Bu gün Qusar Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Aparatın məsul əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Agentliyin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin müdiri Ceyhun İbrahimov, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti qurumların rəhbərləri və sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qonaqları salamlayaraq rayonda ötən ildə istehsal olunan ümumi daxili məhsul göstəriciləri haqda məlumat verib.
Şahid Fərəməzov qeyd edib ki, respublikamızın inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biri olan Qusar rayonunda ötən ildə istehsal olunan ümumi daxili məhsulun 54%-i kənd təsərrüfatı sahəsinin payına düşür. Son 10 ildə rayonda 8500 hektardan çox yeni meyvə bağları salınmış, hazırda mövcud meyvə bağlarının ümumi sahəsi 17860 hektara çatıb.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Agentliyin sədr müavini Cəfər Məhərrəmov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Qeyd edilib ki, zərərvericinin yayıldığı bölgələrdə yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
































































































