Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.
Sədrlik edən Zeynal Ağayev bildirib ki, bir sıra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.
Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.
Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edən vəkili ilə konfidensial görüşmək istədiyini deyib. Bildirib ki, o, sübutlara əlavə olunması üçün məhkəməyə video təqdim etmək istəyir. Qeyd edib ki, həmin video 2020-ci ildə Tovuz hadisələrindən sonra lentə alınıb. Amma videonu məhkəməyə təqdim etməzdən əvvəl ona vəkili ilə birlikdə baxması üçün şərait yaradılmasını xahiş edib.
Hakim fasilədə bunun üçün onlara şərait yaradılacağını deyib.
Təqsirləndirilən Davit Manukyan isə vəsatət verərək Ermənistanda anadan olmuş, orada yaşamış, Masis rayonunun Sayat Nova kəndində (keçmiş Zəngibasar rayonunun Aşağı Necili kəndi – red.) əlvan metallar bazasında işləmiş, sonralar isə oradan didərgin salınmış Knyaz adlı azərbaycanlının məhkəməyə şahid qismində dəvət olunmasını xahiş edib. Bildirib ki, həmin şəxsin soyadını və onunla bağlı digər məlumatları xatırlamır.
Digər zərərçəkmiş Həsənova Lalə Akif qızı ifadəsində bildirib ki, 2020-ci il oktyabrın 4-də yaşadığı Gəncə şəhəri, Nəriman Nərimanov prospektindəki evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket zərbələrinin təsirindən özü və qızı Nigar xəsarətlər alıblar, oğlu İlyasın sol qolu və barmaqları sınıb. Zərbənin təsirindən evləri dağılaraq yararsız hala düşüb.
Zərərçəkmiş Teymurov Fərid Füzuli oğlunun hüquqi varisi Teymurov Füzuli Əjdər oğlu ifadəsində bildirib ki, oğlu Fərid 2020-ci il oktyabrın 7-də Suqovuşan kəndi ərazisində itkin düşüb, onun nəşi yalnız 2021-ci il yanvarın 2-də tapılıb.
Zərərçəkmiş Kərimov Elmir Rəhim oğlunun hüquqi varisi Kərimov Rəhim Həkim oğlu ifadəsində bildirib ki, oğlu 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub.
Zərərçəkmiş Quliyev Elçin Rövşən oğlunun hüquqi varisi Quliyev Rövşən Balay oğlu oğlunun 2020-ci il sentyabrın 29-da, zərərçəkmiş Cəfərov Oruc Vaqif oğlunun hüquqi varisi Cəfərov Vaqif Mahmud oğlu övladının 2020-ci il oktyabrın 1-də, zərərçəkmiş Nağıyev Baloğlan Müdəhət oğlunun hüquqi varisi Nağıyev Müdəhət Baloğlan oğlu övladının 2020-ci il oktyabrın 5-də, zərərçəkmiş Cəfərov Təbriz İlqar oğlunun hüquqi varisi Cəfərov İlqar Qərib oğlu ifadəsində övladının 2020-ci il oktyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Suqovuşan kəndi istiqamətində açdığı atəşlər nəticəsində həlak olduqlarını bildiriblər.
Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.
Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.








Bizim.Media




























































































