıdır. Hazırda Xəzərin səviyyəsi enib. Əvvəllər sahilyanı sahələrdə, yəni daha dayaz sularda bunlar rahat qida tapa bilirdilər. Həm də ilin elə fəslidir ki, balıqlara az təsadüf olunur, ona görə də onları ovlamaq çətin olur”.

Ə.Tağıyev daha bir səbəb kimi bu quşların məskunlaşdığı ərazidə dənizin səviyyəsinin enməsi ilə əlaqədar qamışlıqların, xüsusən də yulğunluqların sıradan çıxmasını göstərir:

“Batağanlar artıq gecə vaxtı qamışlıqdan və kolluqdan sığınacaq kimi istifadə edə bilmirlər. Bütün günü Abşeronun soyuq küləklərinə dözməli olurlar. Buna tab gətirmək, sabit bədən temperaturunu nizamlamaq üçün bol, zəngin qida lazımdır. Bu qidalar da yox dərəcəsində olduğu üçün quşların kütləvi tələf olmasına səbəb ola bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO