Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır

Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır

Hazırda oxunan: Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır

600173

Ölkədə psixoloq xidmətlərinin qiymətinin bir seans üçün 100–500 manat arasında dəyişməsi psixoloji yardımın əlçatanlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə seansların davamlı xarakter daşıması və müddət artdıqca məbləğin yüksəlməsi orta və aşağı gəlirli vətəndaşların bu xidmətlərdən istifadə imkanlarını məhdudlaşdıra bilər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, müasir dövrdə dünyada psixoloqlara olan ehtiyac xeyli artıb.
 

Xüsusilə yeniyetmə və gənclər arasında elektron mühitin təsiri ilə güclənən depressiya hallarının yayılması, müxtəlif oyunlar və təsir edən firmaların rolu bu halların artmasına səbəb olur.


"Bundan əlavə, yeni həyat tərzi və qida vərdişlərindəki dəyişikliklər də psixoloji durumlara təsir edir. Nəticədə, dünya üzrə psixoloji dəstəyə ehtiyacı olan insanların sayı getdikcə artır. Hətta bəzi qərb ölkələrində ailə psixoloqları fəaliyyət göstərir və ailənin psixoloji vəziyyətini izləyərək bu istiqamətdə dəstək verirlər. Ölkəmizdə də son illərdə psixoloqlara müraciət edənlərin sayı artıb. Bu tendensiya göstərir ki, qlobal təsirlər Azərbaycanda da özünü göstərir. Uşaqlar, gənclər, yetkinlər və yaşlı nəsil də psixoloji dəstəyə ehtiyac duyur. Bu, həyatda qaçınılmaz bir prosesdir və normal qarşılanmalıdır".

Sosioloq bildirib ki, psixoloqların sayı və xidmət keyfiyyəti məsələsi problem olaraq qalır:

"Birincisi, ölkəmizdə peşəkar psixoloqlar kifayət qədər deyil. İkincisi, sabit və davamlı xidmət göstərən psixoloqların sayı da məhduddur. Müasir dövrdə onlayn şəkildə psixoloq xidməti alan və xaricdə fəaliyyət göstərən psixoloqları axtaran insanlar da çoxdur. Bu, xüsusilə Türkiyə və Avropadakı psixoloqların daha əlçatan olması və ya qiymət baxımından uyğunluğu ilə bağlıdır.

Eyni zamanda müşahidə olunur ki, bəzi psixoloqlar özlərini reklam və tanıtımla daha çox məşğul olur, insanlarla və biliklərlə işləməyə kifayət qədər vaxt ayırmırlar. Bəzən psixoloqa müraciət etmək, hətta dövlət məmuruna müraciətdən belə çətin olur. Pasiyent vaxt təyin edə bilmir, əlaqə vasitələri vasitəsilə yalnız qısa müddətli görüşlər mümkündür və bunun üçün yüksək ödəniş tələb olunur. Bu qiymətlər isə çox zaman real nəticələr təmin etmədən tətbiq olunur ki, bu da qeyri-etikdir və psixoloji olaraq pasiyentə mənfi təsir göstərir".

Onun sözlərinə görə, psixoloqların xidmətində əsas prioritet pasiyentin əhval-ruhiyyəsinin və psixoloji vəziyyətinin düzgün qiymətləndirilməsi olmalıdır.

"Əvvəlcə pasiyentin ehtiyacı müəyyən edilməli, hansı səviyyədə dəstək göstərilə biləcəyi təyin olunmalıdır. Xidmətin keyfiyyəti artdıqca ödənişlər də məqbul şəkildə tənzimlənə bilər. Belə yanaşma həm etik, həm də psixoloji baxımdan pasiyent üçün faydalıdır. Ölkəmizdə psixoloji xidmətlərin daha səmərəli və nizamlı olması üçün bu istiqamətdə ciddi ehtiyac mövcuddur", - o fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO